Yeni dövrün neftindən faydalana biləcəyikmi? -Dos.ilham Əhmədov
Datalar yeni dövrün neftidir. Bəzi ekspertlər qeyd edirlər ki, dövlətdə yüksək post tutan gənc menecerlərin bir qismi məlumatlarla, datalarla işləyirlər. Bu özlüyündə yaxşı haldır, əgər proses tam və mülkəmməl olarsa.
Qeyd edək ki, datalar, məlumatlar düzgün qərarlar qəbul etmək üçün mühümdür. Amma bu məlumatlardan əlavə menecerlərdə həm də "nəyi, niyə, nə vaxt, necə etmək" haqqında dərin bilgilər də olmalıdır. Peşəkarlıq bax burda lazımdır. Quru rəqəmlərlə manipulyasiya etməklə düz qərarlar vermək, yaxşı nəticələr əldə etmək mümkün deyil.
Əgər əldə olan dataları səmərəli emal edən alqoritmlər yoxdursa, bu dataların heç bir əhəmiyyəti olmaz. Datalar sanki, xammaldır, ilkin materialdır, "nəyi və necə etmək" isə alqoritmdir, düzgün qurulmuş bir prosesdir, səmərəli emal texnologiyasıdır.
Dataların bolluğu, alqoritmlərin azlığı, qərarların səhvliyi nəticələrin yoxluğunu yaradır. Bu bir çox sahələrin idarəedilməsində özünü göstərir.
Mühüm olan xammalı emal edən texnologiyanın mövcudluğudur. Hətta bəzi menecerlər özləri də etiraf edirlər: "biz nə etmək lazım olduğunu bilirik, amma necə etmək lazım olduğunu bilmirik".
Təbii. Bu bir elmdir. Bunsuz son məqsədə çatmaq mümkün deyil. Proseslər düz qurulmadığı halda, qərarlar və nəticələr səhv olacaqdır. Bu mənada ilkin məlumatlar, müxtəlif datalar faydasız olacaqdır.
Statistika komitəsində ölkə həyatına dair çox məlumatlar, datalar var, lakin bu o demək deyil ki, onlar ölkəni idarə edə bilərlər. Onların vəzifəsi bu dataları vaxtında aidiyyatı üzrə mütəxəssislərə çatdırmaqdır.
Datalar yeni dövrün neftidir, ondan yüksək oktanlı benzin almaq üçün isə elm, peşəkarlıq, təcrübə, səriştə və mükəmməl texnologiyalar lazımdır. Bunları yaradan və icra edənlər insan kapitalıdır. Ona görə neft kapitalını insan kapitalına çevirmək istəyirdik. Bunu keyfiyyətli edə bilmədik deyə, yeni dövrün neftindən də faydalana bilmirik.
Paralel.az