Paytaxtda yarada bilmədiyimiz Universitetləri regionlarda necə yaradacağıq? - Dosent
Elm və təhsil naziri E. Əmrullayev “Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı”nın açılış mərasimində jurnalistlərə açıqlamasında deyib: “İstədiyimiz odur ki, regionlardakı ali təhsil müəssisələri universitet formatına düşsün”.
Mən bilən regionlardakı ali təsil müəssisələrinin (ATM) hamısı artıq universitetdir. Nazir yəqin filialların müstəqil universitet olmasını nəzərdə tutur.
Hesab edirəm ki, bu yaxşı təşəbbüsdür. Amma ...
Məlumdur ki, ölkə üzrə universitetlərin böyük əksəriyyəti Bakıdadır. Ali təhsil müəssisələrinin əksəriyyətinin Bakıda cəmləşməsi müəyyən çətinliklərə səbəb olur. Müxtəlif vaxtlarda universitetlərin Bakıdan regionlara köçürülməsi barədə təşəbbüslər olmuşdu. Amma sona qədər reallaşmayıb. Bu məsələlər son 15 ildə dəfələrlə ictimai müzakirə obyekti olmuşdu. Bu mövzuda son 15 ildə bizim də yazılarımız və rəylərimiz olmuşdu. Bu müzakirələrdəki fikirlərimizi belə ümumiləşdirə bilərik: “Gəlin əvvəlcə universitetlərimizi universitet edək, sonra hara istəsəniz köçürdərik. Universitetlərimizi 20 ildir maliyyə çatışmazlığı səbəbi ilə normal hala sala bilmiriksə, belə zəif universitetləri milyonlar sərf edərək regionlara köçürülməsinə nə ehtiyac? Bəlkə bu vəsaitləri paytxatdakı universitetlərə investisiya edək, onları inkişaf etdirək?”.
Nəzərə almaq lazımdır ki, regionlarda universitet açmaq ciddi, məsuliyyətli, çətin və böyük vəsait tələb edən işdir. Vaxtı ilə Azərbaycan Müəllimlər İstitutunun (AMİ) regionlarda 11 filialı açılmışdı. Bu son 30 ildə təhsil sahəsindəki edilən ən böyük səhvimiz idi bu. AMİ-nin özünün və filiallarının açılması tələsik, hərtərəfli düşünülməmiş, səhv qərar idi. Buna görə də onun təhsilimizə heç bir faydası olmadı, amma ziyanı çox oldu. Ola bilsin ETN-də kimlərəsə bunun faydası olmuşdu.
Paradoksal hal idi: özü hələ yaranmamış, komplektləşməmiş bir institutun regionlarda 1-2 ay ərzində paralel olaraq 11 filialının açılması o vaxt gündəm idi. Təbii ki, bu səhv, hətta gülməli hadisə idi. Dünya təhsil praktikasında belə bir “əməliyyat” heç vaxt olmamışdı: ATM-nin filialları onun özündən əvvəl ya da paralel yaranır, özü də 11 filial birdən. Müqayisə üçün qeyd edim ki, 250 yaşı olan M.Lomonosov adına MDU kimi elm-təhsil məbədinin cəmi 2 filialı var, onlar da son 20 ildə yaranıb. Biri Bakıda, biri də Krımda. Yəni, bu elm mərkəzi 230 il filialsız işləyib. Amma biz hələ yaranmamış, özünü təsdiq etməmiş bir institutun 11 filialının bir göz qırpımında yaratdıq.
Bu qədər müəllim kadrlarına ehtiyac vardımı?
Artıq o vaxt diplomlu müəllim kadrların sayı ölkə üzrə təlabatdan xeyli çox idi. Digər tərəfdən yeni açılan filiallarda işə cəlb edilən pedaqoji heyətin əksəriyyətinin elmi dərəcəsi də yox idi (Bakıdakı ATM-də bu rəqəm 50 %-dir). Həmin filiallarda o vaxtlar dərs deyən kadrların əksəriyyəti kənd məktəblərinin müəllimləri idi. Onlar ATM-də təhsil verməyə elmi-metodik cəhətdən hazır deyildilər, bir çoxu ali məktəb proqramlarından xəbərsiz idilər.
Hesab edirəm ki, regionlarda ATM sayı artırılırsa, onda 23 il əvvəl AMİ-nin filiallarının açılmasının acı təcrübəsi hökmən nəzərə alınmalıdır. Yəni, bu işə uzun müddət ərzində hazırlaşmaq lazımdır, tələsmək olmaz. Amma biz heç vaxt, heç bir səhvimizdən ibrət almırıq. Çox təəssüf.
Son 30 ildə Türkiyənin regionlarında 150-dən artıq yeni universitet yaradıldı. Türkiyə ali təhsil sistemi regionlarda universitetlər yaratmağa tam hazır idi. Regional ATM-də müəllimlərə ikiqat əmək haqqı, onların yaşaması üçün xidməti mənzillər verilirdi, digər əlavə güzəştlər də vardı. Ona görə də paytaxt universitetlərinin təcrübəli müəllimləri yeni yaradılan ATM-də işləmək üçün regionlara həvəslə gedirdilər.
Türkiyədə yeni yaradılan ATM həmçinin, yaxşı kampus, müasir maddi-texniki baza ilə də təmin olundu (onların bəzilərində konfraanslarda iştirak etmişəm, səviyyələri bizdən yüksəkdir). Həmin universitetlər Türkiyənin böyük şəhərlərində olan ATM-dən fərqlənmirlər. Amma biz 30 ildə universitetlərimizi nəinki inkişaf etdirə bilmədik, əksinə sovet dönəmində olan normal elm-təhsil mühitini də dağıtdıq. Əgər biz 30 ildə Bakıdakı universitetləri normal hala gətirə bilmədiksə (3-4 universitetimiz istisna olmaqla), onda regionlarda ATM yaratmağın nə mənası var? Bəlkə bu pullarla elə Bakıdakı universitetləri inkişaf etdirək? Ölkəyə savadlı kadr lazımdır, onun paytaxtda ya regionda yetişməsi fərq etməz.
Ümumən yarımçıq və qüsurlu planlarla biz regionlarda nə yarada bilərik?
Təcrübə göstərir ki, biz Türkiyənin zəngin ali təhsil təcrübəsindən faydalanmaq istəmirik, eyni zamanda özümüz də heç nə edə bilmirik. Bakıdakı bir çox universitetlər hələ də lazımi resurslara malik deyillər. Bu halda regionda normal universitet yaradılması, təbii ki, sual altında olacaq.
Bəlkə həqiqətən də bu ideyaya sərf ediləcək pulları Bakıdakı ATM-nin inkişafına yönəldək? Regiondan gənclərin Bakya axınını azaltmaq istəyiriksə, onda gec də olsa, universitetlərimizdə distant təhsil sistemi yaradaq. Gənclər regionlarda, öz ailələrində yaşayaraq, distant ali və əlavə təhsil alsınlar, bu gün COURSERA kursunda onlayn oxuduqları kimi. Biz distant təhsilin səmərəli və faydalı bir təhsil texnologiyası olduğunu 20 ildir ki, təhsil məmurlarına heç cür izah edə bilmədik. Düzdür, onların itirəcəyi bir şey olmadı, amma təhsil sistemi və gənclərimiz bu 20 ildə çox şey itirdilər.
Regional universitetlərinin yaradılmasında məqsəd nədir?
Məqsəd diplom paylamaqdırsa, buna ehtiyac yoxdur, artıq 30 ildir ki, ölkədəki 50 ATM-dən 40-ı bu işlə məşğuldur. Yox, məqsəd regionlarda insan kapitalı formalaşdırmaq, əmək bazarının tələblərinə uyğun kadrlar hazırlamaq, regionların sosial iqtisadi inkişafına dəstək vermək, gənclərin Bakıya axınının qarşısını almaqdırsa, onda bu məsələyə yanaşma indiyə qədər olanlardan fərqli olaraq dərindən düşünülməli, layihələnməli və yüksək səviyyədə maliyyələşməlidir. Regionlarda keyfiyyətli kadr yetişdirmək istəyiriksə yeni yaradılan universitetlərin potensialını illər ərzində davamlı olaraq inkişaf etdirməliyik.
Əgər yeni yaradılan bu ATM də PHŞ olacaqsa, onda onların heç bir perspektivi olmayacaq. Məlumdur ki, universitetlər əvvəlki illərdə, dövlətdən az da olsa maliyyə dəstəyi alırdı, ancaq indi PHŞ olduqdan sonra onlar özü-özünü maliyyələşdirirlər.
Bu gün bizim ATM -nin maliyyəşdirməsi yalnız təhsil haqqı hesabınadır, bu məbləğ isə azdır. Amma verdiyimiz təhsilin keyfiyyəti də bu məbləğə uyğundur. Həm də əhali yüksək təhsil haqqı ödəyə bilmir. Məlumdur ki, hər il minlərlə tələbə təhsil haqqı ödəyə bilmədiyi üçün ATM-dən xaric edilir. Yalnız aşağı təhsil haqqı ilə universitetin nəinki inkişafı, heç yaşaması da çətindir. Deməli ATM-nin PHŞ olması qərarına yenidən baxmaq lazımdır, əgər ATM-nin inkişafında maraqlıyıqsa.
Digər tərəfdən bizim ATM-də keyfiyyətli elmi tədqiqatlar aparılmır, heç bir kommersiya xarakterli elmi nailiyyətləri, ixtiraları, innovasiyaları yoxdur. Bu halda ATM-ləri necə və haradan pul qazana bilər?
Biz 20 ildir təhsilə dair problemləri daim səsləndirir, yazırıq. Təhsil məmurları isə sanki təhsilin vəziyyətinə məsul deyillər, bütün bu illər ərzində bu təkliflərə reaksiya vermədilər, özləri də inkişaf yönlü real heç nə etmədilər. Bu səbəbdən təhsil sistemimiz, xüsusən də universitetlərimiz böhrandadır.
Heç kim bu problemlərin həll yolunu bilmir, həllinə təşəbbüs də göstərmir. Bu halda regional universitetlərin yarı-yarımçıq yaradılması, buna 100 milyonarın sərf edilməsi təhsilimizə real nə verə bilər?
Regionlarda universitet açmaq yaxşı ideyadır, amma bu zaman bir çox məsələlər nəzərə alınmalıdır. Bəli, bu yaxınlarda “Qarabağ universiteti” açıldı, sanki, hər şey hələlik yaxşı gedir. Mən “Qarabağ universiteti”n in gələcəyinə inanıram. Amma onun tam formalaşmasına hələ illər lazımdır. Bizim 100 yaşlı univeritetlərimiz hələ özünü dünya elm və təhsil məkanında fərqlənə bilməyib, qlobal reytinqlərdə zəif mövqelərdədirlər, yeni yaradılan ATM-nə 10 illər lazım olacaq özünü tanıtmağa. İstərdim ki, bizim də regionlarda Kutaisi Beynəlxalq Universitet səviyyəli universitetlər olsun.
Bütün bu səbəblərdən diqqətli olmalıyıq, əvvəlki səhvlərə yol verməməliyik. Təhsil sistemi eksperiment yeri deyil, burada edilən səhvləri düzəltmək çox çətindir (20 ildir bunu görürük), daha səhv etməli deyilik, onsuz da elm və təhsildə 33 ili boşuna itirmişik.
İlham Əhmədov
Paralel.az