Saxtakarlıq, yoxsa yanlışlıq?!
Mətbuatda ANAMA-nın İdarə Heyətinin sədrinə istinadən belə bir məlumat paylaşılıb ki, Qarabağın erməni işğalından azad olunmuş ərazilərinin 11 667 kvadrat kilometrlik hissəsi minalarla çirkləndirilib. Əvvəlcə yanlışlıq olduğunu düşündüm. Sonra gördüm ki, məlumatı demək olar ki, bütün əsas TV-lər və saytlar bu şəkildə yayıb.
ANAMA məlumatı açıqlayanda kiçik bir biclik işlədib. Minalarla çirklənmiş ərazini hamının anlayacağı sahə ölçü vahidi - hektarla deyil, daha mürəkkəbi ilə - kvadrat kilometrlə göstərib. ANAMA-nın bu rəqəmi necə hesablaması da bir başqa Qəribanə (ağlamalı) məsələdir.
ANAMA-nın hesablamasını sadələşdirək, görək, Qarabağın 11 667 kvadrat kilometrlik ərazisində mina olması sizə real görünəcəkmi?
11 677 kvadrat kilometr 1 167 700 hektar deməkdir. Ədədi sözlə də ifadə edirəm: 1 milyon 167 min 700 hektar.
Və müqayisə üçün daha bir rəsmi statistika təqdim edirəm:
Qarabağın erməni işğalından azad olunmuş rayonlarının cəmi ərazisi 1 359 977 hektardır, sözlə ifadə etsək, 1 milyon 359 min 977 hektar.
Üstəlik, nəzərə alın ki, bu göstəriciyə Tərtərin, Ağdamın, Füzulinin və Cəbrayılın 2020-ci ildən öncə işğal altında olmayan əraziləri də daxildir.
İndi belə çıxır ki, yuxarıdakı ərazilər də daxil olmaqla Qarabağ topraqlarının 86%-i minalarla çirkləndirilib? Bu dəfə də barıtı (yeyintisi) çox olmadımı?
Reallıqla yerli-dibli əlaqəsi olmayan bu göstəriciyə Yazıçılar İttifaqının ən yaradıcı təxəyyüllü üzvü belə, türklər demişkən, şapka çıxarar.
Xatırlayırsınızsa, 2020-ci ildən sonra Qarabağda basdırılan minaların sayı da illər geçdikcə, azalmaq əvəzinə artdı. Əvvəlcə dedilər, 1 milyon mina var, sonra dedilər 1 milyon 500 min mina basdırılıb. Nədənsə, son vaxtlar bu trenddə bir durğunluq vardı. İndi əsl vədəsidir, minaların (piyada və tank əleyhinə minaların, partlamamış hərbi sursatların) sayını artıra bilərsiniz. Yoxsa ANAMA-nın təzə hesabı ilə bir hektara 1,3 mina düşür.
Biabırçılıqdır!
Qalib Toğrul
Paralel.az