Taleyimdən razıyam
(Kiçik məmurun monoloqu)

Taleyimdən razıyam(Kiçik məmurun monoloqu)
 

Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist
 
70 yaşı artıq vurdum başa. Taleyimdən çox razıyam. Uşaqlıqda əziyyət çəksəm də, ailəliklə dağlıq rayonda kasıb yaşasaq da, artıq 30 ildən çoxdur ki, kef edirəm, istədiyim kimi yaşaya bilirəm. Uşaqlıq illərimi xatırlayanda ürəyim ağrıyır. Ailədə çox uşaq olduğumuza görə, atam bizi güclə dolandırırdı. Doyunca yeyib-içə bilmirdik. İki inəyimiz, altı qoyunumuz, iyirmi toyuğumuz və bir eşşəyimiz vardı. Süd içməkdən, yumurta yeməkdən bezmişdim. Atam nadir hallarda toyuq kəsəndə sevinərdim. Sevinərdim ki, bu gün ət yeyəcəyəm. Dərslərimi yaxşı oxuyurdum, arzum müəllim olmaq idi. Günorta dərsdən gəldikdən sonra, dincəlmirdim, yeməyimi yeyən kimi qoyunları çölə otarmağa aparırdım. Kənd uşaqlarına, sinif yoldaşlarıma qoşulmazdım.
Gecə-gündüz dərs oxuyurdum. O vaxtlar repetitor müəllimlər yox idi. Məktəbi bitirdim. İnstituta daxil olanda sevincimin həddi-hüdudu yox idi. Ailəmizdə hamı sevinirdi. Hələ müəllim olmasam da, xəyalımda sinif jurnalını götürüb sinfə daxil olurdum, şagirdlərlə salamlaşırdım, onlardan dərs soruşurdum, dərsə cavab verməyəni danlayırdım, sonra isə yeni keçiləcək mövzunu şagirdlərə izah edirdim...
Ah, gözəl tələbəlik illəri. Az da olsa bilik qazanmaq üçün, hər ay təqaüd almaqdan ötrü oxuyurdum, müəllimlərə da yaltaqlanırdım. Atam mənə hər ay cüzi pul göndərirdi. Paytaxtda kirayədə yaşadığıma görə həmin pulu yaşadığım evin sahibinə verirdim. Aldığım təqaüdlə isə dolanırdım.
İnstitutda çoxlu, bir-birindən gözəl qızlar oxuyurdu. Tənəffüs vaxtı onlara baxmaqdan doymurdum. Nə yaxşı ki, ikinci kursda oxuyan zaman onlardan biri ilə tanış oldum. Onu sevirdim. Dərslərin qurtarmasını səbirsizliklə gözləyirdim. Dərsdən sonra görüşərdik, tez-tez onu kinoya aparırdım. Başqaları kinoya baxsa da, mən onu qucaqlayıb dəlicəsinə öpürdüm. Tələbəlik illərim maraqlı keçdi.
Arzuma çatmışdım. Artıq təyinatla doğulduğum rayonda müəllim işləyirdim. İşdən sonra dincəlməzdim, qoyun-quzuya qulluq edir, təsərrüfatla məşğul olurdum. Sevdiyim qızı da xatırlayırdım. Yazıq qız, mənə inandı, elə bilirdi ki, onunla evlənəcəyəm. Amma mən başqası – sevmədiyim biri ilə evləndim. Onu varlı ailədən olduğuna görə aldım.
Şəhər üçün bərk darıxırdım. Həyat üzümə güldü. Təyinat müddətim başa çatdıqdan sonra şəhərə gəldim. Yaxşı ki, yaltaqlanmağı gözəl bacarıram. Hələ institutda oxuyan zaman bütün müəllimlərimə yaltaqlanardım, onları görən kimi üzüm təbəssümlə dolardı. Müəllim sinfə daxil olanda isə onun oturacağı stulu parça ilə silirdim. Özümü onlara sevdirməyə çalışırdım. Maşını olan müəllimin maşınının təkərini təmizləyərdim. Yaltaq olduğuma görə müəllimlər mənə zaçot və imtahanlardan “4”, “5”  qiymət yazardılar.
Ah, xatirələr, xatirələr. Şəhərdə, ürəyim istəyən ərazidə ilk görüşdüyüm böyük məktəbin direktoru oldu. Yağlı dilimi işə saldım: “Ay gözəl insan, istərdim ki, sizin kimi bir şəxsiyyətin yanında sıravi müəllim işləyim. Vallah, peşman olmazsınız. Mən sizə layiqincə xidmət edəcəyəm. Söz verirəm, kollektivdə sizin haqqınızda nə desələr, sizə çatdıracağam. Dostla düşməninizi yaxşı tanıyacaqsınız.” Kişiyana stolunun üstünə pul qoydum. Direktorun da üzünə təbəssüm qondu. Dedi:
-Xoşum gəldi sizdən. Mənə elə sizin kimi müəllim lazımdır. Amma heç narahat olmayın. Məktəbin müəllimlərinin çoxu gizlicə mənə iş verir.
Vallahi-billahi, özümün-özümdən xoşum gəlir. Qəlbim qara olsa da, dilim şirindir. Bir-iki dostum mənə deyib ki, camaata şirin dil göstərə-göstərə başlarına oyun açırsan, lazım bildiyin adamlara isə yaltaqlanırsan. Mən də demişəm ki, əsl zəmanə adamı fırıldaqçı olmalıdır, bəli, yaltaqlana-yaltaqlana qabağa gedəcəyəm, vəzifə sahibi olacağam. Kim mənim haqqımda nə deyir-desin, heç nə vecimə deyil. Mən, məndən yuxarılara vicdanla xidmət edirəm.
Çox az bir müddət şəhərdə müəllim işlədim. Elə yaltaqlana-yaltaqlana, yuxarılara az haqq verməklə direktor təyin olundum. Fasiləsiz olaraq iyirmi il direktor işlədim. Məktəbdə min cür oyunlardan çıxırdım. Hər ay maaşımdan əlavə fırıldaq yollarla 5-6 min manat qazanırdım. Min bərəkət.

İstədiyim kimi yeyib-içirdim, işdən sonra xanımlarla əylənirdim. İyirmi il ərzində dörd müəllimə ilə eşq həyatı yaşadım. Heç kəsin bir-birindən xəbəri olmadı. Molodes mənə. Oğlumu, yaxın qohumlarımı məktəbə müəllim işinə düzəltdim.
Gözəl məktəb. Mənə də mən deyərlər. Elə məktəb seçmişdim ki, böyük həyətyanı sahəsi olsun. Məktəbin həyətyanı sahəsinin bir hissəsini varlı adamlara satdım. Heç səsi də çıxmadı. Yüksək məbləğdə qazandığım pulla özümə villa aldım. Əlbəttə, mənə molodes. Vəzifədə işlədiyim illər ərzində iki ev, bir obyekt ala bildim. Buna da şükür.
Taleyimdən razıyam. Siqaret çəkmirəm, spirtli içki içmirəm. Yaşım 70-i ötsə də, sağlam kişiyəm. Ha, ha, ha. Görüşdüyüm xanımlar sağlamlığıma görə məndən razılıq edirlər.
Yuxarıdan məktəbimizə arabir yoxlamağa gələn ......... xanımdan çox razıyam. Bir dəfə yazıq görkəm alıb ona dedim ki, direktor işləməkdən yorulmuşam. Tənəffüs vaxtı uşaqların səsi başıma düşür, bir normal oturaq vəzifə düşsəydi, çıxardım məktəbdən. Xanım çox gözəl insan idi. Bir ildən sonra təqaüdə çıxanda, məni öz yerinə təyin etdirdi.
Hə, artıq on beş ildir ki, yenə də vəzifədə işləyirəm. Sakit bir işdir. Hər ay maaşımdan əlavə on beş min dollar qazanıram. Rayon rəhbərliyinin, yuxarıların etimadını qazanmışam. Yaltaq, şirindil olduğuma görə hamı mənim xətrimi istəyir. 35 yaşlı katibəm ilə eşq həyatı yaşayıram. Kasıb qız idi. Molodes mənə, az vaxt ərzində onun üçün maşın və ev aldım. Hər ay maaşından əlavə ona min manat verirəm...
Gözəl dövrandır, elə bil cənnətdəyəm. Mamarozalar ilə də dostluq edirəm. Yanıma gələnləri, gətirilənləri naümid qoymaq istəmirəm.
Həyatda arzuladığım bütün işlərə nail oldum. Varidat sahibiyəm.Yeganə arzum qalıb, kaş oğlumu mən təqaüdə çıxandan sonra öz yerimə təyin etdirəydim...
Paralel.az
 
 
 
 
 

0.017036914825439