“Azərbaycan - İran münasibətləri yaxşılaşacaq..."
– “İsrail müttəfqimiz olsa da, gərək obyektiv mövqe ortaya qoyaq”
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli müsahibəsində Yaxın Şərqdə baş verən qarşıdurmalar, Rusiya - Ukrayna müharibəsinin gedişatı, qonşu dövlətərdə cərayan edən hadisələr, eləcə də regionda və dünyada gedən digər proseslərlə bağlı sualları cavablandırıb.
Paralel.az müsahibəni təqdim edir:
Qabil bəy, əvvəlcə Yaxın Şərqdə cərəyan edən hadisələrin gedişatı barədə fikirlərinizi soruşmaq istəyirik. İsrail rəsmiləri bəyan edib ki, İranın neft infrastrukturunu və nüvə obyektlərini vurmayacaqlar, amma bütün hallarda Tehranın son hücumlarına cavab veriləcək. Siz hansı miqyasda bir cavab gözləyirsiz? - İran təşəbbüsü ələ almış kimi görünür. Son zamanlar döyüşlərin quru müstəvidə aparılacağına dair səsləndirilən fikirlər reallaşsa, İranın quru qoşunları İsrailin azsaylı ordusunu asanlıqla məğlub edə bilər. Amma Aralıq dənizində dayanan ABŞ strateji bombardmançı təyyarələrini daşıyan gəmilər və Hörmüz boğazındakı digər hərbi gəmilər İran üçün ağır psixoloji təzyiq yaradır və İslam Respublikasını ehtiyatlı hərəkət etməyə məcbur edir. Ən azından bir-iki ərəb dövləti bu məsələdə İrana dəstək versə, İsrailin imkanları azalar, qüvvələr nisbəti də kəskin surətdə İranın lehinə dəyişə bilər.
- İsrailin İranın proksi qüvvələrinə qarşı əməliyyatları öz məqsədlərinə çata biləcəkmi? Hazırda əməliyyatların miqyası kiçilib, lokal xarakter daşıyır. Sizcə yaxın dövrdə regionda hansı proseslər izlənilə bilər?
- Məncə, İsrail dron əməliyyatlarına üstünlük verəcək. Bundan başqa İranın neftayırma zavodlarını vurmaqla bağlı planlar hazırlanıb. İsrail bu hərəkətləri ilə bölgəni daha da qızışdıra, irimiqyaslı qarşıdurmaya səbəb ola bilər. İsrail bizim müttəfqimiz olsa da, gərək biz bu məsələdə obyektiv mövqe ortaya qoyaq. Çünki İsrail 38 min fələstinlini, Livanda isə 8-10 min nəfəri öldürüb. Bu, sözün həqiqi mənasında dəhşət doğurur. İsrailə dəstək verən ABŞ və bəzi Avropa ölkələridir. İsrail təkbaşına qalsa, onu hətta kiçik Livan qüvvələri də yerində oturda bilər. Amma biz görürük ki, beynəlxalq hüquq normaları ayaqlar altına atılıb. ABŞ də zərrə qədər bu normalara diqqət yetirmir. Hər vasitə ilə İsrailə ən müasir silahlar göndərir. Ən qəribəsi də budur ki, “F-35” təyyarələrinin hazırlanmasına maliyyə vəsaiti sərf edən Türkiyəyə bu təyyarələri vermədiyi halda, İsrailə pulsuz göndərir. Dünyadakı bu haqsızlıq, beynəlxalq hüquq normalarını heçə saymaq, bölgədə gərginlyi artırmaq İsraili yeni torpaqların işğalına daha da həvəsləndirir. İsrail 1947-ci ildən ərazilərini genişləndirmək, yeni əraziləri öz tabeçiliyinə keçirmək xətti tutub. İndi də İsrail mətbuatında “Böyük İsrail” layihəsinin təbliğinə başlanılıb. Burada Türkiyəyə qarşı belə ərazi iddiaları var. Ortaya atılan bu cür sərsəm fikirlər bölgədə müsbət heç nə vəd etmir.
- Bu arada İran - Rusiya münasibətlərində strateji yaxınlaşma güclənir. Pezeşkian-Putin görüşündə iki ölkənin müxtəlif sahələrdə, o cümlədən hərbi, müdafiə sektorlarında əməkdaşlığı dərinləşdirməsi qərara alınıb. Bu yaxınlaşma regionda güc balansına necə təsir edə bilər?
- İran - Rusiya münasibətləri çoxdan az qala müttəfiqlik səviyyəsinə çatıb. Bu münasibətlər hər zaman inkişaf edir. Bu yaxınlarda Pezeşkianla Putinin görüşündə də bu məsələlər müzakirə edildi. Ümumiyyətlə götürdükdə, Rusiyanın İsrailə qarşı münasibəti hər zaman mənfi olub. Ərəb - İsrial müharibəsində də Sovet İttifaqının dəstəyi nəticəsində ABŞ-dən yardım alan İsrailin bölgədə üstünlüyü ələ keçirməsinin qarşısı alınıb. Rusiya indi də İranla əməkdaşlıq edir, hərbi yardımlarını bu ölkədən əsirgəmir. İrana hava hücumundan müdafiə sistemləri, strateji qırıcı təyyarələr verilir. Bu da İranın hərbi imkanlarını gücləndirir.
- Gözləntilərin əksinə, Pezeşkian seçiləndən sonra Azərbaycan - İran münasibətlərində ciddi dəyişiklik baş vermədi. Bir neçə gün əvvəl Tehranda Baş nazirin müavini Şahin Mustafayevlə Prezident Məsud Pezeşkian arasında keçirilən görüşdə də ənənəvi ritorikadan kənar açıqlamalar səslənmədi. Yaxın dövrdə Bakı-Tehran münasibətlərində hansı dəyişikliklər baş verə bilər? Prezidentlərin görüşü mümkündürmü?
- Düşünürəm ki, Pezeşkianın dövründə İran - Azərbaycan münasibətləri daha yaxşı olacaq. Əvvəla, burada Rusiyanın da iştirakının müəyyən əhəmiyyəti var. Şimal-Cənub dəmir və quru yolu bu 3 dövləti bir-birilə yaxınlaşdıra bilər. Əlbəttə, bu İsraili bizdən küsdürəcək. Amma yaxın qonşumuz olan İranla münasibətləri düşmənçilik səviyyəsindən uzaqlaşdırmaq üçün səylər göstərməliyik. Bu, bizim üçün vacib amillərdən biridir.
- Rusiya - Ukrayna müharibəsinə gələk. Şimali Koreya Ukraynaya qarşı hərbçilər göndərir, artıq təsdiqlənmiş məlumatlar var. Bir çox ekspertlər bunu Qərbin
dişsizliyinin nəticəsi hesab edirlər. Koreyanın müharibəyə qoşulması ümumiyyətlə hansı risklərə gətirib çıxara bilər, Qərbin reaksiyası necə olacaq?
- Şimali Koreya Rusiyaya qoşun göndərdikdən sonra Qərbin aqressivliyi artıb. Bu günlərdə Cənubi Koreya sərhədləri pozaraq Şimali Koreyanın içərilərinə doğru qoşun yeritmişdi. Bu məsələnin daha da dərinləşəcəyini gözləmək mümkündür. Yaponiya Şimali Koreyaya qarşı yönəlmiş ballistik raket istehsalını artırır. Hətta Yaponiyanın yaxın vaxtlarda nüvə silahı əldə edəcəyi iddia olunur. Belə bir şəraitdə Şimali Koreyanın bu cür riskli addımlar atması bumeranq nəticə verə bilər. Bütün bunlar Koreya xalqının maraqlarına cavab vermir.
- Volodimir Zelenski sülh planını təqdim etdi və Avropa paytaxtlarını gəzdi, bu günlərdə ABŞ Prezidentinin iştirakı ilə Ramştayn formatında
liderlərin görüşü olacaq. Ukraynaya dəstəklə bağlı yeni qərarlar nədən ibarət ola bilər?
- Ramştayn toplantısında heç vaxt Qərbin Ukraynaya dəstəyinin zəiflədilməsi barədə söhbətlər getməyəcək. Əksinə, Qərbin verdiyi silahlardan istifadə ilə bağlı Ukraynanın qaldırdığı məsələlər müzakirə olunacaq. Hətta buna müsbət reaksiya veriləcəyini də söyləmək mümkündür. Artıq bu müharibə başa çatmalıdır. Həm də ədalətli və hüquq normalarına uyğun bir şəkildə. Bu da ABŞ və Böyük Britaniyadan asılıdır.
- Bizim regionda əsas diqqət Gürcüstanda 26 oktyabrda keçiriləcək parlament seçkilərinə yönəlib. Siz nə gözləyirsiz, qələbə hansı tərəfdə olacaq, qarşıdurma, xaos ola bilərmi? Bu halda Azərbaycan nə etməlidir?
- Gürcüstanda parlament seçkiləri böyük qarışıqlıqla müşayiət olunacaq. Burada qüvvələr nisbəti aşağı-yuxarı bərabərdir. Hətta deyə bilərəm
ki, müxalif qüvvələr bir qədər üstündür. Kənardan kiçik bir təkan Bidzina İvanişvilinin rejiminin devrilməsinə səbəb ola bilər. Bu zaman Gürcüstan yenidən demokratik ölkələr sırasına qayıda, hətta Mixail Saakaşvilinin yenidən prezident seçilmə məsələsi də gündəmə gələ bilər. Azərbaycan bu məsələdə heç nə edə biməz və etməməlidir də. Neytral mövqeyimizi qoruyub saxlamalıyıq. Gürcüstanın daxili işinə qarışılmamalıdır. Bu məsələ xaqın gücu ilə həll edilməlidir və düşünürəm ki, belə də oalcaq.
- Nəhayət, Azərbaycan - Ermənistan normallaşma prosesi ilə bağlı son bəyanatı erməni spiker Alen Simonyan Cenevrədə verdi. Bildirdi ki, 16 bənd üzrə razılaşma var, ən qısa müddətdə sülh müqaviləsi imzalaya bilərik. Milli Məclisin sədri Sahibə Qafarova isə Simonyanla görüşdən imtina etdi. Bunu Simonyanın mənfiyə doğru dəyişən ritorikası ilə əlaqələndirdi. Qarşıdakı həftələrdə bu istiqamətdə irəliləyiş gözləyirsizmi?
- Məncə, gec-tez sülh sazişi imzalanacaq. Müxtəlif referanslara baxmayaraq, sülh
sazişi xeyli yaxın görünür. Bölgədə vəziyyəti qarışdırmaq istəyən qüvvələr də var. Onlar Ermənistanla Azərbaycanın qarşıdurmaya girməsini istəyirlər. Bu bölgə üçün fəlakət ola bilər. Azərbaycan bu cür qarşıdurmalardan çəkinməli və sülhün tezliklə imzalanması istiqamətində səylər göstərməlidir.
E.Rüstəmli, E.Bəyməmmədli
“AzPolitika.info”