Qazaxstanın ETN universitetlərə hər il minlərlə tədqiqat qrantı verir - Dos. İlham Əhmədov 

Qazaxstanın ETN universitetlərə hər il minlərlə tədqiqat qrantı verir - Dos. İlham Əhmədov 
 

Elm və təhsil davamlı inkişafın əsas məqsədlərindən biridir. Elmi tədqiqatlar əsasında qurulan inklüziv, əlyetərli və keyfiyyətli fasiləsiz təhsil cəmiyyətin inkişafının əsas amillərindəndir. Çünki, təhsil hər bir ölkənin insan kapitalının formalaşmasına və inkişafına xidmət edir, bu isə ölkənin sosila -iqtisadi inkişafının əsasıdır. İnsan kapitalı təkcə uzunmüddətli artım üçün deyil, həm də resurs iqtisadiyyatından yüksək məhsuldar və şaxələnmiş iqtisadiyyata keçid üçün əsasdır.
Hər şey müqayisədə aydınlaşır. Elm və təhsil sahəsində real durumumuzun necə olduğunu dərk etmək üçün müqayisəli təhlillər aparmaq məqsədəuyğundur. Bu məqsədlə yaxın keçmişdə bizimlə eyni elm-təhsil məkanında və eyni inkişaf səviyyəsində olan ölkələrin elm-təhsil sahəsindəki durumu ilə öz universitetlərimizin durumunu müqayisə edək.
TDT-nın üzvlərindən olan Qazaxstan universitelərində elm və təhsilin durumuna diqqət edək, səthi də olsa bizim müqayisə aparaq. Qazaxstanda bu gün 425 elmi müəssisə var, bu qurumlarda 25 000 əməkdaş çalışır. Ölkədə hal-hazırda 162 elmi-texniki proqram reallaşır. Bu proqramlar çərçivəsində 2000 elmi layihə icra edilir. Son bir ildə 137 elmi layihənin nəticəsi kommersiyalaşıb.
Qazaxstanda 2021-2023-cü illər arasında elmə ayrılan maliyyə kəskin şəkildə artmış, 2023-cü ildə elmi-tədqiqatların büdcəsi 300 milyon dollara çatmışdır. Elmi-tədqiqatların xeyli hissəsi universitetlərdə reallaşır.
Qazaxstan universitetlərinə tədqiqatların aparılması üçün QR ETN tərəfindən ali məktəblərə ildə bir neçə min tədqiqat qrantı verilir.
Qazaxstan universitetləri dünyanın lider universitetləri deyillər. Qazaxstan universitetlərinin bəzilərinin fəaliyyətinə səthi nəzər salaq.
L. Qumilev adına Avrasiya Milli Universitetinin 25 yaşı var. Amma onun uğurları diqqət çəkir. Bu unuversitet 2024-cü ildə ümumən 650 layihə reallaşdırıb. O cümlədən, 265 qrant layihəsi reallaşdırıb!!! Bu universitetdə 2024-də 280 elmi-tədqiqat işi aparıblar. Universitetin nəzdində 31 elmi tədiqat institutu var. Universitetdə 270 proqram üzrə təhsil verilir.
Əyalət universiteti olan M. Kozyibayev adına Şimali Qazaxstan Universitetində ( ŞQU) 5 elmi mərkəz, 7 elmi məktəb, 10 elmi laboratoriya var. Bu əyalət universitetinin alimləri Qazaxstan ETN -nin maliyyəsi hesabına son 4 ildə 65 qrant layihəsi icra ediblər. Universitetin alimləri son 10 ildə 102 patent alıblar. Universitetin 20 nəfər alimi yüksək reytinqli xarici elmi jurnallarda nəşr fəallığına görə universitetdən mükafat alıblar. İldə 15-16 qrant layihəsi icra edən universitetin əməkdaşlarının xarici elmi jurnallarda nəşr fəallığı təbiidir. Maliyyələşən tədqiqatların nəticələrini xaricdə dərc etmək elə də çətin deyil.
Digər əyalət universiteti olan Toraygurov adına Pavlador Dövlət Universiteti (TOU) 8 elmi istiqamət üzrə son 3 ildə 47 qrant (ölkədaxili və beynəlxalq) və 84 patent alıb.
Baxdığımız bu 3 universitet 1 il ərzində QR ETN tərəfindən təxminən 300 qrant almışdır. Bunu ölkənin bütün universitetlərində (170 universitet) gedən elmi proseslərlə əlaqələndirsək, ölkə miqyasında nəticələri təsəvvür etsək, deyə bilərik ki, Qazaxstan universitetləri ETN-dən ildə bir neçə min qrant alırlar.
Pandemiya vaxtı dünyada vaksin yaradan 5 ölkədən birinin Qazaxstan olması heç də təsadüfi deyildi.
Təcrübə göstərir ki, universitetlərin inkişafı üçün onlara nazirlik və digər dövlət qurumları, özəl sektor tərəfindən layihələr, qrantlar, sifarişlər verilməli, bu yolla universitetlərin inkişaf yönlü problemləri həll edilməlidir.
Bizdə heç vaxt bu yöndə təşəbbüslər olmayıb. Bunun nəticəsidir ki, universitetlərimiz Qazaxstan universitetlərindən 20 il geridədir. Hələ Avropa universitetlərindən olan geriliyimizi yada salmıram. Biz bəlkə düşünürük ki, elmi-tədqiqat institutlarını AMEA-dan ayırıb universitetlərə verməklə hər şey öz-özünə həll olacaq, inkişaf baş verəcək? Təbii ki, yox. İnkişaf üçün müvafiq mexanizmlər, zəruri strategiyalar, yol xəritələri, peşəkarlıq və maliyyə lazımdır. Bu resurslar isə hələ kafi səviyyədə deyil.
Sonra da fikirləşirik ki, nə edək ki, qlobal reytinqlərdə mövqelərimiz yaxşılaşsın?
Necə olur ki, Qazaxstanın 35 universiteti QS TOP 1500-dədir? Biz isə cəmi 1-2 universitetlə təmsil olunuruq.
Təəssüf ki, bu 30 ildə TN-nin universitetlərə yönəli qrant siyasəti olmadı. Düzdür, nazirliyin və universitetlərin maliyyə fəaliyyəti hələ də şəffaf deyil. Bu halda qrantlar olarsa belə, bunun səmərəli olmasına hələ təminat yoxdur. Bu məsələlər də həllini tapmalıdır, hər şeyi “Hesablama Palatası”na həvalə etmək olmaz. Amma indiki dövrdə universitetlərin maliyyəsiz inkişafı heç cür mümkün deyil, xüsusən də ATM-nin PHŞ olmasından sonra.
Maliyyəsiz "inkişaf"ın 30 illik nəticələri göz önündədir. Bu səbəbdən 7 ildir NK tədqiqat universitetləri üçün meyarlar təsdiq etsə də, ölkədə hələ də bir tədqiqat universiteti yaranmayıb.
Universitetlər keyfiyyətli mütəxəssis hazırlığında mühüm rola malikdirlər. Ali təhsil əmək bazarı üçün mühüm əhəmiyyət kəsb edir. Onun vəzifəsi ölkədə dayanıqlı iqtisadi artımı təmin etməyə qadir ixtisaslı kadrlar yetişdirməkdir. Digər tərəfdən qlobal ali təhsildə sürətli transformasiya prosesləri gedir. Ali təhsilin məzmunu və texnologiyaları dövrümüzün rəqəmsal tələblərinə uyğun olaraq dəyişir. ATM-nin bu prosesləri uğurla reallaşdırması üçün çoxsaylı layihələr və normal maliyyələşmə zəruridir.
Universitetlərin milli inkişafda mühüm rolunu nəzərə alaraq, bu sahənin normal fəaliyyəti və inkişafı üçün proseslərin normal maliyyələşməsini daim diqqətdə saxlamaq lazımdır. Elə Qazaxstanda olduğu kimi.

Paralel.az 

0.017222881317139