"DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA" - 5-ci HİSSƏ

 

Səxavət Əlisoy

...1984-cü ilin Aprel Plenumunda qəbul olunmuş və Mixail Qorbaçov islahatının birinci mərhələsi hesab olunan “sürətləndirmə” iflasa uğradı.

M. Qorbaçov yalnız “kadr inqilabı” adlanan “qocaların cavanlaşdırılması” prosesini uğurla başa çatdırdı. O, qısa zaman kəsimində Mərkəzi Komitənin N. Xruşşov və L. Brejnev dönəmindən qalan 100-dən artıq qoca üzvünün yerinə işgüzar saydığı və başlatdığı islahatlarda ona dəstək verəcəklərini düşünərək gənc kommunistləri rəhbərliyə gətirdi. Daha doğrusu, M.Qorbaçov “SSRİ-ni dağıtmaq üçün” inandığı kadrları başına toplamaq qərarına gəlmişdi. Mərkəzi Komitənin və Siyasi Büronun qoca üzvləri ilə M. Qorbaçov başlatdığı “əməliyyata” dəstək ala bilməyəcəyinin fərqində olduğu üçün bu “kadr inqilabı”na start vermişdi. Ekspertlər M. Qorbaçovun “təmizləmə” əməliyyatının Kommunist Partiyasının rəhbər strukturlarının 85 faizinə sirayət etdiyini yazırdı. İosif Stalin belə repressiya dönəmində rəhbər kadrların 71 faizini “təmizləmişdi”. Gerçəkdən, M. Qorbaçovun başına yığdığı komanda üzvləri onun aldığı qərarlarda böyük rol oynadı. Məhz o “gənclərin” sayəsində M. Qorbaçov SSRİ Konstitutsiyasında 6-cı maddəni dəyişərək Kommunist Partiyasının “ölümünə fərman verdi. O “gənc komanda” üzvlərini seçərkən “Kadr inqilabı”nda M. Qorbaçov yalnız bir kadrda böyük səhvə yol verdi və bu səhvi Baş Katibə çox ağır başa gəldi. Sverdlovsk vilayətindən Kremlə gətirdiyi kadr M. Qorbaçovun başının bəlasına çevrildi. Onun siyasi səhnədən getməsinə nail oldu və proseslərin sonunda M. Qorbaçovun Kremldəki kabinetini ələ keçirdi. Bu kadr Sverdlovsk Vilayət Partiya Komitəsinin birinci katibi işləyən və 1985-ci ildə şəxsən Mixail Qorbaçov tərəfindən Kremlə yüksək vəzifəyə gətirilən Boris Yeltsin idi...
“Sürətləndirmə” mərhələsinin “kadr inqilabı”ndan sonrakı qolu ölkədə ağır sənaye sayılan maşınqayırmanı dirçəltməklə böhran içərisində olan iqtisadiyyatı xilas etmək idi. Eyni zamanda çökməkdə olan kənd təsərrüfatını ayağa qaldırmaq üçün ittifaq əhəmiyyətli yeddi böyük strukturu ləğv edərək, əvəzində Aqroprom qurmuşdu M. Qorbaçov. Nə maşınqayırmada, nə də aqrar sənayedə gözlədiyi uğur əldə edildi. İqtisadiyyat sürətlə çökməyə doğru getdi. Elə buradaca bir statistikaya nəzər yetirmək faydalı olar.
Mərkəzi Komitənin 1985-ci il may plenumunda qəbul olunmuş “Ərzaq” proqramı 1990-cı ilə qədər Sovet İttifaqında ərzaq probleminin biryolluq aradan qalxmasını təmin edəcəkdi. Tam tərsi oldu. 90-cı illərin əvvəllərində Sovet İttifaqında zəruri ərzaq malları vətəndaşlara talonla verilməyə başladı. M. Qorbaçovun “sürətləndirmə” siyasətinin nəticəsi olaraq iqtisadi böhran gündən-günə dərinləşirdi. Neftin qiymətinin kəskin ucuzlaşması iqtisadi durumu daha da gərginləşdirdi. SSRİ 1979-cu ildə neftin barrelini 109 dollara satırdı. 80-ci illərin ortalarında neftin 1 barreli 30 dollara düşdü. Sovet xalqı yenidən aclıqla üz-üzə qalmışdı. Mağazalardan ət və yağ “yoxa çıxmışdı.” Bir kiloqram kolbasa almaq üçün saatlarla növbəyə dayanmaq lazım idi. Kolbasa Sovet İttifaqında xoşbəxt yaşamın simvoluna çevrilmişdi. Sovet vətəndaşları üçün növbəyə dayanmaq artıq həyat tərzinə çevrilmişdi. Ayaqqabıdan mebelə, kolbasadan avtomobilə, rəngli televizordan lüstrə... hər nə almaq istəyirsənsə mütləq növbəyə durmaq tələb olunurdu. Moskvada QAZ-24 almaq üçün 120 min vətəndaş növbəyə dayanmışdı. Avtomobil zavodu isə ildə 6 min avtomobil buraxırdı. Demək avtomobil sahibi olmaq üçün 20 il gözləmək lazım idi...
Spirtli içki satışının məhdudlaşdırılması isə çox ciddi narazılıq yaratmışdı. Apteklərə tibbi spirt belə buraxılmırdı. Alkoqoliklər əllərinə bir şey keçməyəndə odekolonu, texniki spirt içirdi. 1986-cı ildə SSRİ Daxili işlər nazirliyinin məlumatına görə il ərzində 50 mindən çox Sovet vətəndaşı alkoqol zəhərlənməsi ilə xəstəxanaya müraciət edib. M. Qorbaçov alkoqolizmə qarşı kampaniya başlatdıqdan sonra hər il milyonlarla vətəndaş ayıltma məntəqələrinin “qonağı” olurdu. Məcburi müalicə müəssisələrində il ərzində orta hesabla milyonyarım “alkoqolik” müalicədən keçirdi.
1985-ci ildə SSRİ-də yalnız rəsmi qeydiyyatda olan 42 milyon “alkoqolik və sərxoş” var idi. Dönəmin ekspertləri 2000-ci ilə qədər rəqəmin 80 milyona çatacağını vurğulayırdı. Bu, bütün əmək qabiliyyətli SSRİ əhalisinin 65%-ni təşkil edəcəkdi.
SSRİ-də 1980-ci illərin ortalarında ölən kişilərin 2%-i kəskin alkoqol zəhərlənməsindən ölürdü. Yəni, SSRİ-də il ərzində təxminən 11 min insan sırf alkoqol zəhərlənməsindən dünyasını dəyişirdi. Sovet İttifaqında baş verən qətllərin və intiharların təxminən dörddə biri alkoqoloklər tərəfindən törədilirdi.
Daha bir fakta diqqət edin. SSRİ-də hər il 351 min kişi və 135 min qadın (toplam 486 min) alkoqolla əlaqəli səbəblərdən- qara ciyər cerrozu, ürək-qan damar və tənəffüs sistemi xəstəliklərindən ölürdü. Təsəvvür edin ki, hər il SSRİ-də yarım milyonluq bir şəhər əhalisi spirtli içkilərin fəsadından yox olurdu. Bu, sadəcə, bir faciə idi. Sovet-sosialist sisteminin faciəsi idi.
Sovet xalqı niyə bu qədər içirdi?
Alkoqolizmin tək səbəbi Sovet dövlətinin- sosialist sisteminin özü idi.
Təbabət hər bir fərdin “daxili nüvə”yə malik olduğunu deyir. “Daxili nüvə” bir enerji mənbəyi kimi insanı ilhamlandırır. Ona pozitiv həyat tərzi verir və ən başlıcası daxili nüvəyə malik insan özünə və ətrafındakılara xoşbəxtlik bəxş etmək üçün axtarışda olur.
"Daxili nüvə”si olmayan və həyatda inkişaf etmək, nəyəsə nail olmaq istəyindən məhrum olanlar alkoqolik olmağa başlayır. Məhz bu şərait SSRİ-də sovet vətəndaşları üçün tam təmin edilmişdi. Şüurlu həyatı boyu yuxarılara və kommunist ideologiysına tabe olan cəmiyyətdə fərdin “daxili nüvəsi” yarana bilməzdi. Sovet insanının yaşayıb-yaratması üçün maksimim maaş 200 rubl müəyyən edilmişdi. Bu miqdar pulla nə iş görmək olardı? İstirahət etmək, xaricə getmək mümkün deyildi. Avtomobildən söhbət gedə bilməzdi. Sadəcə, rəngli televizor almaq üçün illik maaşın 6 ayına qənaət etmək lazım gəlirdi. Yeknəsək, cansıxıcı həyata məhkum edilmişdi sovet xalqı. Tək çıxış yolu istirahət günlərində dostlarla yığışıb içməkdən ibarət idi.
ABŞ soyuq savaşa start verərkən, SSRİ-ni dağıtmaq üçün müxtəlif planlar və doktrinalar hazırlamışdı. “Trümen doktrinası” və “Marşall Planı”ndan savayı o illər ABŞ-da daha bir plan hazırlanmışdı. Müəllifi 1953-1961-ci illərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin başında dayanmış Allen Dalles idi. Bu plan “tam məxfi” olduğundan onun mahiyyəti barəsində ABŞ-ın ən yüksək vəzifəliləri məlumatlı idi. Planın mətni barədə Sovet vətəndaşları ilk dəfə yazıçı Aleksey İvanov “Əbədi çağırış” romanından xəbər tutdu.
“Dalles planı”nın məqsədi millətlərin və sosial qrupların parçalanmasına, adət-ənənələrin, mənəvi dəyərlərin itirilməsinə, əhalinin mənəvi tənəzzülünə yönəlmiş təbliğat üsullarından istifadə edərək SSRİ-ni dağıtmaq idi. Nə deyirdi, Allen Dallas?
“İnsan təbiəti elədir ki, ağır günlərində həmişə çıxış yolu axtarır: bəziləri dindən yapışır, digərləri “dərmanı” işləməkdə görür. Çoxluq dərdini şərabda boğur, unudulmaz əyləncələr izinə düşənlər də olur. Ruslar (sovet xalqı nəzərdə tutulur) indi çətin anlar yaşayır. Ərini cəbhədə itirən dul qadın... sevgilisi tərəfindən tərk edilmiş gənc qız... həyatda dərhal özünə yer tapa bilməyən oğlan... - onları məzhəblərə cəlb etmək lazımdır, yoxdursa, təşkil edilməlidr. Slavyanlar bir stəkan araq içib oxumağı çox sevirlər. Onlara vətəndaş müharibəsi zamanı “samoqon” hazırlamaqda nə qədər usta olduqlarını xatırladın. Rusların bir atalar sözü var: Sərxoş üçün dəniz dizə qədərdir. Elə bir dəniz yaradın ki, sərxoşlar bizim istədiyimiz yerdə olsun. Ruslar, ukraynalılar və belaruslar yumora meyllidirlər. Gəlin onlara kömək edək! Hazırcavab söz həvəskarlarını onların bu gününü və gələcəyini ələ salan lətifələrlə silahlandıraq. Uyğun bir lətifə bəzən hətta sovet hakimiyyətinə fədakarlıqla insanlar tərəfindən ildırım sürəti ilə yayılır. Lətifə böyük qüvvədir. O, şüurda bir növ antisovetizm üçün katalizator rolunu oynayacaq. ...Hər bir xalqın ümidi onun gəncliyidir! Biz elə etməliyik ki, kommunistlərin ümidipuç olsun. Gənclərin ruhunu həyatın mənasına inamsızlıqla zəhərləyin, cinsi problemlərə maraq oyadın, dəbli rəqslər, gözəl cır-cındırlar, xüsusi plastiknalar, şeirlər, mahnılar kimi azad dünyanın cazibələri ilə onları şirnikləndirin... Uşaqlar həmişə nəsə tapacaqlar. valideynlərini qınamaq üçün. Bundan yararlanın! Gəncləri yaşlı nəsillə qarşı-qarşıya qoymaq... Mən hər bir halda ayrı-ayrılıqda müraciət edilə biləcək üsulları sadalaya bilərdim, amma bugünkü söhbətimin məqsədi bu deyil. Mən bir şeyi sübut etmək istəyirəm: kommunizmə qarşı psixoloji müharibə yollarında o qədər ixtiraçı olmalıyıq ki, kommunist təbliğatı bizimlə ayaqlaşa bilməsin!”
Sovet İttifaqına rəhbərlik edən Baş Katiblər sanki, Allen Dallesin bu dediklərini fəaliyyətlərində mayak edərək çalışdı. Onların “ əlahiddə zəhməti” sayəsində SSRİ-də çoxmilyonlu deqradant ordusu formalaşdı. Əyyaşlıq və fahişəlik, saxtakarlıq və oğurluq 80-ci illərdə epidemiya kimi yayılırdı. Əxlaq dəyərdən düşdü. Bütün bu naqisliklərin qarşısını almağa mükəlləf olan Kommunist Partiyası ideologiya olaraq yararsız olduğundan proseslərə nəzarətini itirdi. Dünyanın bütün dövlətlərində dərin iqtisadi böhranlar yaşanıb. Lakin heç bir dövlət iqtisadi böhrana rəğmən tarixdən silinməyib. Kubada və Çində iqtisadi-siyasi böhran dərinləşəndə Kommunist Partiyası ideoloji xəttindən sapmadı, xalqı özündən narazı salan addımlar atmadı. SSRİ-də isə siyasi böhranın da, iqtisadi böhranın da başında dayanan Kommunist Partiyasının bossları idi. Belə bir durumda dövlətin dağılmaqdan, yox olmaqdan başqa bir yolu qalmırdı...
Mixail Qorbaçov uğursuz “sürətləndirmə” islahatından sonra 1986-cı il fevralın 25-də Sovet İttifaqı Kommunist Partiyasının XXVII qurultayında SSRİ-də aşkarlıq (qlasnost) siyasətinə keçidin zəruriliyini elan etdi. Söhbət senzura məhdudiyyətlərinin ləğvindən, söz azadlığı və məlumat mübadiləsi prinsiplərinin bərqərar olunmasından gedirdi. 1987-ci ilin əvvəlindən SSRİ-də yeni siyasətin tərkib hissəsi kimi əvvəllər qadağan olunmuş ədəbi əsərləri və filmləri (məsələn, Mixail Bulqakovun “İtin ürəyi” hekayəsi, Tenqiz Abuladzenin “Tövbə” filmi)) nəşr etməyə və nümayiş etdirməyə başladılar. Geniş ictimaiyyət üçün qadağan olunmuş kitablar xüsusi depozitarlardan kitabxanaların açıq fondlarına qaytarılmağa başlandı, dövri nəşrlərə abunə ilə bağlı məhdudiyyətlər aradan qaldırıldı. 1987-ci ildə ATV (Müəllif Televiziyaları Birliyi) kimi ilk qeyri-dövlət televiziya birlikləri yarandı.
28 sentyabr 1987-ci ildə 1930-1940-cı illərdə və 1950-ci illərin əvvəllərində baş vermiş repressiyalarla bağlı materialları daha geniş öyrənmək üçün Sov.İKP MK Siyasi Bürosunun komissiyası yaradıldı.
30 noyabr 1988-ci ildə Sovet İttifaqında xarici radiostansiyaların dalğalarının qapanması tamamilə dayandırıldı. “Azadlıq” və “Bİ-Bİ-Sİ” kimi radostansiyalar artıq heç bir əngəl olmadan gündə 24 saat SSRİ-nin dağıdılmasına yönəlik proqramlarla sovet xalqınına “xidmət edirdi”.
1990-cı il iyunun 12-də SSRİ Ali Soveti senzuranı ləğv edən və media azadlığını təmin edən “Mətbuat və digər kütləvi informasiya vasitələri haqqında” qanun qəbul etdi. Qanun 1990-cı il avqustun 1-dən qüvvəyə mindi.
Mixail Qorbaçov 1986-cı il aprelin 8-də Tolyattiyə (Kuybışev, indiki Samara vilayəti) səfəri zamanı ölkədə baş verən dəyişiklikləri ifadə etmək üçün ilk dəfə “yenidənqurma” ifadəsini işlətdi. O partiaya fəalları ilə görüşdə “Biz cəmiyyətin bütün sahələrinin köklü şəkildə yenidən qurulması yolunu tutmuşuq” dedi.
27 yanvar 1987-ci ildə "yenidənqurma" sözü artıq siyasi şüar kimi baş katibin Mərkəzi Komitənin plenumunda məruzəsi zamanı eşidildi. Sonralar yenidənqurma 1985-1991-ci illərdə SSRİ-nin daxili və xarici siyasətindəki bütün dəyişikliklərin məcmusu kimi başa düşülməyə başladı.
M. Qorbaçov nəyi yenidən qurmaq istəyirdi?
Öncə oxucuları bir sənədlə tanış etmək fikrindəyəm. 80-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik komitəsi “Harvard layihəsi” adlanan bir sənəd ələ keçirmişdi. Sənəd 3 hissədən ibarət idi. 1. Yenidənqurma. 2. İslahatlar. 3. Yekun.
Sənədin birinci hissəsinin preambulasında yazılmışdı ki, XX əsrin sonu XXI əsrin əvvələrində bəşəriyyət xammal və enerji resurslarının azlığı üzündən dəhşətli böhranla qarşı-qarşıya qalacaq. Anqlosakson analitikləri hazırladıqları proqramda o nəticəyə gəlmişdilər ki, bəşəriyyətin xilası qüvvələri səfərbər edib ABŞ prezidenti Ronald Reyqanın “Şər imperiyası” adlandırdığı SSRİ-nin dağılmasına nail olmaqdan keçir. Proqramın 3 beşillikdə həyata keçirilməsi müəyyən edilirdi.
1-ci beşillik- 1985-1990-cı illəri əhatə etməklə “Yenidənqurma” adlanırdı. “Yenidənqurma” aşkarlıq siyasəti ilə “sosializmdən kapitalizmə keçid” üçün islahatlar aparmalı və bu prosesə birbaşa Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin başçılıq etməsi məqbul sayılırdı.
2-ci beşillik-1990-1995 ci illəri əhatə edirdi və “İslahatlar” adlanırdı. Burada qarşıya qoyulan vəzifə aşağıdakılar idi:
a. Sosialist sisteminin ləğvi
b. Varşava müqaviləsinin ləğv edilməsi
c. Sovet İttifaqı Kommunist Partiyasının ləğv edilməsi
d. SSRİ-nin ləğv edilməsi
e. Vətənpərvər sosializm şüurunun ləğvi.
Bu beşilliyə digər bir lider rəhbərlik etməliydi.
3-cü beşillikdə (Yekun) 1996-2000-ci illər nəzərdə tutulurdu və aşağıdakı məqsədlərə çatmaq qarşıya qoyulmuşdu:
a. Sovet ordusunun ləğvi
b. Rusiya dövlətinin ləğv edilməsi
c. Sosializmin bütün atributlarının (pulsuz səhiyyə, pulsuz təhsil və sair) ləğvi
d. Özəl mülkiyyəti təmin etməklə ictimai və dövlət mülkiyyətinin ləğv olunması
e. Moskvada və Leninqradda ərzaq bolluğunun və hüzur içində yaşamın ləğvi.
«Harvard layihəsi” ləğv olunacaq SSRİ-də 30-40 kiçik müstəqil dövlət yaratmağı planlaşdırırdı...
Göründüyü kimi, “Harvard layihəsində” 15 il müddətində SSRİ-nin dağılması planlanmışdı. Bu dağılmanın iki Baş Katibin dönəmində yekunlaşacağı proqnozlaşdırılırdı. Lakin Mixal Qorbaçov 6 il müddətində “Harvard lajihəsi”nin əsas müddəalarını “həyata keçirməyə nail oldu.”
Nikita Xruşşov və Leonid İliç Brejnev soyuq savaş dönəmində “Trümen doktrinası”nın bəzi maddələrinə əməl etməklə artıq ABŞ-ın qurduğu tora düşmüşdü. Ancaq onların hər ikisi əsla SSRİ-nin və sosialist sisteminin dağılması barədə düşünmürdü. N. Xruşşov da, L. Brejnev də ABŞ-la strateji silahların azaldılması üçün müəyyən razılığa gəldilər, müqavilələr imzalandı. Onlar bu addımı SSRİ-nin sülhsevər mahiyyətinə uyğun gəldiyi üçün atdıqlarını deyirdi. Və hər ikisi də ABŞ-la bağladıqları müqavilədən o qədər məmnun idi ki, öz fərmanları ilə öz yaxalarına “Beynəlxalq Lenin Sülh mükafatı”nın nişanını taxdı. N. Xruşşovun və L.Brejnevin silahsızlaşma məsələsində ABŞ-a etdiyi güzəştlər əhəmiyyətinə görə SSRİ-nin hərbi qüdrətinə ciddi təsir edəcək gücdə deyildi. Ancaq Mixail Qorbaçovun Ronald Reyqanla nüvə silahların azaldılmasına dair bağladığı müqavilə ( SSRİ-nin 186, ABŞ-ın 86 nüvə başlığı daşıyan raketləri məhv etməsi nəzərdə tutulur) nəticəsində SSRİ-nin hərbi gücünə çox ağır zərbə vuruldu. M. Qorbaçov əslində birtərəfli qaydada tərkisilah müqaviləsi imzaladı. Məhz bu müqavilənin bağlanmasından və raketlərin məhv edilməsindən sonra ABŞ SSRİ-nin məhvini daha da sürətləndirdi. M. Qorbaçovun ABŞ-a göstərdiyi “ayı xidməti” isə Vaşinqtonun təklifi ilə Nobel Komitəsi tərəfindən “Nobel Sülh mükafatına” layiq görüldü.
Mixail Qorbaçovun SSRİ-ni dağıtmaq üçün atdığı addımların aydın görünməsi üçün daha statistikaya müraciət edək:
1. 1985-ci ildə M. Qorbaçov hakimiyyətə gələrkən, SSRİ-nin qızıl ehtiyatı 790 ton idi. 1990-cı ildə SSRİ-nin qızıl ehtiyatı 239 tona düşdü.
2. 1985-ci ildə SSRİ-nin xarici borcu 31,3 milyard dollar idi. 1990-cı ildə bu borc 70,3 milyarda yüksəldi.
3. M. Qorbaçov hakimiyyətə gələrkən SSRİ iqtisadiyyatının rəsmi artım tempi müsbət 2,3 faiz idi. 1990-cı ildə bu temp mənfi 11 faiz təşkil edirdi...

"TƏŞƏBBÜS" VƏTƏNDAŞ PLATFORMASI

0.020053148269653