Ağaclar başından soyunur libaslarını 

Ağaclar başından soyunur libaslarını 
 

Etüd
Ağaclar başından soyunur yarpaq libaslarını deyə, aşağı budaqlarda hələ də yaşıllıq ilk baxdığından diqqət çəkir. Torpağın canında yaydan qalma isti, xəzan “yorğanından” özünə qoruyucu tapmışdır. Xəzəllər altında çəmənlik yaşıllığını payızın acgöz soyuğundan gizlədə bilirdi. Gördüyü mənzərənin heyranedici məftunluğunda köks dolusu həzz yaşasa da, hardasa qəlbinin dərinliyində bir nisgil də vardı. Əmin idi ki, bir az zaman ötəcək daha yarpaqlar öz sarı rəngəlirini altında gizlətdikləri yaşıllığa qoruyucu mələk ola bilməyəcəklər. Yaxınlaşan çillədöşü öz sazağının zalım əli ilə bütün kolları, ağacları sonuncu yarpağınadək lüt-üryan soyunduracaq. İndi yemişan budaqlarında civildəşən sərcələr də heç öz kibrit qarası böyüklükdə gözlərinin ucu ilə də bu tərəflərə baxmayacaqıar.
Noyabr gözəlliyinin şahanəliyində qəribə ahəng olduğunu bütün varlığı ilə duyurdu. Payızın bu dəmi sevgi və hərarətin, kədər və qəm notunda harmoniyanın olduğunu təkcə hiss etmirdi, bütün vicudu ilə elə özünü də noyabr sanırdı. Ziddiyyətli, kəmhövsələ, hərdəmxəyal, isti və soyuq, havadan belə nəm çəkib kirpiklərinin ucuna damcı-damcı qrov salan biri olduğunu özü də dərk edirdi. Bütün gördüklərini ecazkar bir melodiya dinləyirmiş kimi qulaq verib hərisliklə duyurdu.
Birdən ayaqlarının altında, yarpaqların seyrək töküldüyü yerdə moruq gördü. Yazıq moruqlar üşüyürdü. Bəlkə də sobagəldi vədəsinin şehində hər gecə yuyunduğundan, bir az da günəş şəfəqlərinin canını az isitməsindən dadsızlaşmışdı bu moruqlar. O qədər məsumluqla boynunların bükmüşdülər ki, acıdı talelərinə. Aşağı əyilib diqqətlə baxdı. Moruqların ucunda şeh damcılarını görüb, qəhərlənməyə bənzər bir hiss keçirdi. Ağlayırsız? Deyə, ancaq özü eşidə biləcək bir pıçıltı ilə dodaqlarını tərpətdi. Qara-qonur giləli moruqlar ona vurğunu olduğu öz qonur dəryalarının məsumluğunu xatırlatdı. Əli gəlib qıymırdı üzməyə. Nazik saplaqları üstə yarpaqlar üzərində qızılı rəngli nöqtələr vardı. Bu çillər uzanan gecələrin soyuğundan moruqların ürəyinə düşən xal idi.
Mən sizi necə xilas edim deyə fikirləşdi.
Noyabrı bəlkə də ona görə sevirdi ki, ilin bu çağı isti əllərin hərarətində ovunmaq, doğma çiyinə baş qoymaq qədər düşünə biləcəyi başqa bir şey keçməzdi ağlından.
O, mütləq nəsə edərdi. Yox, qıymazdı bu gözəlliyi xilas etməməyə. Him.. gör nə gəlire ağlıma… heç bu qəddarlığı edər? Yeməz, vallah dilinə də vurmaz. Bir adam ki, mürəbbə qabında nə vaxtsa bişib-qaynadılan albalıları görüb onlar üçün az qalır ağlasın, heç qıyıb bu gözəllikdə moruqları salar öz sədəf dişlərinin altına?
Üzünə xəfif təbəssüm çökdü. Fikrinə gələn elə dərhal da ağlına batdı. Çox ehtyatla moruqları dərdi. Əlində tutub şəkilini şəkdi.
- Aaa bunlar hardan?
- Çox üşüyürlər, lap tir-tir əsirlər.
- Çox gözəldilər, niyə üzdün? Kollarından ayrı salmısan
- Mən moruqları xilas edirəm
- Eeyy.. Cənab xilaskar! Sən oları analarından ayrı salıb dərmisən. Mənə də şəkillərini göndərirsən ki, bax qurbanlarımı beləcə həzlə öldürürəm
- Mən onları xoşbəxt etmək üçün…
- Nə? Sən buna xoşbəxtlik deyirsən?
- Mən onları bir cüt əkiz qonur dəryaların baxışından bəxtəvər edirəm. Bilirsən, indi onlar nə şirinlikdə oldu?
- Yeyəcəksən? Sən çox qəddarsan
- …
- Niyə susursan?
- …
-Noldu sənə? Zarafat edirdim.
- Sən heç bilirsən sərçələr şirin nəsə yeyəndə daha gözəl oxuyurlar?
- Sayaqlayırsan, nədi…
- Yox, anidən şipşirin olan moruqlar möcüzə yaratdı. Qarşımda yemişan ağacında bülbüllər nəğmə deyir.

Müəllif: Pərviz Yəhyalı 

Paralel.az 

0.025515079498291