ABŞ-dan İsrailə Qəzza TƏLƏBİ
ABŞ administrasiyası İsrail rəhbərliyindən 30 gün ərzində Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görməsini tələb edir.
“Paralel.az ” xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid “X” sosial şəbəkəsində məlumat verib.
Onun yazdığına görə, ABŞ Dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin israilli həmkarlarına müvafiq məktub göndəriblər. Qurum rəhbərləri qeyd ediblər ki, Qəzza zolağında vəziyyət getdikcə daha acınacaqlı hal alır və buna o cümlədən İsrail siyasi rəhbərliyinin hərəkətləri də birbaşa təsir edir.
“Bununla əlaqədar ABŞ yəhudi dövlətinin rəhbərliyindən bu istiqamətdə 30 gün ərzində konkret tədbirlər görməyi tələb edir. Blinken və Austin qeyd ediblər ki, Amerika tərəfinin tələblərinə əməl edilməməsi İsrailə hərbi yardım göstərilməsi məsələsində müəyyən addımlar atılmasına gətirib çıxaracaq”, - jurnalist yazıb.
Xatırladaq ki, daha əvvəl Nümayəndələr Palatasının bir neçə üzvü Prezident Co Baydeni Qəzza zolağında davam edən münaqişə fonunda İsrailə hərbi yardımı dayandırmağa çağırıb.