ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb
 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2024-cü ilin birinci yarısında üzləşdiyi maliyyə zərərinin səbəblərini açıqlayıb.

Paralel.az xəbər verir ki, “Report”un sorğusuna cavab olaraq ASCO-dan bildirilib ki, Gəmiçilik hər il fəaliyyətini mənfəətlə başa vuran və səhmdarına dividend gətirən dövlət müəssisələrindən biridir.

"Ötən il icra olunan və cari il üçün nəzərdə tutulan genişhəcmli investisiya layihələri, eləcə də Xəzərdə ASCO-nun iştirakçısı olduğu bir sıra kommersiya layihələrinin yekunlaşması nəzərə alınmaqla, 2024-cü il üçün müəyyən zərər planlaşdırılıb. Lakin ASCO-da həyata keçirilən optimallaşma işləri, gəmi alışı və tikinitisi üzrə vaxtında icra olunan irihəcmli investisiya layihələrinin hesabına, gözlənilən maliyyə zərərini daha aşağı səviyyədə saxlamaq mümkün olub. Təhlillər onu göstərir ki, cari ilin yekununda obyektiv səbəblərdən zərərdən yan keçmək mümkün olmasa da, nəticə əvvəl proqnozlaşdırılandan daha nikbin olacaq", - açıqlamada deyilir.

Qeyd edilib ki, ASCO-da cari ilin hesabatlarının auditi ən qabaqcıl təcrübəyə uyğun olaraq növbəti ilin ilk rübündə yekunlaşır. Bununla belə, ASCO üzrə 6 aylıq audit olunmamış ilkin maliyyə nəticələri barədə ətraflı məlumat müvafiq açıqlamalar və təhlillərlə birgə bunlardır.

"ASCO-da 6 ayda maliyyə nəticəsi ilkin gözlənilən 22,3 milyon manata qarşı 16,9 milyon manat təşkil edib. Qeyd olunan maliyyə nəticəsi ASCO üçün öncədən gözlənilən idi və bu, bir sıra obyektiv faktorlarla əlaqədardır.

Belə ki, 2024-cü il üçün Xəzərdə bir sıra yerli və xarici neft-qaz layihələri yekunlaşdığından bu layihələrə xidmət edən ixtisaslaşmış gəmilər işlərə cəlb olunmayıb. Eyni zamanda, bu il üçün planlaşdırılan bəzi yeni layihələrin növbəti illərə keçməsi də, ixtisaslaşmış gəmilərin işlə yüklənməsinə neqativ təsir edib. Xəzərin Azərbaycan sektorundan kənarda da sözügedən ixtisaslaşmış gəmilər üçün layihələr mövcud olmayıb. Beləliklə, proqnozlaşdırılan, eləcə də gözlənilməyən bu və ya digər obyektiv faktorlar gəlirlərin düşməsinə səbəb olub.

Bununla bərabər, müəyyən dövrdə işsiz qalan bu cür ixtisaslaşmış gəmilərdə ASCO optimallaşma işləri aparır, onların xərclərinin minimumda saxlanılması üçün müvafiq önləyici tədbirlər görür. Qeyd edək ki, yuxarıda sadalanan obyektiv faktorlarla əlaqədar, əsasən xarici neft-qaz layihələrinə xidmət edən ixtisaslaşmış gəmilərin gəlirləri ötən illə müqayisədə təkcə 6 ayda təxminən 29,4 milyon manat düşüb. Əlbəttə ki, bu müvəqqəti xarakter daşıyır, yerli və xarici partnyorlarla aparılan danışıqlara əsasən, növbəti illərdə yeni layihələrin başlanılması və gəlirlərin tədricən bərpa olunması gözlənilir", - Gəmiçiliyin məlumatında qeyd olunur.

Bildirilir ki, eyni zamanda, hasilat planlarına uyğun olaraq, 2024-cü il üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) həyata keçirdiyi neft-qaz layihələrində ASCO-nun təqdim etdiyi gəmi xidmətlərinə də tələbat azalıb. Bu da ümumi gəlirlərin düşməsinə təsir edib. Bununla yanaşı, SOCAR ilə strateji partnyorluq və əməkdaşlıq münasibətləri artan dinamika ilə inkişaf edir və müvafiq layihələrlə əlaqədar ixtisaslaşmış gəmilər üçün də növbəti illərdə tələbatın artması gözlənilir.

"Maye yük daşıyan tankerlər və quru yük daşıyan gəmilərdə yükdaşıma həcmində qeydə alınan müəyyən qədər azalma da əsasən Xəzər və Xəzərdən kənarda mövcud regional və geosiyasi faktorlarla əlaqədardır. Belə ki, cari ildə Xəzər üzərindən keçməsi planlaşdırılan xam neft həcmləri ASCO-dan asılı olmayan səbəblərdən ilin əvvəlində proqnozlaşdırılan və vəd edilən həcmdə olmayıb. Eyni zamanda, Xəzər və Xəzərdən kənar hövzələrdə gözlənildiyi kimi, quru yük daşıma tariflərində düşmə müşahidə edilib ki, bu da gəlirlərin enməsinə təsir göstərib", - açıqlamada deyilir.

Qeyd olunub ki, sözügedən dövrdə öncədən proqnozlaşdırılmayan xərc artımları da baş verib: "Belə ki, ASCO-nun aldığı yanacaq və sürtkü materiallarının qiymətlərində, eləcə də ASCO-nun gəmilərinin daxil olduğu limanlarda müvafiq liman yığımlarında artımlar kommersiya bazarında mövcud obyektiv faktorlarla bərabər, Gəmiçiliyin maliyyə vəziyyətinə mənfi təsir göstərib. Bundan əlavə, mal-materiallar, ehtiyat hissələri, gəminin təminat xərcləri, müvafiq üzən və sahil heyətin əməkhaqqı və qida xərcləri, sığorta xərcləri, eləcə də digər saxlanma xərclərində də artım baş verib".

ASCO hesab edir ki, cari ildə gəlirlərə təsir edən obyektiv faktorlardan biri də gəmilərin təmir planı olub. Belə ki, bir çox gəmilərin dövrü məcburi təmiri bu ilə təsadüf edib ki, həmin gəmilər istismardan kənarda təmirdə olaraq, daha az gəlir formalaşdırıb.

"2023-cü və 2024-cü illər ASCO-nun tarixində ən geniş investisiya planının icrası dövrü olub. Belə ki, sözügedən dövrdə ASCO strateji partnyoru olan SOCAR ilə birlikdə hər birinin yükgötürmə imkanı 115 min ton olan 4 ədəd “Aframax” tipli tanker alaraq istismara qəbul edib. Bununla da, tarixində ilk dəfə bu cür iritutumlu tankerlər seqmentinə daxil olub. Bundan əlavə, ASCO investisiya qoyuluşu istiqamətində daha bir ilkə imza ataraq, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlıq edərək, 1 ədəd təxminən 38 min ton yükgötürmə imkanlı “Handysize” tipli quru yük gəmisi alaraq istismara verib. Bu məqsədlər üçün ASCO yerli bazarda 150 milyon ABŞ dolları həcmində istiqraz buraxıb və EBRD-dən 21 milyon ABŞ dolları həcmində kredit cəlb edib.

Hazırda ASCO ümumi investisiya dəyəri 110 milyon ABŞ dolları olan daha 1 ədəd “Aframax” tipli tankerin və 1 ədəd “Handysize” tipli quru yük gəmisinin alışı üzərində işləyir. Bundan əlavə, ASCO SOCAR-ın neft-qaz layihələrinə xidmət edəcək 7 gəminin tikintisi üçün cari ildə Bakı Gəmiqayırma Zavodu (BGZ) ilə ümumi dəyəri 106,5 milyon ABŞ dolları olan müqavilə imzalayıb. Həmçinin cari ildə BGZ-də 60,8 milyon ABŞ dolları həcmində 2 ədəd tankerin tikintisi üçün müqavilə imzalanıb. Beləliklə, əvvəlki illərdə sifariş olunan keçid layihələr də nəzərə alınmaqla, hazırda BGZ-də ASCO-nun sifarişinə əsasən ümumi müqavilə dəyəri 260,2 milyon ABŞ dolları olan 11 gəminin tikintisi həyata keçirilir. Bu gəmilər üzrə tikinti müddəti dövründə növbəti 2-3 il ərzində ASCO-nun daxili vəsaiti və borclanma hesabına ödəniləcək məbləğ 203,7 milyon ABŞ dolları təşkil edir", - məlumatda vurğulanıb.

Açıqlamaya əsasən, qeyd olunan irihəcmli investisiya layihələri, əlbəttə ki, ASCO-nun maliyyə nəticələrinə təsirsiz ötüşməyib. Qısamüddətli dövrdə bu gəmi alışı və tikintisi layihələrinin investisiya yükü maliyyə nəticələrinə təsir etsə də, orta və uzunmüddətli perspektivdə bu cür investisiya layihələri çox böyük strateji əhəmiyyətə və maliyyə nəticələrinə müsbət töhfəyə malikdir, ASCO-dan bildirilib.

"Beləliklə, cari ilin 6 ayında yuxarıda qeyd edilən obyektiv faktorların təsiri altında maliyyə nəticəsi zərər görünsə də, qoyulmuş investisiyalar, gəlirlərin artırılması və xərclərin optimizasiyası istiqamətində görülmüş tədbirlər sayəsində orta-uzunmüddətli perspektivdə müsbət dinamikanın əldə olunacağı şübhəsizdir. 2025-ci ilin nisbətən çətin il olacağı gözlənilsə də, aparılan işlər nəticəsində 2025-ci il və sonrakı 3 il üçün müsbət proqnozlar mövcuddur və fəaliyyətin mənfəətlə başa vurulması planlaşdırılır", - ASCO hesab edir.

 

0.017093896865845