Regionda siyasi pandemiya hökm sürür...” – “Buna hazır olmalıyıq”
ABŞ-də yaşayan tanınmış azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus BMT-nin 79-cu sessiyası çərçivəsində baş verən prosesləri və regionda cərəyan edən hadisələri, perspektivdən gözləntiləri “AzPolitika”-ya şərh edib.
Müsahibəni oxuculara təqdim edirik:
- Ramiz bəy, əvvəlcə bu ayın ilk həftəsində işini başa çatdıran BMT Baş Assambleyasının 79-cu sessiyasının yekunlarını dəyərləndirməyinizi rica edirəm. Bu təşkilat haqqında artan tənqidlər fonunda beynəlxalq nizam sistemində islahatlar mümkündürmü?
- BMT Baş Assambleyasının 79-cu sessiyası Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü, 2023-cü il oktyabrın 7-də İsrail və HƏMAS təşkilatı arasında Qəzza zolağında başlayan Yaxın Şərq müharibəsi fonunda baş tutduğu üçün ötənilki 78-ci sessiyanın bir çox tezislərini təkrarladı. Oxşar sülh çağırışları, BMT və onun Təhlükəsizlik Şurasında təcili islahatlar aparılmasına dair söhbətlər həm ötən sessiyada, həm də indiki sessiyada səsləndirilib. Amma gördüyümüz kimi, o vaxtdan bəri heç bir dəyişiklik baş verməyib və açığını desəm, olacağını gözləmirəm də. Bütün bunların səbəbini isə BMT Nizamnaməsinin özündə axtarmaq lazımdır, o cümlədən özünü ondan üstün tutan ABŞ, ÇİN, Rusiya, Böyük Britaniya və Fransa kimi BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün xüsusi hüquqlarıdır. Bu ölkələr BMT-nin mövcud olduğu bütün illərdə müntəzəm olaraq beynəlxalq hüququ pozduqları zaman veto hüququndan öz maraqları üçün istifadə ediblər. Ona görə də bu ölkələr veto hüququndan məhrum edilməyincə, həm BMT Təhlükəsizlik Şurasının, həm də bütövlükdə BMT-nin özündə hər hansı islahatdan danışmağa ehtiyac yoxdur.
Sessiyada əsas diqqət Ukrayna - Rusiya müharibəsinə, Zelenskinin ABŞ liderləri ilə təmaslarına yönəldi. Bu görüşlərin nəticələrini necə şərh edirsiniz?
- Ukrayna Prezidentinin ABŞ-yə səfəri, həm BMT Təhlükəsizlik Şurasında, həm də BMT sessiyasındakı çıxışları Rusiyanın Ukraynaya təcavüzü mövzusunu bir daha gündəmə gətirmək imkanı verdi. Bu, BMT-nin cari sessiyasının gündəliyində duran əsas məsələ idi. Bundan əlavə, Prezident Zelenskinin ABŞ siyasi isteblişmentinin bütün liderləri ilə kifayət qədər mühüm görüşləri, o cümlədən Ağ Evdə Prezident Baydenlə görüşü, Konqres liderləri ilə təmasları və seçki kampaniyasının əsas namizədləri Kamala Harris və Donald Trampla bir araya gəlməsini qeyd etmək olar. Düşünürəm ki, seçki kampaniyasının sonuna kimi biz Ukrayna Prezidentinin ABŞ-yə səfərinin bəzi nəticələrini birbaşa döyüş meydanında görəcəyik.
- Sessiya çərçivəsində Türkiyə və Ermənistan liderləri görüşdü, bu görüş iki ölkə arasında münasibətlərin bərpa olunmasına necə təsir edə bilər? Türkiyə normallaşma prosesini Azərbaycan - Ermənistan sülh danışıqlarının nəticələrinə uyğunlaşdırırmı, yoxsa bu Ankara ilə İrəvan arasında qarşılıqlı maraqlar əsasında həll olunacaq?
-Türkiyə Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüş Nikol Paşinyanın təşəbbüsü və xahişi ilə baş tutub və müsbət məcrada keçib. Ermənistan xarici oyunçular və ilk növbədə Rusiya tərəfindən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacağı təqdirdə üzləşəcəyi mümkün təzyiqlərə qarşı Türkiyənin dəstəyini almağa çalışır. Şübhə etmirəm ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması birbaşa Azərbaycan və Ermənistan arasında barış prosesinin uğurundan asılı olacaq. Yəqin ki, bu reallıq Nyu-Yorkda Türkiyə Evində keçirilən görüşdə Baş nazir Paşinyana izah edilib.
- Maraqlıdır, Nyu-Yorkda Bayden administrasiyası Gürcüstanın Baş nazirinin ziyafətə dəvətini ləğv etmişdi, ümumiyyətlə ABŞ və Gürcüstan heyətləri arasında heç bir təmas olmadı. Bu və ya Avropa İttifaqının təzyiqləri və əlavə sanksiyalar Gürcüstanda 26 oktyabr seçkilərinin nəticələrinə necə təsir edə bilər? Bu seçkilərdən nə gözləyirsiz?
-ABŞ-nin hazırkı administrasiyası və onun Avropa İttifaqındakı tərəfdaşlarının Gürcüstanla bağlı siyasəti kifayət qədər sinxrondur və indiki hakimiyyətə qarşı yönəlib. Gürcüstanda 2024-cü ilin oktyabr ayının sonunda keçirilməsi planlaşdırılan seçkilərin nəticələrindən çox şey asılı olacaq. Həm Qərbdən, həm də Rusiyadan uzaq durmağa çalışan, getdikcə Türkiyə və Azərbaycana yaxınlaşan rəsmi Tbilisinin siyasəti ABŞ və onun Avropadakı müttəfiqlərinin xoşuna gəlmir. Gürcüstan və onun cəmiyyəti 2008-ci ilin avqustunda Rusiyanın təcavüzündən sonra ABŞ və onun Avropadakı tərəfdaşlarının xəyanətini çox yaxşı xatırlayır. Çünki bundan sonra onlar Rusiyanı nəinki təcavüzə görə cəzalandırdılar, əksinə onun maraqlarına uyğun olan sazişlə razılaşdılar. Gürcüstan cəmiyyətində qütbləşmənin əsas səbəbi də budur.
- Yaxın Şərqdə cərəyan edən hadisələri necə dəyərləndirisiz? İrana bağlı proksi qüvvələr İsrail tərəfindən məhv edilir. Yaxın zamanlarda İranın, başqa ölkələrin birbaşa qoşulduğu genişmiqyaslı müharibə mümkündürmü? Ümumiyyətlə regiondakı proseslərin gələcək inkişafını necə görürsüz? Azərbaycan bu həssas dönəmdə nə etməlidir?
- Azərbaycanın həm Rusiya, həm də İranla böyük quru sərhədi var və bu iki ölkə bu gün birbaşa hərbi münaqişədədir: Rusiya Ukraynaya qarşı müharbə aparır, Yaxın Şərqdəki toqquşmalar isə İranla İsrail arasında birbaşa hərbi münaqişə riskini artırır. Ümid edirəm ki, bu gün Azərbaycanın bir çox vətəndaşı pandemiyadan başlayaraq son illər ərzində davam edən quru sərhədlərimizin bağlanmasının vacibliyini daha yaxşı başa düşür. Hazırda regionumuzda “siyasi pandemiya” hökm sürür və buna hazır olmaq çox vacibdir. Qonşu Ermənistana və Gürcüstana baxın, Ukrayna və Moldovada da vəziyyət bundan yaxşı deyil. Ona görə də Azərbaycanda daxili sabitliyin qorunması və üzləşdiyi risklərin düzgün qiymətləndirilməsi çox vacibdir.
- BMT sessiyası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri də Blinkenin vasitəçiliyi ilə görüşdü, amma nəticə əldə olunmadı. Nazir Bayramov sessiyada çıxışında bildirdi ki, Konstitusiyadakı ərazi iddiaları çıxarılmayınca, sülh və ya aralıq sülh layihəsinin imzalanması mümkün deyil. Nə gözləyirsiz, COP-a qədər irəli addım atıla bilərmi?
- ABŞ dövlət katibinin vasitəçiliyi ilə BMT-nin Nyu-York sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş Ağ Ev administrasiyasının təşəbbüsü ilə baş tutub. Məqsəd seçki kampaniyasında istifadə etmək üçün tərəflər arasında bir növ sülh sənədi əldə etmək idi. Ermənistan tərəfindən Azərbaycanın tələbləri yerinə yetirilmədiyindən görüş uğursuz alınıb və bu, ilk növbədə, həm Ermənistan Konstitusiyasında dəyişikliklərə, həm də ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı birgə mövqeyə aiddir. Bu məsələlərdə irəliləyiş yoxdursa, sülh prosesində müsbət nəsə gözləməyin mənası yoxdur. ABŞ və Ermənistan tələsir, Azərbaycan isə tələsmir, çünki biz işğal olunmuş bütün ərazilərdə tam suverenliyimizi bərpa etmişik. Bizə başqasının ərazisi lazım deyil, amma özümüzünküləri başqasına vermərik və Qərb bunu nə qədər tez başa düşsə, bölgəmizə sülh bir o qədər tez gələcək.
E.Rüstəmli