Doğma yollar və yad radarlar... - “Yol qeydləri” silsiləsindən

Doğma yollar və yad radarlar... - “Yol qeydləri” silsiləsindən
 

“Yol qeydləri” silsiləsindən

Yaş üstünə yaş gəlir, amma mən yenə uşaq kimiyəm, kef olanda kefimi, dərd olanda dərdimi bölüşmək istəyirəm. Qaxa gedirəm... Bilmirəm nədəndir, bəlkə əllidəndir?! Atam deyərdi ki, 50-dən sonra torpaq adamı çəkir, məktəb, uşaqlar olmasa bir gün şəhərdə qalmaram... Kəndin dağına-daşına da qurban olaram...

Bakıdan Qaxa kimi uzanan doğma yollar və yad radarlar... İlk diqqətimi cəlb edən radarların həndəsi silsilə ilə artması olur. Saymağa hövsələm yoxdur, amma mənə elə gəlir ki, Bakıdan Şamaxıya kimi radarların sayı işıq dirəklərinin sayından çoxdur.
Hər kilometrdə biri “dar ağacı” kimi maşının üstünü alır. Inanın Allaha, 400 kilometrlik yolda 400-dən çox radar olar. Biz görmüşük, eşitmişik ki, radarı yaşayış məntəqəsinə qoyarlar, sürücülər də ehtiyatlı olarlar, sürəti azaldarlar. Burda trasda gecə qaranlıqda bir işıq yanmır, amma radarlar yanır...

Şamaxıdan sonra radarlar yaddan çıxır... Yox, yoxa çıxmır, sadəcə olaraq, sayı azalır, həm də təbiət adamı ilhama çağırır... İsmayıllı, Qəbələ, Öğuz yolları... Yaşıl rənglər yollardan başlayır, dağlara qalxır, göylərə kimi uzanır, bütün dünyanı doldurur. Adamın qəlbi sevinclə dolur...

Sanki adamın gözləri yorulmasın, ürəyi darıxmasın deyə, təbiət yaşıl xalısına təbii rənglərdən – sarı, qırmızı, göy çiçəklərdən naxışlar da vurur. Dünyamız qədər qoca olan qədim Oğuz dastanı yada düşür: Ana südü və dağ çiçəyi...

Bu da bižim Əyriçay... Adına uyğun – qıvrıla, qıvrıla axır. Deyirlər burda dünyanın bütün əyriləri qurtarır, burdan yuxarı bizim dağlara qalxmır... Amma radarlar qurtarmır, yollarla Şəkidən Qaxa uzanır, bizim dağlara qalxır...

Qalib ARİF

Paralel.az 

0.020216941833496