Bayden Paşinyana tarix verdi - Azərbaycanla sülh sazişini başa çatdırın
ABŞ Prezidenti Co Bayden Ermənistanın baş naziri Nikol Paşinyana məktub göndərərək, onu 2024-cü ilin sonuna qədər Azərbaycanla sülh sazişi üzərində işi başa çatdırmağa çağırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.
"Bildiyiniz kimi, sülh sazişinin qalan maddələrinin yekunlaşdırılması əzmkarlıq, fərasət və kompromis tələb edəcək. Mən sizi bu il müqaviləni başa çatdırmağa çağırıram" , - ABŞ prezidentinin məktubunda qeyd olunub.
Bayden Paşinyanı əmin edib ki, ABŞ çoxillik münaqişəyə son qoyacaq uzunmüddətli və şərəfli sülh sazişini dəstəkləməyə hazırdır.
"Ermənistanın birliyini, suverenliyini və ərazi bütövlüyünü təmin edən sülh sazişi təkcə erməni xalqı üçün deyil, bütün Cənubi Qafqaz regionunu dəyişəcək" , - Bayden vurğulayıb.