ATA və ANA
("Mənim düşüncələrim" silsiləsindən)
Bilənlər bilir, qədim yunan alimi Arximed deyib ki, siz mənə dayaq nöqtəsi verin, mən Yer kürəsini yerindən tərpədim. Sizi bilmirəm, amma mənə elə gəlir ki, Arximed "dayaq nöqtəsi" deyəndə atasını, anasını nəzərdə tuturdu. Atadan, anadan böyük dayaq olarmı?!
Həmişə demişəm, indi də təkrar edirəm ki, ATA və ANA Allah tərəfindən insan övladına verilmiş təmənnasız xidmətçilərdir. Həyatını, varını-yoxunu "uf" demədən bizim yolumuzda xərcləyir, klassik "Məlikməmməd" nağılındakı kimi, "qa" deyəndə su, "qu" deyəndə çörək verir. Amma təəssüf ki, insan övladı təmənnasız xidməti qiymətləndirməyə qadir deyil...
Bəli, nə qədər atamız-anamız sağdır, yanımızdadır, elə bilirik ki, elə belə də olmalıdır. İtirəndən sonra qədrini bilirik, göz yaşımızı silirik, Arximed kimi "Siz mənə atamı, anamı qaytarın, mən Yer kürəsini yerindən tərpədim" deyirik. Amma nə atanı, ananı qaytaran var, nə də Yer kürəsini yerindən tərpədən. Milyon illərdir ki, Yer kürəsi yerində, min illərdir ki, ata-analar təmənnasız xidmətdədir.
Dostlar, deyirəm bəlkə təmənnasız xidməti qiymətləndirək, ata-ananın qədrini sağlığında bilək?! Dünyada dayaq nöqtəsi gəzməyə, Yer kürəsini yerindən tərpətməyə ehtiyac qalmasın...
Qalib ARİF
Paralel.az