Görüşmədən ayrılıq - Rövşən Kəbirli 

Görüşmədən ayrılıq - Rövşən Kəbirli 
 

"... Fələyin yazdığını mən poza bilsəydim həmən,
Onu arzumla, məramımla yazardım təzədən"
(Ö. Xəyyam)

Tələbə yoldaşı kimi son dəfə 38 il əvvəl görüşüb ayrılmışdıq İsmayıl müəllimlə. Xankəndi sakini olsa da günün çox hissəsini qaynar tələbəlik illərinin mərkəzi sayılan tələbə yataqxanasında bizimlə bərabər olurdu. Mehriban, istiqanlı, gülərüz. Qarabağın üstünü qara buludlar aldığı 1988-ci ildən sonra yaşanan qaçqın həyatı çoxları kimi bizləri də ayırdı. İsmayılı mən bir də Xankəndi azad ediləndən sonra bir xeyirxah insanın yardımıyla tapdım. Amma səsi xəstəxana divarları arasından gəlirdi, əməliyyat olunacaqdı. Ağrılar içində qırılsa da zəngimə gülərək cavab verdi. Ürək-dirək verib, şəfa dinlədim. Əməliyyatdan sonrakı dövrlərdə də tez-tez zəngləşib hal-əhval tutardıq. Danışmışdıq ki, Xankəndinə-doğma yurduna qayıdandan sonra görüşərik, daha dəqiqi qonağı olaram. Xarakter etibarı ilə həyata bağlı, pozitiv insan idi. Demə bir neçə xəstəliklə mübarizə aparırmış, üstəlik ürəyinə stend də qoyulubmuş. Amma o, heç vaxt xəstəliyini biruzə verməz, həmsöhbətinə xoş ovqat bəxş etmək üçün acılarını içində boğardı. Dünən bu acı xəbər yayılanda əvvəl inanmadım, həm də elə iş yerində, xidməti otağında qəfil ölməsi mənə təəccüblü gəldi. Axı mən onun ürək əməliyyatı keçirməsindən xəbərsiz idim.
Beləcə anidən gələn bir vaxtsız ölüm 60 yaşı yenicə tamam olmuş əziz dostumla, tələbə yoldaşımla bu dünyadakı görüşümüzün ünvanın axirətə keçirdi.
Allah sənə qəni-qəni rəhmət eləsin əziz insan! Ruhun şad, məkanı cənnət olsun!

Paralel.az 

0.017305135726929