Ata ürəyi (“Mənzum şerlər” silsiləsindən)

Ata ürəyi (“Mənzum şerlər” silsiləsindən)
 

Xasiyyəti qızılgül kolu kimi sərt, tikanlı olsa da, qızılgül ləçəyi kimi gözəldir, kövrəkdir, təmizdir ata ürəyi. Bir oğuldan ötrü çiçək kimi açır, günəş kimi işıq saçır... Bir qızdan ötrü əsir, gözləri qəlbindən nəm çəkir ata ürəyi...

“Oğul bar deməkdir, evə ruzi gətirir”... Oğlan olur, ata ürəyi sevinclə dolur. Bir yandan şadlıqdan qışqırmaq istəyir, bütün dünyaya səs salmaq istəyir, “atamın adı yerdə qalmadı” deyir. Amma beyninə qəribə fikirlər də gəlir... “Görəsən kimə oxşayacaq, boylu-buxunlu, viddi-görkəmli olacaqmı?! Ən əsası, yaxşı oğlan olacaqmı, atasına-babasına layiq olacaqmı?! Bəlkə, əmisinə, ya dayısına oxşayacaq?! Axı, “yaxşı igid dayısına oxşar” deyirlər”...

“Qız bahar deməkdir, evə sevinc gətirir”... Qız olur, ata ürəyi əsir, əlində çiçək doğum evinə tələsir. Yol boyu qəribə fikirlər ona hakim kəsilir... “Gözəl qız olacaqmı, anasına, ya bibisinə, bəlkə xalasına oxşayacaq?! Onu sağ-salamat böyüdə biləcəyəmmi, yaxşı təhsil verə biləcəyəmmi, adımıza layiq köçürə biləcəyəmmi?! Yaxşıda, yamanda arxasında dura biləcəyəmmi?! Allah Kərimdir, təki yaman olmasın, yaxşı olsun”...

Oğul məktəbə gedir, oxumur. Atanın ürəyi sıxılır, başından duman qalxır. “Bunun axırı nə olacaq, dayısına-əmisinə oxşayacaq, onların tayı olacaq?!” Sonra özünə təsəlli verir, “kimə oxşayır-oxşasın, təki axırı yaxşı olsun” deyir. “Fərasətli kişi olsun, çörəyini daşdan yox, başdan çıxarsın” fikirləşir.

Qız məktəbə gedir, əlaçı olur. Ata ürəyi sevinclə dolur, uçmağa qanadı olmur. “Mənim qızımdır, üzdən də mənə oxşayır” deyir. “Bibiləri kimi, ya müəllimə, ya həkim olacaq, adımızı ucaldacar”... Arada özünə ümid də verir, ürəyinə xoş arzular da gəlir, “atasına oxşayan qız xoşbəxt olur” deyir...

Qız gəlin gedir, “Vağzalı” çalınır, ata ürəyi bir tükdən asılıdır. “Namərd” göz yaşları axıb onu ələ verməsin deyə, toy zalının tavanına baxır. Üzü gülsə də qəlbi ağlayır. “Görəsən necə olacaq, xoşbəxt olacaqmı, ata evini yada salacaqmı?! Sevinib güləcəkmi, bəlkə ağlayacaq, ata ürəyini dağlayacaq?!” Ata həyəcandan özünə yer tapa bilmir, ona arxalanmaq istəyən, ona yaxınlaşan qız anasının əlindən tutur, dili söz tutmur... “Qız alan alınca, qız verən ölüncə yalvarar” deyirlər...

Oğul toy edir, qohumlar, dostlar, tanışlar şadlıq edir. Oğul anası başda, xalalar, bibilər, bacılar, qızlar yallı gedir. Ata ürəyi yenə narahatdır... Doğrudur, oğulun evi var, işi var, maşını var. Amma atanı başqa fikirlər narahat edir... “Babası rəhmətlik həmişə deyirdi, bundan ya böyük bir adam olacaq, ya da heç zad olacaq... Görəsən necə olacaq, xoşbəxt olacaqmı, oğlu olacaq, ya qızı?! Oğluna mənim adımı qoyacaqmı?!”

Həyat davam edir... Ata ürəyi beləcə əsir-əsir, əbədiyyətə tələsir... Bir arzu, bir dilək ata ürəyinə ömürlük hakim kəsilir... “Bir ömürdür yaşadıq, təki oğul-qız xoşbəxt olsun” deyir...

Qalib ARİF

0.078727006912231