Maştağadakı 1 saylı psixi xəstəxanada
xəstələrə yüksək tibbi xidmət göstərir

Maştağadakı 1 saylı psixi xəstəxanadaxəstələrə yüksək tibbi xidmət göstərir
 

Xəstəxanada qarşılaşdığımız yaxşı işlər bizi sevindirdi

Yaxın bir nəfəri psixi müalicəyə cəlb etmək məqsədi ilə Maştağa qəsəbəsində yerləşən Azərbaycan Respublikası Səhiyyə nazirliyinin 1 saylı psixi xəstəxanasına getməli oldum. Xəstəxananın həyətinə daxil olanda son illər burada aparılmış tikinti-quraşdrma və yaşıllaşdırma işlərinin keyfiyyəti və miqyası doğrusu, bizi heyran etdi. Xəstəxananın həyətində aparılmış yüksək səviyyəli tikinti-abadlıq işləri, hərtərəfli həyata keçirilmiş yaşıllaşdırma, başdan-başa göz oxşayan gül-çiçək alleyaları adamın sehrli bir aləmə düşdüyü təsəvvürünü yaradırdı.

Bu sehirli aləmin yaradıcısı, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında 2008-ci ildən  baş həkim vəzifəsində çalışır. Tibb elmləri namizədidir, onlarla elmi məqalələri dərc olunmuş, dəfələrlə xaricdə beynəlxalq elmi konfrans və simpoziumların diplomları ilə təltif olunmuşdur. 30 ildən çox səhiyyəmizdə xüsusilə də psixiatriya sahəsində göstərdiyi xidmətlərə görə, Azərbaycan Respublikası Prezidentinin 16.06.2011-ci il tarixli sərəncamı ilə Əməkdar Həkim fəxri adı ilə təltif olunmuşdur

Öncə xəstəxananın baş həkimi Ağahəsən Rəsulovun iş otağında olduq. Baş həkimlə tanışlıqdan və xeyli söhbətdən sonra xəstəxanada hökm sürən yüksək əhval-ruhiyyənin, xəstələrə göstərilən xüsusi diqqət və qayğının memarının elə baş həkimin özü olması barədə yaranmış təsəvvürümüz təsdiqini tapdı. Ağahəsən həkimlə yaxından tanışlıq hər birimizdə təbii xoş təəssürat yaratdı. Baş həkimdən öyrəndik ki, hazırda xəstəxanada 2500-dən çox xəstəyə 1000 nəfərdən çox həkim, tibb işçiləri və digər xidmət heyyəti qulluq edir.

Xəstəxanada olarkən tikinti işlərinin davam etdirildiyinin şahidi olduq. Məlumat aldıq ki, xəstəxanan həyətində aparılan köhnə binanın söküntü işi xəstəxananın öz daxili imkanları hesabına gedir. Baş həkimin verdiyi məlumata görə, Səhiyyə nazir Oqtay Şirəliyev xəstəxananın iş rejimi ilə mütəmadi maraqlanır, həm özü, həm də müavinləri tez-tez xəsəxanada olurlar. Bu da burada işlərin yüksək səviyyədə aparılmasına təkan verir.

Baş həkimin otağında olarkan orada xəstələrin yüksək zövqlə ərsəyə gətirdikləri əl işlərinin nümunələri ilə tanış olduq. İlk baxışda bu işlərin xəstələr tərəfindən görülməsinə inanmaq çətin olsa da, bu nəfis yaradıcılıq işlərə hər şeydən əvvəl, xəstəxanada çalışan rəhbərliyin xəstələrə nə qədər ciddi qayğı ilə yanaşmalarının nəticəsi kimi baxmaq daha doğrudur..

Baş həkim Ağahəsən Rəsulov xəstəxananın fəaliyyəti haqqında ətraflı məlumat verərək, bunları dedi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası 1936-cı ildən fəaliyyət göstərir. Bu 77 illik fəaliyyətində xəstəxana dəfələrlə təmir olunub yenilənmişdir. 100 çarpayılıq 3 şöbə ilə fəaliyyətə başlasa da, hazırda ümimi çarpayıların sayı 1890 çarpayı olmaqla 30 şöbə ilə fəaliyyət göstərir. Xəstəxanamızın 6 qadın, 12 kişi, 4 vərəm, uşaq, yeniyetmə, infeksion, heronlotoji, qəbul, gündüz stasionarı şöbələri xəstələrlə yüksək səviyyədə xidmət göstərir. Eyni zamanda xəstəxanamızda müalicə olunan xəstələr arasında 300-dən çox sosial əlaqələrini itirmiş digər xəstələrə sahiblik edir. Xəstəxanamızın fəaliyyətində müalicə ilə yanaşı həkimlərimizin  peşəkarlıq səviyyəsini artırılması da ön plandadır. Belə ki, həkimlərimiz  Rusiya, Türkiyə və bir çox Avropa ölkələrində dəfələrlə təkmilləşdirmə kursları keçmiş, konfrans və simpoziumlarda iştirak etmişlər. Bununla yanaşı bir çox dünyanın aparıcı klinikalarının professor və həkim heyyəti xəstəxanamıza dəvət olunmuş və elmi-praktik konfransları təşkil olunmuşdur. Xəstəxanamız son 2008-2013-cü illərdə tam əsaslı təmir olunmuş və müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuşdur. 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında aparılan müalicələr müasir müalicə prinsiplərinə arxalanmaqla yeni diaqnostik-instrumental (EEQ, UZİ, EKQ, rəqəmsal rentgen müayinə, laborator və s.), klinik sorğu və digər metodlardan istifadə etməklə dəqiq diaqnoz qoyulub xəstələrin psixiatrik yönümlü müalicəsi başlanır. Eyni zamanda xəstəxanamızda xəstələrin psixatrop müalicəsi ilə yanaşı, onların digər somatik xəstəliklərinın də müalicəsi ön plandadır. Bunun üçün xəstəxana yeni müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş və digər diaqnostika məsələlərində yarana biləcək çətinliklər aradan qaldırılmışdır.

Əsas privat (ixtisaslı) müalicə etaplarla xəstənin psixi durumuna əsasən əvvəl   stasionar şəraitdə, xəstənin durumu stabilləşdikdən sonra gündüz stasionarı, reabilitasiya şöbəsində davam etdirilir. Xəstəxanada alınan kompleks müalicədən sonra, xəstələr yaşadığı ərazi üzrə psixiatrik kabinetlərdə, dispanser şöbələrində müalicəyə göndərilirlər. Xəstənin anamnestik məlumatları, psixi durumu və aldığı müalicələr haqda ətraflı məlumat həmin sahə həkimləri, psixiatrlara göndərilən xəstəlik tarixindən çıxarışda öz əksini tapır ki, bu da sonrakı davamlı müşahidə və müalicə üçün çox vacibdir. Xəstəxanamızda aparılan müalicə metodları əsasən aşağıdakılardır:

Medikamentoz - psixotrop dərmanlarla müalicə xəstəxanamızda aparılan dərman müalicəsində son nəsil antipsixotiklərdən, müasir antidepressantlardan və digər əhval-ruhiyyə stabilizatorlardan, trankvilizatorlardan, neyroprotektorlardan və nootroplardan istifadə etməklə aparılır.

Psixoterapevtik metodlar: dərman müalicəsindən sonra xəstənin psixi vəziyyəti stabilləşdikdə xəstələr psixoterapiyaya cəlb olunurlar: (qrup və individual psixoterapiya, koqnitiv psixoterapiya, idman növləri).

Reabilitasiya işləri: Uzun illər fasilədən sonra 2012-ci ildə xəstəxanada yenidən yaradılmış Psixososial Reablitasiya Mərkəzimizdə xəstələr reablitasiyanın bir çox növləri ilə (teatr və musiqi terapiyası, rəsm, heykəltaraşlıq, ebru sənəti, əl işləri və s.) məşğul olurlar. Bundan əlavə bütün şöbələrimizdə ayrıca reabilitasiya otaqları təşkil olunmuşdur. Xəstələr şöbə daxilində həmin otaqlarda reabilitasiya işləri ilə məşğul olurlar.

Elektro Konvulsiv Terapiya (EKT): Azərbaycan Psixiatriya tarixində ilk dəfə olaraq 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında Elektro Konvulsiv Terapiya kabineti yaradılmışdır. Mərkəzin fəaliyyəti 2014-cü ilin ilk aylarından başlaması planlaşdırılır. EKT kabineti ən son avadanlıqlarla təchiz olunmuşdur.

Əmək terapiyası: Ənənəvi olan Əmək Terapiyası xəstəxanada keçən əsrin ortalarından istifadə olunur. Bu metodla əmək qabiliyyəti olan xəstələrimiz Əmək Terapiyasına cəlb olunur. Əmək Terapiyasının xəstələrin psixi vəziyyətinin yaxşılaşmasında, cəmiyyətə inteqrasiya etməsində rol danılmazdır.

SƏRİYYƏ TANRIVERDİYEVA

Xəstəxananın qabaqcıl həkimləri çoxdur. Onların arasında gənc və daha çox çalışanlardan biri də Tanrıverdiyeva Səriyyə Arif qızıdır, 7 il iş stajına malikdir, 16-cı kişi şöbəsinin həkimi, Səhiyyə Nazirliyinin Sertifikasiya Şəhadətnaməsini alıb (2017)

Ağahəsən həkim xəstəxananın həkim kollektivi haqqında ətraflı məlumat verərək, onlar haqqında xeyli müsbət fikirlər söylədi. Yuxarıda qeyd etdiyimiz kimi, belə işgüzar həkimlərdən biri ilə isə, özümüz yaxından tanış olduq. Həm də ona görə ki, o, bizim xəstəmizin müalicəsi ilə məşğul olacaqdı. Bu, ilk baxışda çox səmimi insan təsiri bağışlayan Səriyyə xanım idi. Səriyyə xanım gəncdir. Gənc olmasına baxmayaraq, o, qısa müddətdə yüksək təcrübə qazanaraq, xəstələrin tez şəfa tapmasında fəal olan həkimlər arasında yer alır. Səriyyə xanım xəstəmizi ilk ümumi müayinədən keçirdikdən sonra, belə bir qəti rəyə gəldi ki, yüksək keyfiyyətli müalicə nəticəsində xəstə tezliklə normal sağlamlığını bərpa edə biləcək. Bundan sonra xəstənin ümumi durumu ilə əlaqədar xeyli müzakirə apardıq və həkimin rəyi bizi tam qane etdi. Biz xəstəni ona ayrılmış palataya yerləşdirdikdən sonra xəstəxananın güllü bağında gəzməyə çıxdıq. Xəstəxananın həyəti və ayrı-ayrı korpusların binaları ilə yaxından tanış olduqca, burada xəstələr üçün yaradılmış hərtərəfli şəraitin nə qədər yüksək zövqlə hazırlandığının şahidi olduq. Xəstələrin müalicəsi ilə yanaşı, xəstəxanada onların asudə vaxtlarının maraqlı keçməsi üçün də xeyli iş görülüb və bu işlər davam edir. Yeni kino zalının tikilməsi işinə hazırlıq gedirdi. Həkimlərlə, xidmət heyəti ilə və xəstələrlə etdiyimiz söhbətlərdən sonra belə nəticəyə gəldik ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Psixi Xəstəxanasında xəstələr üçün yaradılmış müalicə şəraiti  çox yaxşıdır.

Bu da, hər şeydən əvvəl, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının sağlamlığının yaxşılaşmasına göstərdiyi daimi diqqət və qayğının nəticəsi olmaqla bərabər, eyni zamanda, Səhiyyə Nazirliyinin və 1 saylı Psixatriya xəstəxananın baş həkimi Ağahəsən Rəsulovun ölkə Prezidentinin vətəndaşların sağlamlığının qorunması barədə verdiy göstərişləri səmərəli və vaxtında əməl etmələri ilə bağlıdır.

 

Şahnaz Salehqızı

0.10235404968262