Müəllimin dərinliyi - “Düşüncə Dərinliyi” kitabından
(esse)
Müəllim kəlməsinin ifadə etdiyi məna dərin olur. Bəlkə də fikrin dərinliyinə görə yox, müəllimin söylədiyinə görə daha mənalı səslənir. Bilirsiniz ki, danışılan kəlmə yox, danışan ağızlar önəmlidir.
Müəllim danışanda da sözə gözəllik qatır. Sözün rəngin dəyişir. Sözün sehrinə hamını sala bilir. Çünki müəllim sözün qədrin bilir. Müəllim söz qədri biləndir. Müəllimin sözünün dərinliyin ölçməzlər, müəllim sözə don biçər. Müəllim düşüncənin dərinliyin ölçər. Çünki ölçü barometri müəllimdir. Müəllimdir hakim, müəllimdir həkim. Ədalətin hakimi, cəmiyyətdəki xəstəliyin həkimi.
Müəllim kəlməsi ərəb dilindən gəlir. Mənası təlim verən, bilmədiyi mətləbləri insana öyrədən deməkdir. Təlim sözünün də eyni kökdən gəldiyini bilirsiniz. Mənası “öyrənmə tutumu” mənasına gəlir.
Öyrənmə tutumu o zaman təsirli olur ki, onun çəkisi kütləsindən ağır olsun. Elə mətləblərdən xəbər versin ki, orada fikir istehsalı yatsın.
Hansı mətləbləri? Diletant mətləbləri yox, dərin mətləbləri. Dərinə gedən və dərinliyi olan mətləbləri. Dərinliyə gedən ağaclar dekorativ budaqları ilə öyünməz. Kökləri və dərinlikləri ilə öyünər.
Kökləri olan ağaca budaqları əlavə etmək vacib deyil. Kökü dərində olmayan ağaca isə budaqları diqqət çəkəcək. Çünki ona güc verən kökləri deyil. Kökdən gələn güc də deyil. Günəşin hərarətindən güc olan budaqlardır. Budağa yox, kökə söykənən düşüncə dərin düşüncədir.
Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri
Paralel.az