VAŞİNQTON BAKIDAN NƏ İSTƏYİR? - “Rusiya və İranla qarşıdurma arzuolunandır...”
ABŞ dövlət katibinin müavini Ceyms O`Brayen Rusiya və İranın yaratdığı təhlükəsizlik arxitekturasının Cənubi Qafqaz ölkələri üçün arzuolunmaz olduğunu bildirib.
“Regional (Cənubi Qafqaz) təhlükəsizliyin əsas oyunçuları kimi Rusiya və İran oxu ətrafında qurulmuş gələcək qeyri-sabit və arzuolunmazdır, o cümlədən Ermənistan və Azərbaycan hökumətləri üçün”, - O’Brayen bildirib.
ABŞ rəsmisinin bəyanatını şərh edən politoloq Fərhad Məmmədov bildirir ki, Azərbaycan liderləri 25 il əvvəldən bu qənaətdədirlər.
Onun sözlərinə görə, ona görə də Azərbaycan Gürcüstan və Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərini üçtərəfli formatda rəsmiləşdirib
“Təəssüf ki, Vaşinqtonun buna həmişə biganə münasibəti olub. Azərbaycanın ABŞ-nin maraqlarına uyğun olan bütün strateji layihələri bu üçtərəfli formatda baş verir”, - o, əlavə edib.
Ekspert xatırladır ki, Azərbaycan KTMT-yə daxil olmayıb, Rusiyanın lider olduğu Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Gömrük İttifaqının (Gİ) üzvü deyil.
O, əlavə edir ki, Azərbaycanla Rusiyanın ticarət əlaqələri var və bu təbiidir: “Moskva ilə Bakının yalnız müttəfiqlik əməkdaşlığı barədə birgə bəyannaməsi var ki, bu da Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarmağa imkan verdi”.
F.Məmmədov deyir ki. Azərbaycanın İranla münasibətləri mürəkkəb və ziddiyyətlidir: “Rusiya, Azərbaycan və İranın iştirakı ilə Şimal-Cənub nəqliyyat dəhlizi yalnız iqtisadi layihədir, hər hansı bir oxun formalaşmasına işarə yoxdur. Azərbaycanda gələcək inkişafın oxu Şərq-Qərb və Şimal-Cənub vektorlarında formalaşır. Bakı ilə razılaşdırılmış bütün layihələr işləkdir”.
Ermənistana gəldikdə, politoloq bəzi xatırlatmaları vacib hesab edir: “Ermənistan Rusiyanın müttəfiqidir, ölkə KTMT, Aİİ və Gömrük İttifaqının üzvüdür. Ermənistanda rus hərbi bazası var, Rusiya FTX isə Ermənistanın Türkiyə və İranla sərhədlərində dayanır. Paşinyan hökuməti Rusiya ilə ticarət dövriyyəsini bu il 14-16 milyard dollara çatdırır. Yəni Ermənistanın Rusiya ilə tam paket əməkdaşlığı var”.
Ekspert onu da qeyd edir ki, Ermənistanın İranla əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir və onlar inkişaf edir, dərinləşir: “Ən azı Paşinyan son bir neçə ildə Xamnei ilə görüşən regionun yeganə lideridir. İran Aİİ ilə Ermənistan vasitəsilə qarşılıqlı əlaqə qurur. Yəni bu, Ermənistan Moskva və Tehran oxunda olmağın bariz nümunəsidir. Bəs ABŞ buna necə reaksiya verir?! Mən sadəcə olaraq məlum olan şeyləri sadalamaqla vaxt itirmək istətmirəm. İndiki Amerika administrasiyasının dezavantajı ondan ibarətdir ki, bu cür bəyanatlar verərkən, ilk növbədə, sonrakı addımlarında uyğunsuzluq nümayiş etdirirlər. ABŞ Ermənistanla yaxınlaşıb və onun siyasətinin ağlabatan adlandırır, əksinə, Azərbaycanı özündən uzaqlaşdırmaq üçün hər şeyi edir. Prezident İlham Əliyev bu uyğunsuzluğu nankorluq adlandırır. Yaxşı, O`Brayenin bəyanatından biz başa düşdük ki, bu məsələlər region ölkələri üçün arzuolunmazdır. Bəs arzuolunan nədir, o deyilmir”.
Fərhad Məmmədovun sözlərinə görə, ABŞ-nin hərəkətləri və təhriki əsasında belə qənaətə gəlmək olar ki, Vaşinqton üçün region ölkələri ilə Rusiya və İranın qarşıdurma arzuolunandır.
Ona görə də məsələn, Azərbaycanın Rusiya və İranla münasibətlərdə müstəqil siyasət yürütməsi Vaşinqtonda məmnunluq doğurmur. ABŞ-də seçkilərə az vaxt qalıb və mən indiki administrasiyanın məğlub olmasını səmimi qəlbdən istəyirəm. Şünki bu uyğunsuzluq və qərəzlilik bütün rasionallıq sərhədlərini aşır”, - politoloq vurğulayıb.
Rasim Əliyev