Keyfiyyətsiz təhsil təhsil deyil
Elm və təhsil naziri 4 ildir deyir ki, mənə təkliflər verin, məişət səviyyəsində söhbətlər aparmayaq, təhsilə dair ciddi müzakirələr aparaq v.s.
Mən şəxsən bu 4 ildə yüzlərlə təklif verdim, amma heç bir təklifi nəzərə almadılar.
Yəqin təhsili sevməyənlər bu təkliflərin nazirə çatmasını əngəlləyirlər, nazir yəqin informasiya blokadasındadır. Yoxsa islahatçı nazir çoxdan bu təkliflərlə tanış olardı, pis-yaxşı bir reaksiya verərdi. 100 təklifin içindən, yəqin ki, 1-2 təklifi bəyənib, nəzərə alardı, hər halda təklif verənlər də naşı deyillər.
Ümumiyyətlə son 20 ildə verdiyimiz 100-lərlə təkliflərdən yalnız biri nəzərə alınıb: ölkədə təhsil qrantlarının verilməsinin əhəmiyyəti barədə olan təklif. Təklif gec də olsa, nəzərə alındı, amma bu təklifi verməyimizə indi peşmanıq. Yaxşı ideyanın pis icrasının növbəti dəfə şahidi olduq. Belə ki, son 5 ildə təhsilə dair verilən qrantların təhsilin inkişafına heç bir faydası olmadı, hərçənd bura milyonlarla vəsait israf edilibdir.
100 təklif nəzərə alınmasa da, indi 101-ci təklifi vermək istəyirəm. Onsuz da təhsil islahatları ideya kasadlığı səbəbi ilə yerində sayır.
Məlumdur ki, təhsilimizdə ən zəif həlqə keyfiyyət məsələsidir. Bir neçə il əvvəl təhsildə keyfiyyət ili elan etdik, Təhsildə Keyfiyyətə Təminat Agentliyi (TKTA) yaratdıq (ildə büdcədən N qədər əlavə vəsait xərclənir bura), nəhayət son 10 ildə təhsilin büdcəsi 4-5 dəfə artdı. Amma təhsilin keyfiyyətində nəinki heç nə dəyişmədi, əksinə keyfiyyət ilbəil daha da pisləşməyə doğru getdi.
KEYFİYYƏTSİZ TƏHSİL TƏHSİL DEYİL, GƏLİN ÖZÜMÜZÜ ALDATMAYAQ. Təhsilin keyfiyyətsizliyinin milli təhlükəsizlik üçün də bir təhdid olması, 2007-ci ildə qəbul edilən "Milli təhlükəsizlik konsepsiyası"nda da xüsusi qeyd edilib. Milli təhsilimizin keyfiyyətsizliyi son 20 ildə aparılan beynəlxalq qiymətləndirmə və reytinqlərdə də özünü göstərdi.
Nazirin özünün də etiraf etdiyi kimi əgər 25 yaşdan yuxarı insanlarımızın 60 % oxuduğunu anlamırsa, universitetlərə tələbələr əsasən 200-300 balla qəbul edilirsə, onda təhsildən, təhsildə keyfiyyətdən danışmaq gülüncdür. BU VƏZİYYƏTİ NƏZƏRƏ ALARAQ TƏKLİF EDİRƏM Kİ: TƏHSİLDƏ KEYFİYYƏTƏ TƏMİNAT AGENTLİYİ (TKTA) ETN TABELİYİNDƏN ÇIXARILIB, FƏALİYYƏTİNİ MÜSTƏQİL QURUM KİMİ DAVAM ETDİRSİN. TKTA TƏHSİLİN İNKİŞAFINDA OYNAYA BİLƏCƏYİ MÜHÜM ROLU, ONUN STRATEJİ ƏHƏMİYYƏTİNİ NƏZƏRƏ ALINARAQ BU QURUMUN BİRBAŞA ÖLKƏ PREZİDENTƏ TABE OLMASI MƏQSƏDƏ UYĞUNDUR.
Təhsilin keyfiyyətli olması üçün bu zəruri addımlardan biridir. Necə ki, Hesablama Palatası Maliyyə nazirliyinə yox, birbaşa Prezidentə tabedir (hərçənd HB hesabatı Milli Məslisə verir).
Əks halda ETN TKTA-nin keyfiyyətli fəaliyyətinə imkan verməyəcəkdir, çünki, bu halda nazirliyin səmərəsiz fəaliyyəti üzə çıxacaq, hərçənd ETN də təhsildə keyfiyyətin zəif olmasını daim vurğulayır. Amma real olaraq çox az işlər görürlər, görülən işlərin də çoxu səmərəsiz olur (son 20 ildə aparılan müəllimlərin təkmilləşdirilməsi kursları kimi). TKTA yaradılandan bəri ETN tabeliyində olub, bunun nəticəsində təhsilin keyfiyyəti son illər daha da aşağı düşüb.
Biz TKTA yaradılanda da bu təklifi vermişdik: TKTA tam müstəqil qurum olmalıdır, əks halda onun fəaliyyətinin təhsilə heç bir faydası olmayacaq. Belə də oldu.
Əslində bu qurum indi ETN-nin birbaşa tabeliyində deyil. Bu qurum indi ETN nəzdində olan Agentliyin nəzdində olan bir Agentlikdir !? Belə qurumun nə səlahiyyətləri ola bilər ki? Heç bir səlahiyyəti və səmərəsi ola bilməz, burda kimlərin işləməsindən asılı olmayaraq. Axı komanda ona verilən səlahiyyətlər çərçivəsində fəaliyyət göstərə bilər.
Görəsən ETN indi 101-ci təklifə sahib çıxacaqmı, yoxsa informasiya blokadası hələ də davam edir?
Dosent İlham Əhmədov, Paralel.az