“COURSERA” kurslarının təşkili faydalı olacaq - Dos. İlham Əhmədov
"Düzgün suallar qoymaqla və bunun ətrafında müzakirələr aparmaqla təhsil sistemini daha sürətli inkişafa təhrik etmək olar". (E. Əmrullayev)
Məlum olduğu kimi, 4SİM bu il 10 min nəfərin, gələn il isə 200 min nəfərin COURSERA vasitəsi ilə qısamüddətli onlayn təlimini təşkil edəcək. Bu kurslar
ölkəmizdə insan kapitalının formalaşmasına və məşğulluğun inkişafına dəstək olacaq.
COURSERA kursları nədir? COURSERA kursları ən geniş yayılmış MOOC (aşıq kütləvi onlayn kurslar) kurslarının bir növüdür. COURSERA kursları 2012-ci ildə Stenford universitetinin iki professoru tərəfindən hazırlanmış eyniadlı təhsil platforması üzərindən həyata keçirilir. Bu hazırda ən geniş tanınan və populyar online tədris platformasıdır.
Dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq edən Coursera online tədris sistemi 120 təşkilatla tərəfdaşlıq əlaqələrinə malik olub 1000-dən çox kurs təklif edir və milyonlarla tələbə bu platformadan yararlanır. Coursera platformasında bütün istiqamətlər üzrə kurs tapmaq mümkündür. Kursların umumi müddəti 4-10 həftə arasında video mühazirələr, tapşırıqlar, testlər və müstəqil mühazirələrdən ibarətdir. Əlavə olaraq bəzi kurslarda istifadəçilər bir-birlərinin işlərini qiymətləndirə bilirlər. Kurslardan bəziləri istifadəçinin sorğusu vasitəsi ilə seçilə bilər, bəziləri isə fiksə olunmuş tarix əsasında keçirilə bilər. Qrup tələbələrinə əlavə olaraq forum imkanından yararlanaraq digər kurs iştirakçıları ilə öz fikirlərini bölüşdürmək imkanı yaradır.
Bildiyim qədər COURSERA ilə əməkdaşlığa universitetlər arasında ölkəmizdə ilk dəfə UNEC başlamışdır. Bu əməkdaşlıq pandemiya müddətində başladı, bir neçə yüz tələbə COURSERA kursları ilə tədris planlarında olan analoji kursları öyrənmiş və sertfikat almışdılar.
Xatırlayıram ki, bir neçə il öncə Davosda keçirilən qlobal iqtisadi forumda Azərbaycan nümayəndə heyəti ilə COURSERA şirkətinin rəhbərliyinin görüşləri olmuşdu. Bu müzakirələrdə COURSERA-nın yaratdığı onlayn kursların Azərbaycanda istifadəsi məsələləri müzakirə edilmişdi. Daha sonralar bu zəmində
4-cü Sənaye İnqilabı Mərkəzi (4 SİM) simasında bu əməkdşlıq davam etdi.
4SİM bu il 10 min nəfərin, gələn il isə 200 min nəfərin COURSERA vasitəsi ilə qısamüddətli onlayn təlimini təşkil edəcək.
4SİM təklif etdiyi kurslar Pensilvaniya Universiteti, Vaşinqton Universiteti, Google, Microsoft, Hong Kong Universiteti, London Universiteti, Vanderbilt Universiteti, Sidney Universiteti, Pensilvaniya Universiteti, Miçiqan Universiteti, Kalifornia Universiteti, IBM, Kolorado Boulder Universiteti, London İmperial Kollec, Duke Universiteti, Florida Universiteti, Yale Universiteti v.s. kimi tanınmış universitetlərin hazırladığı onlayn kurslardır.
Bu kurslar aşağıdakı modulları əhatə edir.: İşgüzar ingilis dili (Karyera inkişafı üçün ingilis dili, İşdə ümumi qarşılıqlı əlaqələr üçün ingilis dili, İngilis dilində ünsiyyət bacarıqları), Kompüter elmləri (Kibertəhlükəsizlik, Microsoft Excel, Microsoft 365 təməl bilgilər), Təhsil elmləri (Öyrətmək üçün öyrənməyin təməlləri, Universitet müəllimliyi, İnetraktiv ol: texnologiya ilə praktik tədris, ChatGPT ilə innovativ tədris, Onlayn tədris etməyi öyrənmək, Öyrənməyi öyrənmək, Akademik uğur üçün tənqidi düşünmə, Fərdi inkişaf (Ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, Uğurlu müzakirə (Təməl strategiyalar və bacarıqlar), Komanda işi bacarıqları, İş yeri üçün peşəkar bacarıqlar, Peşəkar uğur üçün yumşaq bacarıqlar, Uğurlu təqdimat, Axıcı natiqlik, Akademik uğur üçün tənqidi düşünmə bacarıqları, Kreativ düşünmə, Məntiqi və tənqidi düşünmək), Psixologiya ( İş yerində insan tipləri, Layihələrin idarə olunması, İnsan resurslarının idarəsi, Psixologiyaya giriş, Sosial psixologiya), Pozitiv psixologiya, Emosional zəka, Stres anında emosiyaların idarə edilməsi, Ekoloji elmlər (Ekologiya, Təkamül və Biomüxtəliflik, Sistem Biologiyası və Biotexnologiya) v.s. kimi kursları əhatə edir.
Bu çox yaxşı haldır ki, distant təhsil kimi mütərəqqi təhsil texnologiyasının elementləri nəhayət ki, 25 il ləngiməklə də olsa, əlavə təhsil formatında ölkəmizdə tətbiq edilir. Amma bunu təhsil nazirliyi etməli idi, özü də 20-25 il əvvəldən.
"Düzgün suallar qoymaqla və bunun ətrafında müzakirələr aparmaqla təhsil sistemini daha sürətli inkişafa təhrik etmək olar". (E. Əmrullayev)
Bu mənada ETN-ə suallarımız var:
1. COURSERA vasitəsi ilə onlayn təlimlər səmərəlidirsə, onda niyə universitetlərdə distant təhsilə 25 il qadağa qoyulub? Bu qadağanın səbəbini ETN niyə ictimaiyyətə açıqlamır?
2. Distant təhsilin 25 il qadağan edildiyi bir ölkədə COURSERA vasitəsi ilə təlim alanların sayının az vaxtda 10 mindən 200 minə (20 qat artım!) çatdırılma səbəbi nədir? Bu rəqəm təxminən ölkədəki tələbələrin sayına bərabərdir. Belə çıxır ki, ölkənin bütün tələbələri gələn il COURSERA vasitəsi ilə onlayn təlim alacaqlar? Əgər bu həqiqətən də, belə olacaqsa, bəlkə 25 ili boşuna itirdikdən sonra, gec də olsa ölkəmizdə distant təhsil sistemi yaradaq? Ziyanın yarısından qayıtmaq da xeyirlidir. Distant təhsilə ölkəmizin daim ehtiyacı olacaq. Başqa ölkələrin onlayn kurslarına ümid olan “şamsız qalar".
3. Distant təhsil pisdirsə, niyə COURSERA-dan istifadə edirsiniz, yox əgər yaxşıdırsa, niyə 25 ildir bunu qadağan edirsiniz? Bu qadağanın 25 ildə ölkədə insan kapitalının formalaşması prosesinə vurduğu ziyanı təsəvvür edirsinizmi?
4. Niyə təhsilə dair verilən suallara, qaldırılan problemlərə təhsil menecerləri heç vaxt cavab vermir, suallar ətrafında müzakirələr aparmırlar? Bəs təhsildəki problemlər belə müzakirələrdə təhlil edilməzsə, öz həllini necə tapa bilər?
Paralel.az