Qoparsa fırtına, əsərsə külək

Qoparsa fırtına, əsərsə külək
 

Başımı çiyninə qoysam dənizin,
Axan göz yaşıma batsa bəsimdir.
Xəyalım boynuna dolansa gizlin,
Əlini çiynimə atsa bəsimdir.

Ürəyim sızlasa sınıq tar kimi.
Ləpələr qoynuma girsə yar kimi.
Bir sevgili kimi, vəfadar kimi,
Dərdimin başını qatsa bəsimdir.

Qoparsa fırtına, əsərsə külək.
Dənizi daşdırsa amansız fələk.
Qopsa əlim ipdən çəkilsə ətək,
Dəniz əllərimdən tutsa bəsimdir.

Dünya dəng elədi qovğalarıyla.
Tükətdi ömrümü damğalalrıyla.
Dəniz qucaqlasa dalğalarıyla,
Eşqimdən küləklər yatsa bəsimdir.

Cahanın cəfəngə qarışıb başı.
Fələyə dərd olub ruhumun daşı.
Gözümdən qəlbimə süzülən yaşı
Sakit, səs-səmirsiz udsa bəsimdir.

Dəniz nəfəsinə qızınan ömrü,
Dəryalar uzunu uzanan ömrü,
Məni, bu qumarda uduzan ömrü,
Udanlar dənizə satsa bəsimdir.

Məhərrəm Orucsoy

Paralel.az

0.033690929412842