Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) ədalətsilik baş alıb gedir

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) ədalətsilik baş alıb gedir
 

Bu fikri minaya düşən Əliyev Xəyyam Qəmbər oğlu deyir

Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi düşmən Ermənistanın işğalından azad edilən torpaqlarda minatəmizləmə fəaliyyət ilə məşğul olur. Orada çalışan və minaya düşən əməkdaşların şikayətinə görə, bu qurumun fəaliyyətində ciddi nöqsanlar mövcuddur.

Müsahibimiz ANAMA-da bir neçə ay fəaliyyət göstərmiş və minaya düşərək işindən ayrılmağa məcbur olmuş və aldığı kəllə-beyin taramması hələ də müalicə olunmayan Əliyev Xəyyam Qəmbər oğlu ANAMA rəhbərliyinin məsuliyyətən qaçmasından şikayətlənərək, belə deyir:

- 2023-cü il avqust ayının 28-dən ANAMA-da Mexaniki iş Dəstəsində ekskovator operatoru vəzifəsində əmək fəaliyyətinə başlamışam. ANAMA-da daxili qaydalara görə, yeni işə götürülən işçi ilə müqavilə 3 ay müddətinə bağlanır və 3 il belə davam edir. İşçinin 3 il işlədiyi tamam olduqdan sonra onunla 1 illik, 5 il sonra isə 3-5 illik müqavilələr bağlanır.

ANAMA ilə 3 aylıq müqavilə bağladıqdan sonra Ermənistan quldurlarından azad olunmuş müxtəlif bölgələrdə çalışmışam.
Bu il, yəni 2024-cü il aprelin 1-də Ağdamın Sarıcalı kəndi ərazisində zirehli ekskovatorda lşə başladım. Aprelin 2-də iş günü saat 10-05 də tank əleyhinə minanın partlaması nəticəsində zərbə dalğası məni ekskavatorun kabinəsinin yuxarısına çırpdı, başımdan aldığım zərbə nəticəsində huşumu itirdim.

Xəyyamın atası Əliyev Qəmbər isə deyir ki, 2024-cü il aprel ayının 2-də təxminən saat 15-00 radələrində oğlum Əliyev Xəyyamın minaya düşməsi barədə məlumat aldım. Xəstəxanaya çatanda oğlum Xəyyamı başını tutub, çarpayıda uzanmış vəziyyətdə gördüm. Yaxınlaşan tanımadığım bir nəfər adam mənə dedi ki, "oğlunu götür get, ayılıb, bizim köməyimiz bura qədərdir."
Öyrəndim ki, bu sözləri deyən ANAMA-nın şöbə müdiri Nofəldir. Nofəl mənə dedi ki, "oğlun Xəyyamın zədəsi çox qorxulu deyil, kəllə-beyin travmasıdır, evə götür get".
Bu zaman şöbə müdirinə dedim ki, mənə bir sənəd verin, göndəriş alıb, Xəyyamı Bakıya müalicəyə aparım. Dedi ki, verə bilmirik. Oğlum Xəyyamı götüb gəldik evə. Həmin gün gecə saat 22 radələrində əməliyyat meneceri Rəşad Nağıyev bir nəfərlə bizə gəldi və mənə dedi ki, Xəyyamı Bakıya müalicəyə aparmaq istəyirəm. Eyni zamanda Rəşad Nağıyev bildirdi ki, Xəyyamın 120 min manatdan yuxarı sığortası var, sənin heç nə etməyinə ehtiyac yoxdur, nə lazımsa özümüz edəcəyik.

Avqustun 3-də Xəyyamı hadisə yerinə - Ağdama izahat üçün çağırdılar. Qonşularımız Ramil və Rəşadla Xəyyam izahat yazmağa getdi. Bir neçə gün ağrıkəsicilərdən istifadə olundu, ağrılar nisbətən azalırdı, amma ağrılara dözə bilmirdi. Avqust ayının 4-də evə təcili yardım çağırdıq. Xəstəni müayinə edən təcili yardım həkimi mənə dedi ki, "heç sizin başınız işləyir? Kəllə-beyin travması alan adama təcili yardım nə kömək edəcək, on ciddi müalicə lazımdır?"

Xəyyam Əliyev Ağcabədi rayon Mərkəzi xəstəxanasında müalicə olunan vaxt məlum oldu ki, Rəşad Nağıyev ANAMA rəhbərliyinin işdə yol verdiyi cinayətin üstünü ört-basdır etmək üçün Xəyyamın adına iş günləri yazıb, güya Xəyyam xəstə olduğu halda işə çıxıb, əvvəl 16 gün, sonradan üst-üstə düz 113 gün bülletenlə işdən azad olub.

Xəyyam isə deyir ki, 2024-cü il avqust ayının 22-də İdarədə mənə hədə-qorxu gələrək, məcbur tələb etdilər ki, ailə vəziyyəti ilə əlaqədar olaraq işdən çıxmaq barədə ərizə yaz, əgər ərizəni belə yazmasan, səni elə maddə ilə işdən çıxaracağıq ki, bundan sonra heç bir idarə səni işə götürməyəcək. Mən isə məcbur yazdırdıqları ərizəmdə yazdım ki, mina partlayışı nəticəsində aldığım kəllə-beyin travmasından sonra vəzifəmi icra edə bilmirəm. ANAMA rəhbərliyi 2024-cü il avqust ayının 26-da tutduğum vəzifədən azad olunmağımla bağlı əmr verdi.

Mənə qarşı bu cür haqsızlıqdan sonra dövlət orqanlarına ərizə ilə etdiyim müraciətlərə heç bir cavab verilmədiyinə görə, yaranmış vəziyyətdən artıq bezmişəm, mən və ailəmiz üzülür. Mina partlayışı nətcəsində aldığım beyin-kəllə travması nəticəsində səhhətimdə yaranmış ciddi problemlərə, mənə dəyən zərərə görə, yalnız ANAMA rəhbərliyi məsuliyyət daşıyır və düşünürəm ki, onlar ölkənin qüvvədə olan qanunlarına görə, mütləq cavab verəcəklər.

Söhbətləşdi: Məğrur
Paralel.az

0.024062156677246