Dülgər Ayxanın nağılı - Mənzum hekayə

Dülgər Ayxanın nağılı - Mənzum hekayə
 

Get yuxuya, durma, a qardaş, hələ!
Qovzama başın, cocuğum, səbr elə !

Zülm eləsə xan ilə bəy aclara,
Verməsə pul pullu da möhtaclara,
Rəhm olunmazsa yalavaclara,
Canı cəhənnəm, düşə yamaclara,
Bunlar üçün təng eləmə hövsələ!
Qovzama başın, cocuğum, səbr elə!

Mirzə Ələkbər Sabir.

Bir dülgər vardı keçmiş çağlarda,
gözəl bir kənddə, güllü dağlarda.
Dülgər olmuşdu dədə-babası,
sevirdi onu eli, obası.

Onun əlindən qab-qaçaq, tabaq,
qapı-pəncərə, masa, yatacaq,
tüfəngə qundaq, cəhrə, mancanaq,
qısası, çox şey yonmaq gəlirdi.
Bəzəkli sütun, doğrama balkon,
cürbəcür dolab, araba, furqon,
hətta heykəl də yona bilirdi.

Düzəldirdi o, kim nə istəsə,
yox deməyirdi heç vaxt heç kəsə.
Kimi yumurta, ya toyuq verər,
kimi süd-qatıq, ya ət göndərər,
kim əvəzində ona iş görər,
kimi də meyvə, ya dən verərdi,
beləcə Ayxan xoş gün sürərdi.
***
Bir qonaq gəldi bir gün bu kəndə,
Ayxanın üstün vergisi, işi
onun könlünü saldı kəməndə.
Əhsən, söyləyib, bir təklif etdi,
cavan oğlanı hey dilə tutdu.

Dedi: ay usta, yox sənin tayın,
Tanrı qatında dağcadır payın !
Rübabdı könlün, qızıldı əlin,
şaha layiqdi sənin əməlin.

Gedək şəhərə, qur-yarat orda,
xan kimi varlan, de nə var burda ?
Şahın nə qədər şah otağı var,
tikib-qurmalı köşkü, bağı var.

Bəzətsin deyə saraylarını
o daim kamil usta axtarar.
Mənim də əlim yetir saraya,
yığış, birlikdə gedək oraya.

Götürək böyük, dəyərli bir iş,
bizi çulğasın, sərvət, yüksəliş.
Qalmağa yer də vardır mülkümdə,
az keçməz, olar sənin mülkün də...
***
Ayxan çox dərin xəyala getdi,
ağsaqqallarla məsləhət etdi.
Kimisi soyuq yanaşdı buna,
kimisi uğur dilədi ona.

Dedilər: qorxma, sına bir görək,
igidin başı qovğada gərək.
Alınmaz, yenə dönərsən elə,
kim bilir, bəlkə böyüdün elə.

Ayxanın daha qalmadı sözü,
verdi razılıq, qorxsa da gözü.
Qonaq apardı onu şəhərə,
şəhər yanında qərib bir yerə.

Dedi: buradır emalatxanam,
mən bir işgüzar, çevik adamam.
Gedib kəndlərə ağac alıram,
xammalı işə hazır qılıram.
Sifariş alıb iş gördürürəm,
usta haqqını özəl verirəm.
Sözsüz, ustadır qurub-yaradan,
odur çörəyi gətirən dada.

Emalatxana həyətindəki
kirli komanı göstərib dedi:
-- Hələlik bir az yaşa burada,
işi danışım, yetək murada.

Uzun çəkmədi, iş danışıldı,
Ayxan zəhmətə müsəlləh oldu.
Düzəlməliydi çoxlu şəbəkə,
bəzəklə dolu qapı-pəncərə,
gərəkdi uyğun ülgülər1 çəkə.

İşbaz pul verib bir az Ayxana
dedi ki, işlə, getmə heç yana.
Öyrət burdakı cavanları da,
bu mühüm işi qoyma yarıda.
Sultan görəntək ilk əsərini,
zərə tutacaq, öyəcək səni.

Beləcə Ayxan düzdü emalı,
bəri, bəzəyi ürətdi*2 bir-bir.
İnamla qurub istehsalatı
işi gənclərə öyrətdi bir-bir.

Bu gənc fitrətdən bir memar idi,
zəkası almaz, dürdü qoçağın.
Özü yonurdu qatı poladdan
yeni bəzəkçün hər cür bıcağı.
Güldən yarpaqdan, heyvandan, quşdan
elə sehirli naxış düzürdü,
ona baxanlar gedirdi huşdan.
***
Qonaq bir sürə hey öydü onu,
vaxtında verdi zəhmət haqqını.
Arada dedi: bir kəndə yollan,
dincəlmək üçün bir az gəz-dolan.
Ancaq yubanma, unutma işi,
yoxsa axsayar işin gedişi.

Beləcə keçdi neçə varlı ay,
işsiz qoymurdu onları saray.
Hər cür xərcindən başqa Ayxanın
cibində xeyli pul yığılmışdı.
Axtarıb, seçib yaxşı bir yerdən
özünə kiçik torpaq almışdı.
Umurdu orda bir ev də biçsin,
evlənib kənddən şəhərə köçsün.
***
Ancaq getdikcə iş düz gəlmədi,
zəhmətə görə haqq verilmədi.
Bazarda hər şey bahalaşırdı,
işin qiyməti hər gün düşürdü.

Bir yandan işbaz az ödəyirdi,
bir yandan saysız yalan deyirdi.
Ayxan bir işə deyəndə qiymət,
qopurdu qovğa, həşrü-qiyamət.

İşbaz deyirdi: sən qudurursan,
əsassız qiymət, haqq uydurursan !
Gəl məni salma dərdə, azara,
hamı tabedir bu gün bazara.
Qiyməti bazar müəyyən edir –
kim ucuz edir, işi o udur.

Sən işləməzsən, nə çox yalvaran,
sənin onlardan artıqdır haran ?
Ayxan qandı ki, bu, dəllal imiş,
ona çox şeyi hey yalan demiş,
onun haqqının çoxunu yemiş.

Həm də gördü ki, artıb “sənətkar”,
hərəsinin də öz “sambalı” var.
Bir zaman ondan iş öyrənənlər,
onu saymayır, önə keçirlər.
İşbazlar ilə tez taparaq dil,
başbilən olub ülkü*3 biçirlər. ...*ülkü -- eskiz, çeşni, şablon.

Onlar ötəri nəsə öyrəncək
öz ustasından aralanırdı.
Manqa düzəldib iş götürərək,
ustad haqqını tamam danırdı.

Beləcə sənət düşür sayğıdan,
sənətkar uzaq qalır qayğıdan.
Biclər, girənlər bol vara yetir,
ustad adlanıb ən öndə gedir.
Heç dənəyən də yoxdur keyfiyyət,
çoxu izləyir sürət, kəmiyyət.
***
Şəhərdə çoxmuş varlı müştəri,
şah mülkü kimi varmış mülkləri.
Axtarırdılar hər cür sənətkar,
fəhlə, mühəndis, bənna, yonmaçı,
suvaqçı, rəngsaz, dülgər, oymaçı.

Bir dəstə işbaz hey varlanırdı,
sənətkar, fəhlə qubarlanırdı.
Yox idi sayan yoxsulu, acı,
tapılmayırdı xalqın əlacı.

Başda duranlar monopolistdi,
bir az zəifi əzib əlüstü,
hər işi təkcə qamarlayırdı,
qiymətləri də özü qoyurdu.

Çoxmərtəbəli, dəllal ordusu,
hər bir sahədə qurmuşdu pusu.
Əsas mədənlər, gəlirli işlər
məxsusdu şaha, onun soyuna.
Rüşvət, fırıldaq, haqsızlıq, talan
əzirdi xalqı, yoxdu yayınan.

Pay bölünürdü dağın başında,
yağlı şaqqalar pa-püşt olurdu.
Xalqa yetirdi sür-sümük, qalıq,
soyulduqca el, küplər dolurdu.
***
Ayxan calaşdı neçə işbazla,
yenə də eyni rəftarı gördü.
Hamısı sözü bir qoymuş sanki,
hər biri haqqı kəsdi, az verdi.

Baxdı ki, belə ac qalacaq o,
burda səfiltək qocalacaq o.
Pulu yetmirdi ayın sonuna,
geyimə, yemə, kirə puluna.
Hey əllərini qoyub qoynuna
dərin xəyala, fikrə dalırdı,
özünü söyür, gözü dolurdu.

Bir gün eşitdi, onun yerini
bir varlı məmur işğal eləyib.
Burda karxana quracağam mən,
bu yer əzəldən mənimdir, deyib.

Ayxan anladı, əbəsdir giley,
onu eşidən olmayacaqdır.
Onun oylağı güllü dağlardır,
öz eli, kəndi, doğma ocaqdır.
Qət etdi, getsin bu kirli yerdən,
yığıb nəyi var, kəndə yol aldı,
Kənddən gələli onun qazancı
həyat öyüdü, kamillik oldu.

1.ülgü – şablon. 2.ürətmək – istehsal etmək, inkişaf etdirmək. 3.ülkü – ideya.

Müəllif: Tələt Mərdi - Həqq 

Paralel.az 

0.020167827606201