Acı realılıqlardan bəzilərini vaxtı olanların diqqətinə çatdırıram...
Professor İdris Abbasov
Taleyüklü məsələlərə həssas yanaşan bütün vicdanlı insanlara səmimi qəlbdən təşəkkürümü bildirirəm. Allahın şəfqət və mərhəməti üzərinizə olsun!
Çoxunuzun bildiyi acı realılıqlardan bəzilərini vaxtı olanların diqqətinə çatdırıram.
...Nəzərinizə çatdırmaq istəyirəm ki, hazırda ən çox müzakirələrin keçirildiyi və işbaz alimlərin qaz vurub qazan doldura biləcəyi bir şöbənin müdiri vəzifəsini tutub rüşvət almadığıma, tələbənin, doktorantın, dissertantın cibinə girmədiyimə, redaktə bəhanəsi ilə onları “tasa oturtma”dığıma, saxta dissertasiya şəbəkəsinə, dövlətin ayırdığı milyonların, yüz minlərlə qrantların mənimsənilməsinə, müxtəlif xərclər adı altında institut büdcəsinə od vurulmasına, talanmasına, silsilə cinayətlərə, alim vicdansızlığına, təcrübəsiz Vətən övladlarının istismarına, sabahımızın məhv edilməsinə qarşı çıxdığıma görə, sizcə, mənim normal şəraitdə yaşayıb işləməyimə imkan və şərait yaradarlarmı?! Əlbəttə, yaratmazlar! İnanın ki, bir çox tərbiyəsi pozulmuş, əxlaqı, zehni, idrakı rüşvətxorluq, kəf gəlmə, fırıldaq, saxtakarlıq düşüncələri ilə korlanmış adamlar şəbəkəyə qoşulmadığım üçün məni günahkar sayır və deyirlər ki, zəhmət çəkib sən də girişərdin bu işə və bütün maddi problemlərini həll edərdin. Amma sorğulayan olmayacaq ki, özünə və əhli-əyalına “gün ağlamış” rüşvətxorun hüququ qorunduğu halda, rüşvət almayanın hüququ niyə qorunmamalıdır ki?! Axı bizdə bütün azlıqların hüquqları qorunur.
Digər bir sual: Rüşvət almıramsa, qəhrəmanammı? Əsla! Bu heç söhbət mövzusu olmamalıdır. Rüşvətə gəlincə, qanuna görə rüşvət alan da, verən də cinayət törədir!
Rəy-rüşvət, opponent-rüşvət, elmi rəhbər-rüşvət, müzakirə-rüşvət, müdafiə-rüşvət, diplom-rüşvət, müdafiədə sual vermək-rüşvət, saxta dissertasiya-rüşvət, saxta kitab – rüşvət və ya mənimsəmə və sair və ilaxır... Bu qəbih alış-veriş prosesinin aktiv və passiv iştirakçıları işlərini aşırıb və ya ciblərini doldurub sevinə bilərlər, fəqət bu sevincin sonda fəlakətlə nəticələnməsi qaçılmazdır. Çünki cinayətlərin qurbanına çevrilib zəifləmiş istənilən dövlətin vətəndaşları varlı və kasıb olmasından asılı olmayaraq xoşbəxt ola bilməzlər! Onu da qeyd edim ki, elmi tədqiqat müəssisələrində bu qəbildən olan rüşvətlərin qarşısının alınması üçün dövlət pul ayırır. Əfsus ki, həmin pulu yeyimcil müəssisə rəhbəri mənimsəyir və işçilərə rüşvət almaq üçün şərait yaradır. Təbii ki, detallarını yazmağa kompüter dözməz...
Elm müəssisəsində elmi nailiyyətlərə görə deyil, cinayətlərə, xəyanətlərə, şərə, böhtana, saxta, plagiat kitablara, talamağa, üzə durmağa, millətin gələcəyini darmadağın etməyə görə yaxşı həyat şəraiti vəd edən fəaliyyət növü ölkə və xalq üçün labüd təhlükə deyilmi?! O təhlükə ki, 20-30 il bundan sonra dəfedilməz dağıdıcı təsirlərini göstərəcək!
*** *** ***
...Yaşadığımız yataqxana otağının bərbadlığını görən həmkəndlim deyir ki, “ay müəllim, 4 nəfərlə Fələstin qaçqınları kimi polun üstündə yatdığınız bu mənzərənin şəklini çəkib qoyardınız da feysbuka, camaat görsün. Zaur Aliyev haqqınızda yazdığı statusda elə şəklinizi qoyub ki, elə bil nazirsiniz!”. Deyirəm, ay qonşu, onsuz da camaatın yüz dərdi-səri var, bəyəm, onların çoxunun vəziyyəti yaxşıdır?! Dərman almağa pulları olmayanlar azdır?! Həssas, təmiz, saf insanların onsuz da hər gün ürəkləri yüz dəfə parçalanır, əldən, ayaqdan, gözdən şikəst insanlar, yataq xəstələri, körpələri üçün imdad diləyən çarəsiz analar, bacılar, atalar, haqqı tapdanmış, bir tikə çörəyə möhtac qoyulmuş insanlarımız azdırlarmı?! Qoy məni bir az da bazburudlu nazirə oxşatsınlar ki, şəklimə baxanda yazıqları gəlib ürəkləri dağlanmasın. Onsuz da əlaqədar qurumlar maraqlansalar, hər şey ortadadır. 55 yaşadək 10 il dövlət qulluğunda və vəzifəsində, 9 il kafedra müdiri və 10 ildir ki, AMEA-da Nəzəri dilçilik şöbəsinin müdiriyəm. Hər cür maddi sıxıntıya salıb məni əyri yola təhrik etsələr də, nail olmayıblar, olmayacaqlar da. Hətta məni vaxtilə dövlətin pul ayırdığı layihədən çıxararaq halal haqqıma qəsd ediblər. Mənim baxışım belədir: Rüşvətə qurşanmaq öz anasının ölmüş cəsədini yeməkdir. Eynilə də Vətən övladlarını aldadıb əyri yola çəkmək, onları ömürklük şikəst etmək, dövlətin gücünü zəiflətmək də eyni şeydir. Məlumdur ki, gənc, təcrübəsiz tələbə və doktorant sənəd verdiyi elm və təhsil müəssisəsinə pak-pakizə duyğularla yanaşır. Onlar oradakı işbaz alim şəbəkəsinin oyunlarından xəbərsiz olduqları üçün asanlıqla tələyə düşürlər, yəni sırtılmış simasızlar dəstəsi təcrübəsiz gənclərin quruma, elmə, alimə olan ideal və müqəddəs duyğularını alçaqcasına öz xeyirləri üçün istismar edərək gələcək nəsilləri şikəst edirlər. Akademik şəbəkə tərəfindən idarə olunan dağıdıcı prosesdə arxivlərimiz saxta, elmsiz dissertasiyalarla, bir qütbdəki ciblər çirkli pullar, digər qütbdəki ciblər isə mənasız diplomlarla dolur. Prosesin aktiv iştiralkçılarına nəinki milli vətəndaş, hətta adam demək belə, günahdır.
Qoy akademik cəmiyyət onlara qoşulmadığım üçün məni nə qədər cəzalandırırsa cəzalandırsın. Onu da diqqətinizə çatdırım ki, hazırda institutda haram yolun, rüşvət və saxtakarlığın qızğın müdafiəçiləri və tərəfdarları əməllərini ifşa etdiyim üçün qəzəblərindən zəncir gəmirirlər. Onlar müxtəlif üsullarla məni məhv etmək üçün AMEA prezidenti İsa Həbibbəylinin əmrini gözləyirlər. İsa Həbibbəyli isə daha ağıllıdır. O, həmkarlarını səbir etməyə çağırır və təxmin edir ki, bəslədikləri münasibətlə “İdris Abbasovöz-özünə tələf olacaq, Möhsünün vaxtından başlayaraq axırına çıxmışıq, bir neçə dəfə də əsəbləşdirsək, öz-özünə dünya səhnəsindən silinib gedəcək”. Külli miqdarda pullarına və varlarına güvənən bu zavallılar elə bilirlər ki, özləri dünya səhnəsində əbədi qalacaqlar...
Uzun illərin gərgin əməyindən sonra, nəhayət, cari ilin may ayında 800 səhifəlik fundamental “Umumi dilçilik: dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları” monoqrafiyam, sentyabrda isə “Qızıl tədqiqatlar seriyası”ndan klassik ənənələrə əsaslanan iki mühüm kitabım çapdan çıxıb. Onlardan biri “Dilçilin Kitabi-Müqəddəsi” adlanır və 1660-cı ildə fransız dilində yazılmış “Por-Royal qrammatikası”nın orijinaldan tərcüməsi, tədqiqi və şərhidir. İkincisi isə dahi Mirzə Kazımbəyin öz məşhur “Qrammatika”sında lazımınca faydalandığı fransız şərqşünas Pyer Amede Joberin “Türk dili qrammatikasının əsasları”nın fransız dilindən tərcüməsi, nəzəri və müqayisəli dilçilik baxımından tədqiqat və şərhi”dir. Bu əsərlərin çapı elmə yad akademik mühitdə dərin qısqanclığa, nifrət və hiddətə səbəb olub. Məni didib-parçalamağa hazır olan bu şəbəkə şəxsimə qarşı daha da aqressivləşib. Narahat olmayın, ey görməmiş bədbəxtlər. Mən nə vəzifə, nə titul, nə var-dövlət, nə sizin malik olduğunuz kimi villalar, mülklər istəyirəm. Ancaq haqq etdiyim normal mənzil şəraitimi sizlər qəsb etmisiniz və bu haqqımı heç vaxt sizə bağışlamayacağam. Allah gözünüzü doydursun!
Paralel.az