Tükənib Orucun sözü, kəlməsi...

Tükənib Orucun sözü, kəlməsi...
 

Əsir möhkəm külək, gəlir fırtına.
Göydə buludların şimşək fitnəsi.
Qoymur ki, yuxuya gedim mən biraz
Gəminin ləngəri, lövbərin səsi.

Qalxmışam körpüyə, dağılır dəniz,
Özü öz suyunda boğulur dəniz.
Əyilir, bükülür, doğrulur dəniz
Yenə də üzülmür ipi, ilməsi,

Bilmir ki, kim düşmən, kimdir aşina,
Yağış da bir yandan, döyür başına.
Dənizim qərq olub öz göz yaşına,
Yırtılıb göylərin əlvan pərdəsi.

Başına dolanım, gəl olma üzgün ,
Şux saxla qaməti görünmə ölgün.
Baxma mənə qəmli, gözləri süzgün,
Şaşır ürəyimin səmti qibləsi.

Dalğalar epodur, kükrəyən bəstə.
Ritmi ruh oxşayan dili ahəstə.
Eşq qoxan ləpələr qəmli şikəstə.
Çarpışır dalğanın uverturası.

Anidən dalğalar qəmli və kövrək
Boylanır göylərə o, ürkək-ürkək.
Görür ki, getmirəm, baxır sevincək.
Nur saçır gözləri, gülür çöhrəsi.

İzin ver oxşayım dənli saçını ,
Sonra qulyaş hörüm üfüq uzunu,
Anlayıram sənin ağrı-acını.
Tükənib Orucun sözü, kəlməsi.

Məhərrəm Orucsoy

Qatar, 28.10.2024

Paralel.az

0.019018888473511