"Onu Amerika vətəndaşları seçib" - Ekspert, şərhçi 

 

ABŞ-da keçirilmiş prezident seçkisinin nəticələri dünya gündəmini silkələdi. Onun rezonansı hələ də davam etməkdədir. Çünki bu bir ölkənin daxili problemi olmaqdan çıxaraq dünyanın tarixi inkişaf yolunu müəyyənləşdirən əsas hadisələrdən biri kimi səciyyələndirilir. Yəqin ki, tarixçilər arasında belə bir populyar fikrin dərin mənası da bu reallığa söykənir: ABŞ tarixi XX əsrə qədər Amerika tarixi, XX əsrdən sonra isə dünya tarixidir.
Donalt Trampın seçkidə qazandığı qələbə artıq nağıl deyil, faktdır. Fikrimcə, bu Trampın qələbəsi, Amerika xalqının demokratik inkişafı yox, bəlkə də faciəsidir. Bu ilk növbədə Amerika seçicisinin hansı kateqoriya ilə düşündüyü haqqında aydın bir təsəvvürü ortaya qoyur. ABŞ Demokratlarının populizmə necə məğlub olmaları Respublikaçıların namizədinin güclü olması ilə deyil, onların ideoloji və təbliğat imkanlarının nə qədər zəiflədiyini göstərir. Tramp saxta yolla seçilməyib, onu Amerika vətəndaşları seçib. Demək problem seçki mexanizmində yox, seçici şüurundadır. Seçici yetkinliyində və dəyərlərindədir.
Hazırkı qələbədə Respublikaçılar heç şübhəsiz ki, əsas 2 silahdan - maliyyə və medianın gücündən bütün gücü ilə istifadə etdilər. Bu baxımdan hazırkı seçki  kompaniyası ABŞ-ın siyasi tarixində ən bahalı seçki sayılır. Seçki toplam halında 15 milyard dollardan artıq vəsaiti özünə maqnit kimi çəkməyi bacarıb. Demokratlar partiyası bu seçkiyə 2,6 milyard dollar, Respublikaçılar isə 1,5 milyard dollar xərcləyiblər. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, demokratların respublikaçılardan daha çox vəsait xərcləməsinə baxmayaraq seçkini rspublikaçıların namizədi Donal Tramp uddu.
 
D.Trampın ən mühüm maliyyə və media dəstəyi İlon Maskdan gəldi. “Twitter” sosial şəbəkəsini “X”ə dəyişən İ.Mask yeni media resursları ilə Trampın seçki kompaniyasına güc qatdı və yekunda 145 milyon dollar həcmində vəsait xərclədi.

İlon Mask - seçki sponsoru və media dəstəkçisi kimi

Texnologiya şirkətinin rəhbəri İlon Mask özünün bütün maliyyə və media dəstəyi ilə Trampı tam müdafiə etdi. Bu dəstəyin siyasi hədəfinin nədən ibarət olması haqqında mülahizə yürütməmişdən öncə İlon Maskın keçdiyi həyat yoluna dərindən nəzər salmaq lazımdır.
İlon Mask Cənubi Afrikada boya-başa çatmasına baxmayaraq 17 yaşında orta məktəbi bitirib Amerikaya gəlmək cəhdi uğursuz alınır. Nəhayət 21 yaşında Pensilvaniya Universitetinə qəbul olaraq ABŞ-a gələn yolu açılır. Gənc yaşlarından böyük pullar qazanmağa müvəffəq olur. İlk olaraq “Zip2” şirkəti ilə yola çıxır. “X.com” şirkəti ilə özünün növbəti ideyasını həyata keçirir. Kosmik səyahət ideyası onu “SpaceX”in yaratmasına təkan verir. Hətta 2001-ci ildə bu məqsədlə Rusiyaya gələn İ.Mask ballastik raket dilerləri ilə əlaqələr yaratmaq istəyi boşa çıxır. Onu Rusiyada soyuq qarşılayırlar, hətta ironik olaraq deyirlər ki, nə danışdığını özü bilmir.
Maskın başı raketlərə qarışan zaman onun mühəndisləri “Tesla Motors”un işlərinin daha irəli aparılması üzərində çalışırlar. Əslində bu şirkəti Mask yaratmayıb. Onu 2003-cü ildə Martin Ederhard və Mark Tarpening təsis edib. Bir sözlə İ.Mask rəqəmsal texnologiya sahəsində möhtəşəm biznes imperiyası yarada bilib. Hazırda o, “Forbes”in ilk pilləsində yer tutaraq dünyanın ən zəngin insanı hesab olunur və onun sərvətinin likvid dəyəri 264 milyard dollar həcmində qiymətləndirilir.
 
Müqayisə üçün deyək ki, Trampın özü  zəngin bir insandır. Onun sərvətlərinin isə likvid dəyəri 3,2 milyard dollardır. Müqayisəolunmaz dərəcədə olan sərvət fərqi olan bu iki mühüm şəxsləri bir arada tutan nədir sualı düşündürücüdür...
Tramp ABŞ kimi dünyanın təkcə demokratiya ənənəsi və dəyərləri olan bir ölkəyə yox, eyni zamanda nəhəng iqtisadi sistemə malik olan bir ölkəyə növbəti dəfə rəhbərlik edəcək. Dünyada istehsal olunan mal və xidmətlərin hər 4 dollardan 1 dolları bu ölkənin payına düşür. Ötən il (2023) qlobal ÜDM-nin 105,4 trilyon dollar təşkil etmişdi. Bunun 26 faizini və ya 27 trilyon dollarını ABŞ iqtisadiyyatı təşkil etmişdir.

Belə bir dünya iqtisadiyyatı üçün xüsusi çəkisi və dominantlığı olan ölkəyə ortabab bir adam rəhbərlik etməsi bəlkə də tarixin ironiyasıdır. Obrazlı desək,  bu çox ağır bir yükün zəif bir siyasətçinin çiyinləri üzərinə qoyulması deməkdir.  
Tramp faciəvi siyasətçidir. Heç bir uyğunluq parametrinə görə siyasətçi standartlarına cavab vermir. Bu baxımdan dünyada, o cümlədən demokratiyanı gözdən salan və qlobal demokratiya hərəkatına Trampdan çox zərbə vuran siyasətçi bəlkə də tapmaq mümkün deyil. Fikrimcə onun yaxın gələcəkdə ABŞ dövləti və demokratiya adına vuracağı zərbələr ölçüyəgəlməz olacaq.
 
İlon Maskın siyasi baxışları və marsda birbaşa demokratiya ideyası
Məlum olduğu kimi İ.Mask başqa bir dünyanın formalaşacağı ideyası üzərində baş sındıran fenomenal şəxsdir. Özünün marsda öləcəyinə ümid edən İ.Mask açıdğı cahanşümul miqyasa və cığıra görə onu Qalileylə, Edisonla, Eynşteynlə müqayisə etmək olar.
Hətta Mask marsda olacaq cəmiyyətin hansı idarəetmə forması seçiləcəyi ilə bağlı baxışlara sahibdir. O, deyib ki, o, marsda qurulacaq hakimiyyətin böyük ehtimalla nümayəndəlik deyil, birbaşa demokratiya olacağını istəyir. Yəni insanlar problemlərə birbaşa səs vermək imkanı qazanacaqlar. Onun fikrincə, birbaşa demokratiya, nümayəndəlik demokratiyasına nisbətən korrupsiya potensialını əhəmiyyətli dərəcədə azaldır.  
Bu maraqlı, həm də məntiqli yanaşma Maskın müasir ABŞ siyasətinə münasibəti haqqında sualı aktuallaşdırır. Yaxın keçmiş ekskursiya etmək, o, özünü “yarım-demokrat, yarım-respublikaçı” kimi (“Həyat, biznes, uğur və sahibkarlıq dərsləri” kitabı, 2017) təqdim edir və deyir ki, onun mövqeyi “ortadadır - sosial liberal və fiskal-konservativ.”  
ABŞ-ın ən zəngin biznes elitasının təmsilçiləri Uorren Baffet, Ceff Bezos, Mark Zukerberq, Bill Qeyts, Larri Peyc nə prezidentdirlər, nə də siyasətə gəlirlər. Bunların içərisindən Donalp Tramp yeganə şəxsdir ki, ABŞ siyasətinə “sən zənginsənsə, sən hər şeysən və sənə hər şey olar” neqativ düşüncəni gətirib. Bu əslində mütərəqqi demokratik dünyanı ABŞ demokratiyasından uzaqlaşdıran faktordur.  
 
Biz əslində hazırda  demokratik liderlərin göstərdiyi zəifliklərin populist siyasətçilər tərəfindən doldurulması tandeminə şahidlik edirik. Bu proses 2010-cu ildən başayaraq gedir. Çünki qlobal demokrtaikləşmə son 15 ilə yaxındır ki, zəifləməyə doğru kurs götürüb. Qlobal miqyasda demokratikləşmə indeksləri aşağı düşür, demokratiyaya keçid edən dövlətlərin sayı əvvəlki illərlə müqayisə azalıb.   
Populist siyasətçilərin demokratik liderlərdən önə keçməsi onların seçiciləri manipulyasiya etmək fürsəti yaradır. Və bununla populizm ön plana çıxır. İqtisadiyyat üzrə 2024-ci ilin Nobel mükafatçısı Daron Acemoğlu bu iki təsnifat arasındakı fərqi çox dəqiqliklə belə interpretasiya edib: “Qeyri-populyar totalitar təbiətli siyasətçilərin ön plana çıxması 2 amili xüsusilə qabardır. Bunun biri odur ki, demokratik boşluğu populist liderlər doldurur. İkincisi isə bu boşluğu şirkətlər doldurur. Bu isə şirkətlərin hökumətlərdən daha önəmli hala gəlməsi ilə bağlı narahatlıq yaradır.”

Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri

Mənbə: Turan.az

 

0.015088081359863