Ortaq türk dilinə doğru
ORTAQ TÜRK DİLİNƏ DOĞRU.
Bu şeirlər tam doğma türkcəmizdədir. Onlarda qonşu ulusların bircə sözü də işlədilməyib. Belə şeir yazmaq təcnis yazmaqdan çətin olsa da çox sevirəm bunun üçün baş sındırmağı. Bəzi sözlər bu gün şifahi və yazılı dilimizdə işlədilmədiyindən, onların anlamını qarşısında yazmışam. Bu sözlərin çoxunu dilçilərdən başqa tanıyan yoxdur.
TÜRK XATUNU, TÜRK ANASI
Ərindən öncə oyanır,
Gün işığıyla boyanır,
Alnıaçıq, dik dolanır
Türk xatunu, türk anası.
Əkin-biçində işçidir,
Savaş günü döyüşçüdür,
Elə xaqandır, başçıdır
Türk xatunu, türk anası.
Usu 1, duyğusu itidir, ... us – ağıl
Sözü, yarğısı 2 qatıdır. ... yarğı – hökm, zabitə
Tomris xatun, Məhsətidir
Türk xatunu, türk anası.
Ərinə xaqantək baxır,
Oğulu yurd üçün doğur,
Ərənə 3 söyləməz ağı ... ərən – şəhid, bahadur.
Türk xatunu, türk anası.
Kutsaldır südü, al qanı,
Bəngüdür 4 sevgisi, sanı. ... bəngü -- əbədi
Ulu Türkün tini 5, tanı 6, ... tin – ruh, tan -- can
Qaynağı 7, könül xaqanı – ... qaynaq – məbəy
Türk xatunu, türk anası.
6 noyabr – 2020
DİL
Gördüyün nə varsa, öz dili vardır –
Quşların quş dili, daşın daş dili.
Anlamı gizləyən örtüyü qaldır,
Gözün göz dili var, qaşın qaş dili.
Quş daşı anlamaz, daş da ağacı,
Hamı1 doğmasına açar könlünü.
Yalqızlıq ən ağır, ən qorxunc acı,
Köksündə boğular yalqızın ünü.
Özgə ellərdə də dolanır kişi,
Ancaq acısını bölüşə bilmir.
Olsun da düzəlir, gedir çox işi,
Nə yazıq, təklikdən ürəyi gülmür.
Dilidir bağlayan yurda yurddaşı,
Yalqızın könlünü dili isidir.
Dil ulusun başı, könlü, yaddaşı,
Damğası2, yarlığı3, bələdçisidir.
Onu törədən də elə dilidir --
Dilindən doğulub-düzülür ulus.
Dili yaşayırsa, eli diridir,
Öldüsə, dağılıb-pozulur ulus.
Elin yasası da dillə qurulur,
Dilidir ulusun ən ağır4 varı.
Torpaq da, mənlik də dillə qorunur,
Yaşamaq istərsən, dilini qoru !
1.hamı – qamu, qamus, kom – topluluq bildirir. 2. damğa – möhür. 3. yarlığ – sənəd, əmr, fərman. 4.ağır – dəyərli, qiymətli.
Müəllif: Tələt Mərdi - Həqq
Paralel.az