Yazılmamış sovet qanunu: baş katiblər vəzifə başında ölməliydilər

Yazılmamış sovet qanunu: baş katiblər vəzifə başında ölməliydilər
 

Ən yeni tarix. Maraqlı faktlar.

Yazılmamış sovet qanunu: baş katiblər vəzifə başında ölməliydilər – Çazov bu barədə bəzi sirləri açıb.

SSRİ dövründə siyasi liderlərin sağlamlıq durumu ciddi nəzarətdə saxlanılıb. Yüksək vəzifələrə təyinat zamanı Kreml məmurlarının səhhətinə cavabdehlik daşıyan Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəyi mütləq şəkildə nəzərə alınıb.
Bu ənənə uzun illər davam etsə də, 1980-ci illərdən başlayaraq həkim rəylərinə ciddi reaksiya verilməyib.
Kremlin baş həkimi Yevgeni Çazov sonralar bu məsələyə belə aydınlıq da gətirib:
“Yüksək vəzifələrə təyinat zamanı baş katib və Siyasi Büronun üzvləri həmin şəxs haqqında mənim hazırladığım tibbi arayışla tanış olurdular. Yüksək vəzifəyə təyin olunması nəzərdə tutulan şəxsin səhhətində ciddi problemlər olduğu halda onun namizədliyi təxirə salınırdı. Amma 1970-ci illərin sonlarından başlayaraq bu məsələyə ciddi yanaşılmadı. Biz həm də Siyasi Büro üzvləri, Mərkəzi Komitənin katibləri haqqında arayışlar hazırlayırdıq.
Amma, xüsusilə də Breynevin hakimiyyəti dövründə Leonid İliç bu məsələyə çox da məhəl qoymurdu. Nəticələr isə ağır olurdu. Məsələn, mən dəfələrlə Mərkəzi Komitənin katibi Andrey Kirilenkonun səhhəti ilə bağlı Brejnevi məlumatlandırmışdım. Onun beyin fəaliyyəti, yaddaşı, görmə və eşitmə qabiliyyəti və digər sağlamlıq problemləri haqqında yazılı arayış təqdim etmişdim. Buna baxmayaraq, Kirilenko kabinetdə huşunu itirənə qədər işlədi. Kremldə bu cür hallar tez-tez baş verirdi...”
Yevgeni Çazov Yuri Andropovun vəfatından sonra Konstantin Çernenekonun baş katibliyə namizədliyi zamanı da büro üzvlərinə onun səhhətindəki ciddi problemlər haqqında məlumat verib. Baş həkimin bu xəbərdarlığına da məhəl qoyulmayıb.
Konstantin Çernenko hakimiyyətdə olduğu 13 ayın yarıdan çoxunu xəstəxanada keçirib.
İclas və müşavirələr zamanı o, öz fikirlərini tam ifadə edə bilməyib. Hər beş-on dəqiqədən bir xüsusi balondan istifadə edərək süni nəfəsalmadan yorulan Çernenkonun alnındakı və üzündəki tər damcılarının çoxları şahidi olub. 200-300 metr məsafəni 15-20 dəqiqəyə çətinliklə qət edən Çernenko əsl müqəvvanı xatırladıb.
Çox maraqlıdır ki, Siyasi Büro iş qabiliyyətini itirmiş baş katiblə bağlı heç bir qərar çıxarmayıb.
Yəqin ki, Mərkəzi Komitədə yazılmamış qanunlar hökm sürüb, baş katiblər dünyalarını vəzifə başında tərk etməlidirlər.
Yevgeni Çazov öz xatirələrində bu haqda da yazıb:
“Konstantin Çernenko ölkəni xəstəxana çarpayısından idarə edirdi, əgər buna idarə etmək demək olarsa. Demək olar ki, mən hər gün onun yanına gedirdim. Çətinliklə nəfəs alırdı, hər iki-üç dəqiqədən bir danışığı yarımçıq qalırdı. Mən onun problemlərini, orqanizmindəki patoloji halları yaxşı bilirdim və onların fəsadları, son nəticəsi də mənə yaxşı bələd idi.
Amma mən hansısa bir yüksək tribunadan bu haqda danışmaq səlahiyyətində deyildim. Ümumiyyətlə, Siyasi Büro üzvlərinin və Mərkəzi Komitə katiblərinin xəstəlikləri haqqında açıq məlumat vermək nizamnamədə bizə qadağan edilmişdi.
Yalnız Kremlin rəsmi sorğusu olduğu halda biz dövlət məmurlarının sağlamlığı ilə bağlı rəsmi yazılı arayışlar təqdim edirdik. Amma qeyri-rəsmi olaraq mən yuxarılara bəzi məlumatları verirdim. Heç bir tədbir görülmürdü, Siyasi Büro Brejnevdə, Andropovda olduğu kimi birinci şəxsin ölməyini gözləyirdi...”
Çernenkonun ciddi xəstəliklərinin olmasına baxmayaraq, bir çox siyasilər onun vəfatını təbii ölüm kimi qəbul etməyiblər. Bəzi versiyalara görə, baş katibin ölümü qəsdən tələsdirilib.
Birinci versiya Çernenkonun ölümündə Qorbaçovun və Çazovun birgə fəaliyyəti göstərmələri haqqında iddiadan ibarətdir.
Belə ki, Qorbaçovun təkidi və təşəbbüsü ilə Çazov Çernenkonu Kislovodskya müalicəyə göndərib. Soyuq dağ havasının Çernenkonun xəstəliyinə əks göstərici olması onun müalicəsini yarımçıq qoyub və baş katib Moskvaya xərəkdə gətirilib.
İkinci versiya isə daxili işlər nazirinin baş katibi zəhərləməsi ilə bağlı olub. Belə ki, SSRİ daxili işlər naziri Vitali Fyodorçuk Çernenko üçün xüsusi hazırlanmış hisə verilmiş balıq göndərib.
Məhz Çerenenko həmin balıqla qidalandıqdan sonra sağlamlığında ciddi problemlər yaranıb.
Sözsüz ki, bu versiyaların heç biri dərindən araşdırılmayıb. Çünki hakimiyyətə gələn Qorbaçov üçün bu araşdırma maraqlı olmayıb, əksinə, o, Çerenekonun ölümü ilə bağlı rəsmi rəyin yazılması üçün Çazova bir neçə saat vaxt verib.
Qeyd edək ki, sonralar bir-biri ilə düşmən olan Mixail Qorbaçovla Yevgeni Çazov həmin dövrlərdə sıx dostluq münasibətlərində olublar. Bu münasibətlər sayəsində də Qorbaçov 1987-ci ildə Çazovu SSRİ-nin səhiyyə naziri təyin edib.
Bu təyinata baxmayaraq, Çazov Qorbaçovun hakimiyyət uğrunda siyasi oyunlarını qəbul edə bilməyib, o cümlədən Çernenkonun qəsdən zəhərlənməsi ilə bağlı faktı araşdırmamaqda da suçlandırıb. Yəqin ki, Çazovun öz xatirələrində
Qorbaçovla bağlı yazdığı fikirlər də buna işarədir:
“Mən Qorbaçovu çox məsələlərdə günahlandırıram və onun haqqında hər şeyi bilirəm.
Növbəti xatirələr kitabımda Mixail Qorbaçov haqqında bildiyim son hərfi də işıqlandıracam...”(c)

0.016546010971069