Vəzifəli şəxs qəzada ölmüşdü - Ailəsi 1 milyon tələb edir
2020-ci ilin noyabrında Ucarda baş vermiş və Rəşad Həsənovun ölümü ilə nəticələnmiş ağır yol qəzası ilə bağlı istintaq başa çatıb.
Paralel.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, iş üzrə Əmanətlərin Sığortalanması Fondunun sabiq şöbə müdiri, həmçinin fondun ləğv prosesində olan bank üzrə Restrukturizasiya İşçi Qrupunun keçmiş rəhbəri 1981-ci il təvəllüdlü Muxtar Muxtarov təqsirləndirilib.
Məlum olub ki, M.Muxtarov çalışdığı quruma məxsus avtomobillə işlə bağlı Bakıdan Gəncəyə yola düşüb. Avtomobildə qurumun şöbələrindən birinin müdir müavini vəzifəsində çalışan Rəşad Həsənov və digər iki vəzifəli şəxs də olub. Onlar Bakı-Qazax yolunun 217-ci kilometrliyində - Ucarın Müsüslü kəndi ərazisində qəzaya düşüblər. Belə ki, Muxtar Muxtarovun idarə etdiyi “Nissan Sunny” markalı xidməti avtomobil “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə avtomobildə sərnişin qismində olan şəxslərdən Rəşad Həsənov vəfat edib. Daha 2 nəfər isə xəsarət alıb.
Uzun vaxt aparan ibtidai və məhkəmə istintaqından sonra Ucar Rayon Məhkəməsi faktla bağlı açılmış cinayət işi üzrə hökm çıxarıb. Məhkəmə prosesində bəlli olub ki, təqsirləndirilən şəxslə R.Həsənovun ailəsi arasında barışıq əldə edilməyib.
Məhkəmədə bildirilib ki, Rəşad Həsənovun həyat sığortası olduğuna görə qəzadan sonra onun ailəsinə rəsmi olaraq cəmi 282 619 manat sığorta pulu ödənilib.
O da məlum olub ki, Rəşad Həsənovun atası Müzəffər Həsənov Muxtar Muxtarovdan müxtəlif dövlət qurumlarına şikayət edib. O, M.Muxtarovla görüşü zamanı 200 min manat ödəməyəcəyi təqdirdə şikayətçi olacağını bildirib. Mərhumun atası təqsirləndirilən vəzifəli şəxsə məbləğin 80 min manatını nağd, qalan 120 min manatı isə ayda 700 manat olmaqla ödəməyi və bu məqsədlə müqavilə bağlamağı təklif edib: “Lakin mən ona bu qədər vəsaiti ödəmək imkanında olmadığımı bildirdim. Bundan sonra Rəşadın atası hədə və şantajlarını davam etdirərək məni və avtomobildə olmuş digər 2 nəfəri də tutduracağını dedi”.
Məhkəmə prosesində müəyyənləşib ki, M.Həsənov M.Muxtarova qarşı dəymiş maddi-mənəvi zərərə görə 919 min manatlıq mülki iddia qaldırıb.
Ucar Rayon Məhkəməsinin çıxardığı hökmlə Muxtar Muxtarov Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib. Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Həmçinin sürücülük hüququ da 3 il müddətə məhdudlaşdırılıb. Cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.
919 min manatlıq mülki iddia isə sənədlərin yetərsizliyi səbəbilə baxılmamış saxlanılıb.