12 noyabr- Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gündür

12 noyabr- Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gündür
 

Dövlətin  BAŞ QANUNUNU dövlət (məmurları) AYAQLAYIR

12 noyabr- Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gündür
 
Dövlətin qanunvericilik sisteminin əsası, ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasından 29 il keçir. 158 maddəlik BAŞ QANUNUN əsas insan və vətəndaş hüquq və azadlıqlarını içinə alan toplam 48 maddəsi (24-71-ci maddələr) bir yana, heç məhkəmə hakimiyyətinə aid tələbləri doğrulayan 9 maddəsi ( 125-133-cü maddələr), heç cəmi 5 maddəlik (147-151-ci maddələr) qanunvericilik sisteminə aid tələbləri də başda tutulmur. İcra hakimiyyəti , məhkəmə , qanunverici hakimiyyət məmurları ölkənin baş qanununu elə ayaqaltı edirlər ki, bilmirsən hakimiyyətin mənbəyi xalqdır, yoxsa məmurun cibi.
Konstitusiyanın 125-ci maddəsində yazılıb ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Edirmi? Məhkəmə icraatı elə günə salınıb ki, həqiqəti bəlirləmək yerinə, ört-basdır etmək rolunu oynayır. Bu da Konstitusiyanın 127-ci maddəsi ilə doğrulanan hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərinin gözlənilməməsindən qaynaqlanır. Hakimlər yalnız Konstitusiyaya və qanunlara tabe olmaq , işlərə qərəzsiz, faktlara əsasən, kənardan sifariş gözləmədən , tərəflərin hüquq bərabərliyinə, çəkişmə prinsipinə əməl etməklə baxmaq yerinə, bir çox hallarda faktiki olaraq qarşı yanın vəkili kimi tərəflə çəkişirlər. (?) Hətta Konstitusiya Məhkəməsi hakimlərinin də 130-cu maddə ilə bəlirlənən normaları, adını, andını pozmaları faktları yetərincədir. Azərbaycan Respublikasının Prokurorluğu da 133-cü maddə ilə üzərinə qoyulan qanunların icrasına və tətbiqinə nəzarət etməkdən imtina edir.
Konstitusiyanın 129-cu maddəsini özəlliklə vurğulamaq gərəkir: “Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.” Reallıqda məhkəmə qərarları nəinki icra olunur, əksinə, dövlətin adından çıxarılan bu qərarları borclu dövlət məmurları ciblərindən aşağıda tuturlar. Konstitusiyaya sayğısızlığa baxın, borclu ƏMDX ( Əmlak Məsələləri Dövlət Xidməti) Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011 tarixli 2 (!) qətnaməsini (1-ci dərəcəli Qarabağ əlilinə Nizami rayonu, Bəhruz Nuriyev-10 A ünvanındakı qeyri-yaşayış sahəsinin verilməsi) digər borclu Nizami RİH-in MKTB-sinin (“JEK”) saxta məktubundan (?) aşağıda tutur. Cinayət özbaşınalığı, məhkəməyə hörmətsizlik elə məhkəmənin gözü qarşısında olur. Məhkəmə 2009-cu ildə borcluların üzərinə əmlakın tələbkara verilməsini sənədləşdirmək öhdəliyi qoyub, borclular məhkəmə qərarını icra etmək yerinə, biri-birinə saxta məktublar verməklə əmlakı gah həmin ünvandakı bankın, gah rayon sakini olmayan 9 yaşlı uşağın (?), 2021-ci ildə isə ata adı olmayan (?) Türkiyə vətəndaşönın adına sənədləşdiblər. Hələ də dövlətin ən başda olan qanununun – Konstitusiyanın “JEK”-in məktubundan aşağıda olması rəsmi məktublarla bildirilir.
Konstitusiyanın 5 maddəlik “Qanunvericilik sistemi” fəslinin 149-cu (Normativ hüquqi aktlar) maddəsindənsə dövlət məmurları tam xəbərsizdirlər. Sözügedən maddənin VII hissəsində yazılıb: “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini YAXŞILAŞDIRAN, hüquq məsuliyyətini ARADAN QALDIRAN və ya YÜNGÜLLƏŞDİRƏN normativ hüquqi aktların QÜVVƏSİ GERİYƏ ŞAMİL EDİLİR. Başqa normativ hüquqi aktların QÜVVƏSİ GERİYƏ ŞAMİL EDİLMİR.” ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF), eləcə də digər filiallar, bütövlükdə bu boyda nazirlik rəsmi məktublarla bildirir ki, sosial müdafiə sisteminin baş qanunu sosial mənimsəmə, əlillərin, əhalinin sosial məhv edilməsidir. Konstitusion özbaşınalıq təfsirinə, izahına baxın, sıradan “sosial” məmur 1 BİİM-in dövlətin adından çıxardığı 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı məhkəmə qərarını 6 ildən sonra 01.04.2023-cü ildə ləğv edib ki, məhkəmənin əsaslandığı 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi 2021-ci ildən ləğv olunduğundan məhkəmə qərarı da qüvvədən düşüb.

(?) Konstitusiyanın qüvvəsi(sizliyi)ni göz önünə gətirin, şəxsin, 1-ci dərəcəli Qarabağ əlilinin  vəziyyətini pisləşdirən qanun 15 il (?) GERİYƏ şamil olunur , hələ üstəlik məhkəmə qərarı da qüvvədən salınır! (?) 20 aydır Konstitusiyaya bu ikiqat hörmətsizliyə nəinki qiymət verilir, əksinə, qanunverici , icra, məhkəmə hakimiyyəti, baş prokurorluq, ombudsman,… ƏƏSMN-in tabeliyindəki qurumların rüşvətinin Konstitusiyadan da üstün olduğunu bildirməkdən beziblər. Təsəvvür edin, BDU-nun Konstitusiya hüququ kafedrasının professoru, deputat Konstitusiyaya hörmətsizliyə “biz nə edə bilərik” ritorik sualı ilə “qiymət verir”! (?) BDU-nun  “Kommersiya hüququ” dövlət imtahan komissiyasının sədri, hüquq doktoru ƏƏSM naziri bəs niyə hüquqa, Konstitusiyaya bu kobud sayğısızlığa susur?
“Veteranlar haqqında” qanunun Tarif Şurasının qərarı ilə ləğv edilməsi özbaşınalığı da Konstitusiyanın məmurun cibindən aşağıda tutulmasını göstərir.
Yaranma gününü hər il vurğulamaqla Konstitusiya başa , qüvvəyə minmir.  Dövlətin (məmurlarının) saymadığı Konstitusiyadan nəsə (sayğı) gözləmək olar?

Məğrur Bədəlsoy

0.0258948802948