GÜZGÜDƏKİ QADIN - Ayrılığın onlayn səbəbi
Evə yenə gec gəldi. Açarla qapını açıb içəri keçdi. Deyəsən, arvadı onun gəldiyini hiss etmədi. Bəlkə də bildi, özünü bilməzliyə qoydu.
Yenə yeyib-içib gəlmişdi. Son günlər sanki başqa bir adamın həyatını yaşamaqda idi. Bir müddər əvvəl dostlarından birinin ad günündə gənc xanımla tanış olmuşdu. O, həmin xanımı hərdən ekranda görmüşdü. Amma belə məlahətli, tədbirli olduğunu ağlının ucuna da gətirməzdi.
Sonra bu tanışlıq dostluğa çevrildi. Sanki onun suyu sorulmuş dəyirmana bənzər sakit-soyuq həyatına bir istilik gəldi. Payız otu kimi öləzimiş hissləri təzədən, ilk gəncliyində olduğu kimi, cücərməyə başladı.
Hər görüş özüylə bir sürpriz gətirirdi. Sən demə, bu orta səviyyəli aktrisa xanım öz rolunu həyatda səhnədə olduğundan daha yaxşı oynayırmış. Artıq yaxın dosta çevrilməkdə olan onun ruhuna hakim kəsilməkdə idi.
Bu gün axşam restoranda görüşmüşdülər. Şampan içib bir-birlərinə xoş sözlər söyləmişdilər. Arada restoranın geniş zalında həzin bir melodiya səslənmişdi və onlar bir-birinə sığınaraq o melodiyanın sədaları altında rəqs etmişdilər. Deyəsən, onların rəqsi restorandakı adamların xoşuna gəlmişdi. Çünki rəqsdən sonra yüngül alqş sədaları onun qulağını dalayıb keçmişdi... Daha sonra o öz təzə tanışını, daha doğrusu dostunu maşınla düz evlərinin yanına aparmışdı.
... Sifətinin pörtdüyünü hiss edirdi. Arvadı yuxudan oyanmasın deyə (Allah bilir, bəlkə də o, heç yatmamışdı) ayağının ucunda əlüzyuyana yaxınlaşdı. Sanki onu qəfildən ildırım vurdu. Əlüzyuyanın üstündən ona tanış bir xanım baxırdı. Bəli, bu qadın, bayaq yola saldığı, düz evlərinin yanında maşından düşürdüyü tanış, daha doğrusu dost bildiyi qadın idi. Onlar bir-birinə sığınıb rəqs edirdilər. Qadının qolu onun boynuna dolanmışdı.
O, tappıltı ilə doşməyə yıxıldı.
...Həkim evin xanımına ürək-dirək verib dedi ki, qorxulu bir şey yoxdur.
O, yalnız sonralar bildi ki, əlüzyuyanın üstündən “boylanan” qadını, daha doğrusu oqadının fotosunu öz xanımının rəfiqələrindən biri çəkibmiş. Həmin foto onun özündən tez “müjdə” aparmışdı.
Firuz Mustafa
Paralel.az