Fransadan aqressiv və sərt addımlar: İnsanları ölkədən çıxarmaq istəyir

Fransadan aqressiv və sərt addımlar: İnsanları ölkədən çıxarmaq istəyir
 

Sosial problemlərlə yanaşı, miqrasiya, ksenofobiya, irqi ayrı-seçkilik Fransanın üzləşdiyi çoxsaylı problemlərdəndir. Ölkənin yeni baş naziri bəlli olduqdan sonra bu problemlər özünü daha qabarıq göstərir. Xüsusən də miqrasiya məsələsi. Hökumət artıq oktyabr ayını qanunsuz miqrasiya ilə mübarizədə radikal tədbirlər ayı olacağını bildirib.

Paralel.az "Kaspi" qəzetinin Fransanın miqrasiya siyasətinə həsr olunmuş məqaləsini təqdim edir.

Qanunsuz miqrantların deportasiyası sürətlənəcək

"Darmanin" adlanan yeni qanun qeyri-qanuni miqrantların deportasiyasına nəzarəti gücləndirmək üçün tədbirləri ehtiva edir. Qanun cinayət törətmiş əcnəbilərin Fransadan deportasiyasını da nəzərdə tutur.

Miqrantlarla bağlı atılacaq sərt addımları yeni daxili işlər naziri Bruno Retayo elan edib. O, Madaqaskar yaxınlığındakı adalar qrupu olan Fransanın dənizaşırı departamenti Mayottaya Afrikadan gələn qanunsuz miqrantların deportasiyasını sürətləndirməyi əmr edib. Fransada sığınacaq axtaranlar təyyarə ilə Konqo Demokratik Respublikasına (KDR) göndəriləcəklər. Əgər bu təcrübə uğurlu olarsa, gələcəkdə ölkənin Avropa hissəsinə qanunsuz gələn hər kəsə şamil edilə bilər. Nazir bir sıra Afrika ölkələri, xüsusən də Ruanda və Burundi ilə danışıqlar aparılacağını da elan edib. Fransa üçün daha böyük problem Aralıq dənizi vasitəsilə ölkənin kontinental hissəsinə gələn qanunsuz miqrantlardır. Retayo problemi radikal şəkildə həll etmək niyyətindədir.

"Bu qanun Fransa adına məğlubiyyətdir"

Bu qərarlar ölkədə hakimiyyətdən narazılığı pik həddə çatdırıb. Paytaxt Parisdə yeni qanuna qarşı etirazlar artıb. Etirazçılar prezident Emmanuel Makrondan yeni, radikal miqrasiya sənədini imzalamamağı tələb edirlər. Məlumata görə, yeni hökumət qeyri-qanuni miqrantların cəmiyyətə daxil olmasının qarşısını almaq üçün Avropa İttifaqı (Aİ) səviyyəsində daha sərt miqrasiya siyasətini təşviq etmək niyyətindədir.

Layihəyə narazılıq edənlər arasında hətta keçmiş prezident Fransua Olland da var. O bildirib ki, miqrasiya qaydalarını sərtləşdirmək üçün qəbul edilmiş qanun Fransa adına məğlubiyyətdir. "Konstitusiyaya zidd müddəalarla yeni qanun qəbul edildikdə, bu, irəliləyiş kimi qiymətləndirilə bilməz", - deyə Olland bildirib.

Narazılıqlar elə ciddi səviyyədə olub ki, Makron Fransa hakimiyyətinin miqrantlara qarşı çıxmadığına dair tələsik bəyanat vermək məcburiyyətində qalıb.

Prezidentlə nazirin gizli anlaşması?

Bu, sentyabrın 19-da formalaşdırılan Mişel Barnyenin Nazirlər Kabinetində anlaşılmazlığın ilk nümunəsidir. Xatırladaq ki, yeni hökumət azlıq hökumətidir. Koalisiyanı parlamentdə deputatların sayına görə üçüncü qüvvə olan prezidentyönlü "Respublika uğrunda birlikdə" bloku və bir sıra mərkəzçi sağ fraksiyalar formalaşdırıblar. Məsələn, Retayo 2015-ci ildən respublikaçıların sıralarındadır. Ola bilsin ki, prezidentlə DİN rəhbəri arasında heç bir anlaşılmazlıq yoxdur. İstisna deyil ki, problemin miqyasını dərk edən Makron "məcburi" hökumətin əli ilə ultra-sağ xarakterli tədbirlər həyata keçirmək və eyni zamanda sol qüvvələrin tənqidindən qaçmaq istəyir. Konkret olaraq Mayottada qanunsuz miqrantlarla bağlı vəziyyət Fransanın digər yerlərindən daha pisdir. Adalar kiçikdir, Avropadan uzaqdadır, üstəlik orada özünəməxsus problemlər var. Mayottada quraqlıq səbəbindən içməli su qıtlığı yaranıb. Minlərlə qanunsuz miqrantı da su ilə təmin etmək lazımdır. Sağyönümlü "Valeurs actuelles" jurnalı yazır ki, onları artıq nə xüsusi mərkəzdə, nə də hətta əsas həbsxanada saxlamaq mümkündür. Yerli hakimiyyətin məlumatına görə, birincinin həddindən artıq dolğunluğu 245%, ikincisinin isə 151,6% təşkil edir. Ümumilikdə Fransa həbsxanaları da orta hesabla 126,4% yükləniblər.

Yeni qanun hazırlanacaq

Artan etirazlar fonunda hökumət 2025-ci ildə ölkədə yeni miqrasiya qanununun qəbul edilməsini təklif edəcək. Bu barədə hökumət sözçüsü Mod Brejon bəyan edib. 2025-ci ildə "yeni miqrasiya qanununa ehtiyac yaranacaq", - deyə yeni hökuməti təmsil edən Brejon BFMTV telekanalına bildirib. Hökumət sözçüsünün sözlərinə görə, yeni mətnə Retayonun "təhlükəli qanunsuz əcnəbilərin inzibati saxlama mərkəzlərində saxlanma müddətinin uzadılmasına kömək etmək" təklifi daxil ediləcək ki, bu da maksimum saxlanma müddətini 90 gündən 210 günə qədər artırmağa imkan verəcək. Brejon həmçinin qeyd edib ki, növbəti mətnə işçi qüvvəsinin kəskin çatışmazlığı olan regionlarda qanunsuz işçilərin leqallaşdırılması daxil ola bilər. Qanun mətni Milli Assambleya və Senatın parlament qrupları ilə müzakirə ediləcək. "Milli Birlik" Barnye hökumətinə etimadsızlıq göstərməkdən imtina etməsini yeni immiqrasiya qanununun hazırlanmasından asılı edib. 2024-cü ilin yanvarında qüvvəyə minən son immiqrasiya qanunu kəskin müzakirələrin mövzusu olub. O vaxt nisbi çoxluğa malik olan Makronun partiyası qanunu ifrat sağçı "Milli Birliy"in bitərəf qalması sayəsində qəbul etdirə bilmişdi.

Beləliklə, Fransa miqrasiya problemlərini aqressiv və sərt addımlarla həll etməyə çalışır. Repressiv addımlarla insanları ölkədən çıxarmağa ümidlidir. Lakin bu, problemləri həll edə biləcəkmi? Görünən odur ki, buna nail olmaq asan olmayacaq.

 

0.02055287361145