Aşınmış vicdanlar, yıpranmış ləyaqətlər...

Aşınmış vicdanlar, yıpranmış ləyaqətlər...
 

Professor İdris Abbasov 

Məsələn, AMEA-nın şıdırğı müdafiələrin keçirildiyi bir institutunun direktoru olmaq elə-belə şey deyil...
Adamın nüfuzu, "blat"ı, başəyənləri, gözükölgəliləri, şər deyənləri, qoruyucuları, hətta nökərləri, kölələri olur və s. İnzibatçılıq edib sındırırsan, sonra əməklərini rahat istismar edib öz adına yazırsan, dövlət büdcəsindən 111 manat mükafat verib başını aldadırsan. Yekə-yekə vəzifəli adamların sənə işi düşür. Biri deyir, qızımın müdafiəsini, gör, neynirsən, nə istəsən, edəcəm, bir başqası doktor olmağa hazırlaşan nəvəsindən nigarandır. İnspektor Fərzəli Cüzdanlı cibidolu gəlib minnətçi düşür ki, oğlunun müdafiəsini tezləşdirsin, yaxud İcra Hakimiyyətinin şöbə müdiri Məxmurə xanım boynunu büküb ayaq döyür möhtərəmləşdirilmiş direktorun odasına, departamentin sədri Vəliyulla Cənnətov 150 minlik maşın vəd edir, təki gül balasının alimlik işinə qəmiş qoyulmasın, it ağzından çıxmış işi təriflənsin. Tərif də ki, bizim əkələrin əlində su içmək kimi bir şeydir. Bir sözlə, rəis, nazir, prokuror, müstəntiq, nazir müavini və digərləri Baş direktora, lap göylə gedənləri isə akademiya prezidentinə ağız açıb minnətçi olurlar. Deməli, direktor vəzifəsi getdikcə şişir, bahalaşır. Ətrafında əməlli-başlı dəsətə düzəlir. Düzdür, AAK qədər olmasa da, öz miqyasında əla və rahatdır.
Beləliklə, institut yüzlərlə nəverim müdafiələrin keçirildiyi (sübut etməyə hazıram), yüzlərlə insanın işinin düşdüyü, sövdələşmələrin qaynaşdığı, "yaxşılıqlar"ın havada uçuşduğu, yalanın yallı getdiyi, elmin qürbətə üz tutduğu, plagiatçıların, maklerlərin at oynatdığı, tüfeylilərin və möhtəkirlərin tüğyan etdiyi, dövlətin ayırmalarını mənimsəyənlərin, saxta kitab çapçılarının ideal yaşam qaynağına və zövq məkanına çevrilir! İşi düşən dissertantın, doktorantın hünəri nədir ki, bu "elm" boslarının sözünün birini iki eləsin?! Qiyamət qopar. Nə desən, biçarələşdirilmiş və saxtalaşdırılmış iddiaçılar onu da edəcəklər. Təsəvvür edin, prosesdə dissertant və doktorantın ata-anası, yaxınları da həvəslə istismar olunurlar. Hətta onlardan düz söz deyən alimlərə qarşı üzəduran kimi də istifadə cəhdləri olur. Vicdandankənar akademşəbəkə elə oyun qurub ki, xalq öz ziyanına olan bu zərərli prosesdə həvəslə iştirak edir. Sonda da bir diplom verib deyirlər: "Sən alim oldun, sözə bax, həddini aşma, yəni üzümüzə ağ olma, yoxsa işinin naqislkilərini anonim məktubla ifşa edərik və AAK sənin alimliyinə son qoyar".
Deməli, dissetrtasiya şəbəkəsini idarə edən boslar özlərinə əl yeri qoyurlar. Onlar müəyyən səhifələrdə qəsdən elə xətaya yol verirlər ki, üstü açılan kimi iş ləğv olunsun. O hiyləni isə yalnız özləri bilirlər.
Əslində, Azərbaycanda nazir, icrakom, rəis-filan olmaqdansa - ən rahat yemək istəyirsənsə - rektor ol, müdafiələrin keçirildiyi elmi-tədqiqat müəssisəsinin direktoru ol, ən gözəli AAK sədri, ya müavini ol. Oranın hətta şöbə müdiri olmaq da pis deyil. Ən son momentdə prorektor, dekan və s. olmaq heç də pis deyil. Alim-akademik, professor qılafında gizlən, ye, yığ, millət balalarını əbədi şikəst et, məzələn, kefinə kef qat ki, ömrün uzansın. Dindirəndə də de ki, "əşi dövlət sevinsin ki, mən cüzi maaşa rektor, ya direktor-filan işləyirəm".
Bəs maaşına adekvat olmayan bu həngameyi-mülklər haradandır, ay vicdansız biəməl?!

Paralel.az 

0.020498991012573