Ümumi qrammatika və türk dili qrammatikasının əsasları
Akademik Nizami Cəfərov: “Bir dilçi, filoloq və şərqşünas kimi İdris Abbasov öz fədakar əməyi sayəsində əsərlərinə yeni ruh verdiyi Mirzə Kazımbəy, Antuan Silvestr dö Sasi, Pyer Amede Jober və digər korifeylərlə bir sırada dayanmağa layiqdir.”
Tanınmış dilçi, şərqşünas və filoloq, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun “Nəzəri dilçilik” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovun Qızıl tədqiqatlar seriyasından “Silvestr dö Sasinin Ümumi qrammatikanın prinsipləri və Pyer Amede Joberin Türk dili qrammatikasının əsasları: tərcümə, nəzəri və müqayisəli dilçilik müstəvisində tədqiqat və şərh” adlı növbəti irihəcmli monoqrafiyası işıq üzü görmüşdür. Əslində, buraya kitab daxilində araşdırılan digər kitabları da aid etsək, bu seriyadan olan monoqrafiyaların sayını yeddiyə, hətta doqquza çatdırmaq mümkündür. Ümumi dilçilik, türkologiya, Azərbaycan dilçiliyi və şərqşünaslıq üçün xüsusi önəm daşıyan bu abidənin tədqiqat və şərhlərlə canlandırılması müəllifin illər uzunu sərf etdiyi intensiv əməyin, səbrin və iradənin nəticəsidir. Adından da göründüyü kimi, müəllif mövzunun əhatə dairəsini bir az da genişləndirərək Amede Joberin Türk dili qrammatikasının əsasları və müqayisəli dilçiliyin banisi Frans Boppun müəllimi, əsərləri ilə dünyaya səs salmış məşhur fransız dilçi-şərqşünası Silvestr dö Sasinin Ümumi qrammatikanın prinsipləri əsərini də tədqiqata cəlb etmiş, yanaşı olaraq Qiyom Postel, Abel Remüza haqqında da bir qədər ətraflı məlumatlar vermiş, onların dilçilik görüşlərinin mühüm məqamlarını diqqətə çatdırmışdır. Təqdim olunan geniş həcmli, çoxşaxəli, dərin məzmunlu və əhatəli monoqrafiya elmi sanbalı, linqvistik məziyyətləri və filoloji siqləti ilə nadir örnəklərdən biridir.
Beləliklə, dil tədqiqatlarını önə çıxaran müxtəlif elm sahələri və ya düşüncə məktəbləri XVII-XVIII əsrlərdə çiçəklənməyə başlamış, XIX əsrdə özünün zirvəsinə çatmışdır. XIX əsrdə dillərin müqayisəli tədqiqi, süni dillərin yaradılması, birdilli leksikoqrafiya, stilistika və ritorika, habelə dilin mənşəyi və dil – təfəkkür əlaqələrinə diqqət yetirən dil fəlsəfəsinə maraq artmışdır. Sadalanan fənlər arasında dillərin qrammatik təsviri linqvistik makrostrukturun konturlarını müəyyənləşdirir, empirik fundamentlərə əsaslanan davamlı, etibarlı və ümumi bilikləri təmin edirdi. Avropanın maarifçi mütəfəkkirləri dilin və dillərin müxtəlif aspektləri, xüsusilə onların strukturu, tarixi bağları, fəlsəfi-məntiqi xüsusiyyətləri ilə maraqlanırdılar. Filosoflar, qrammatiklər və intelligentlər təbəqəsi eyni mövqedən çıxış edərək dilin insan təfəkkürünün xassəsi, sosiallaşmanın vacib şərti kimi mühüm əhəmiyyətə malik olduğunu irəli sürürdülər. XIX əsrdə Qərbdə şərqşünaslıq, tarix, filologiya, dilçilik və digər elm sahələrində yeni-yeni nailiyyətlər qazanılır, nüfuzlu elm adamlarının sayı getdikcə artırdı. Diaxronik model coğrafi modeli əvəz edirdi. Proseslər nəticəsində meydana çıxan oxşarlıq məsələlərinə təsadüfən boyun əyən alimlər deyil, bilik qərar verirdi. Avropada ərəb, türk və fars dilləri ilə yanaşı, ərəb əlifbası ilə yazılmış bəzi hind və malay dilləri, o cümlədən Uzaq Şərq və Yaxın Şərqdəki ideoqramlardan alınan orfoqrafiyalar bir araya gətirilmişdir.
Belə demək mümkünsə, XIX əsrdə cərəyan edən proseslər şərqşünaslığı yenidən konfiqurasiya edirdi.
Kartezian fəlsəfəsinin doktrinası sonrakı dil nəzəriyyəsinin güclü təsiri ilə belə mühakimə yürütməyə imkan verir ki, təbii düşüncələr dili var etmişdir. Rene Dekart (1596-1650) nitqə təfəkkürün mövcudluğunun sübutu kimi baxaraq dillə təfəkkürü eyniləşdirirdi ki, bu iddia ilə razılaşmaq mümkün deyil. Vilyam Holder (1669) və Con Valis (1653, 1670, 1698) kimi XVII əsr fonetika alimləri tərəfindən kar və korlar üzərində aparılan tədqiqatlar bu təsəvvürləri alt-üst etmişdir. Şotlandiyalı linqvist Corc Dalqarno (1616-1687) kommunikativ funksiyanın gerçəkləşməsində beş duyğunu bərabər tuturdu. Hissi funksiya və dil inkişafı arasındakı əlaqələr haqqında debatlar XIX əsrə doğru davam etmişdir. Maks Müller (1887) dilsiz təfəkkürün mümkün olmamasının qızğın tərəfdarı idi. Öz dövrünün məşhur psixoloqu Fransis Qalton (1883) anadangəlmə kar doğulan fərdlər üzərində apardığı tədqiqatlardan gəldiyi nəticələrə istinad edərək M.Müllerin iddialarını qəti surətdə rədd edirdi. Amma F.Qalton bu tədqiqatları başa çatdıra bilməmişdir. Yalnız XX əsrdə eksperimental koqnitiv psixologiya mütəxəssisləri F.Qaltonun qabaqcadan xəbər verdiyi yeniliyi sübut etməyə nail oldular.
Tərcümə, tədqiqat və şərhin sintezindən ibarət bu çoxcəhətli elmi iş nəzəri və müqayisəli dilçilik baxımından Türk-Azərbaycan dilinin linqvistik-qrammatik mahiyyətinin aydınlaşdırılması üçün mühüm mənbədir. Burada mövzuya uyğun olaraq türk, fransız, ingilis, latın, rus, ərəb və digər dillər müqayisəli şəkildə araşdırılır. Dil faktlarına diaxronik-sinxronik və komparativ-kontrastiv aspektdə yanaşan tədqiqatçı-alim öz ənənəsinə sadiq qalaraq H.Miqiza, F.Meninski, Sibaveyhi, Xəlil ibn Əhməd əl-Fərahidi, İbn Malik, Abbas Həsən, Qasim əl-Muradi, Süyuti, J.Holderman, J.Prendl, M.Viqye, Jan-Şarl dö Bess, V.Lötelye, A.Fayzmayer, L.Dübö, Şarl Vyot, M.Nassif, A.Davids, K.Komidas və onlarla digərlərinin əsərlərinə müraciət edir. Dilçilik tarixinə ekskursiya edən müəllif XVIII əsrin sonunda dillər, onların qurulma prinsipləri və tədrisi haqqında düşüncələrin Por-Royal məntiqçiləri tərəfindən hazırlanmış ümumi qrammatika modelinə əsaslandığını vurğulayır, yəni bütün dillərin funksiyası həm məntiqin ümumi dəyişməz prinsiplərindən, həm də daxili tənzimləmələrdən asılı olan ifadə kateqoriyalarına görə təşkil edilmiş düşüncəni təmsil edir. Mövcud şərtlər dilin universallığının əsasını təşkil edən ümumi prinsipləri əxz etməklə məntiq və deduksiyadan istifadə edib ümumi qrammatika üzərində işləməyi vacib faktora çevirirdi.
Ümumiyyətlə, o dövrlərdə ümumi qrammatikanın öyrənilməsi bir növ zərurətə çevrilmişdi. Silvestr dö Sasi Por-Royal qrammatikləri tərəfindən inkişaf etdirilən bu düşüncə məktəbinin bilavasitə varisi idi. O bir qrammatika mütəxəssisi kimi bu prinsipləri öz əsərlərinə tətbiq etmişdir. Dö Sasi öz ümumi qrammatikasında sələflərinin irsindən yetərincə faydalamışdır. O, 1810-cu ildə Ərəb dilinin qrammatikası əsərini nəşr etdirən zaman reprezentasiya nəzəriyyəsini ərəb dilinə tətbiq edərək mümkün olduğu qədər ərəb dili sistemini dil metafizikasının ümumi qaydaları ilə uyğunlaşdırmışdır. Bununla da, müəllif bütün dillərin məqsədinin eyni olduğu qənaətinə gəlmişdir.
Dö Sasi komparatizmdən tam imtina etməsə də, ondan sistemli şəkildə faydalanmamış, orijinal və mükəmməl dil ideyasına sadiq qalmışdır.
İ.Abbasov tədqiqat və şərh prosesində Silvestr dö Sasinin dünya samişünaslığında elmi sambalı ilə seçilən Ərəb dilinin qrammatikası əsərinin fonetika bölümünü təhlil edərək oradan lazımınca faydalanmışdır. O, Dö Sasinin 1799-cu ildə qələmə aldığı Ümumi qrammatikanın prinsipləri kitabından yeddi fəsli Azərbaycan dilinə tərcümə edərək təhlil etmişdir. Bu fəsillər qarışıq sözlər, böyütmə və kiçiltmə dərəcələri, zamanlar, feillərin şəxsləri, şəkilləri, növləri və ellipsis haqqındadır. Qeyd edək ki, Dö Sasinin bu klassik əsəri haqqında ölkəmizdə indiyədək nəinki araşdırma aparılmamış, ümumiyyətlə, onun linqvistik irsi haqqında lazımınca məlumat belə verilməmişdir. Əsərdə ümumi qrammatika prinsiplərinə əsaslanmaqla müxtəlif dillərə müraciət edilsə də, fransız dilinə dair nümunələr çoxluq təşkil edir. Məsələn, Dö Sasi pronominal sifətləri, bağlayıcı sifətləri, digər birləşdirici sözləri, inkar, təsdiq və qadağa bildirən zərfləri Qarışıq sözlər (Mots mıxtes) başlığı altında nəzərdən keçirir. O, bəzi sözlərin sadalanan istilahlara aid olduğunu, bəzilərinin heç aid olmadığını, bəzilərinin isə eyni zamanda bir neçəsinə məxsusluğunu qeyd edərək fransız dilində mon, ton, son, notre və s., mien, tien, sien, nȏtre kimi sözlərlə bağlı bəzi mülahizələr irəli sürür. Bunları ümumi şəkildə yiyəlik əvəzlikləri adlandırmaq olar. Əvəzlik adlandırılan sözlərə diqqət edilsə, aydın olar ki, onlar burada əvəzlik yox, əvəzliklərlə sifətlər kimi əlaqəyə girən sifətlərdir və s. İ.Abbasov Dö Sasiyə istinad edərək zaman şəraitinin subyektin və atributun mahiyyətində heç nəyi dəyişmədiyini söyləyir və belə qənaətə gəlir ki, dəyişən şey mübtədanın mövcudluq ideyası və onun atributla əlaqəsidir. O qeyd edir ki, feil mübtədanın varlığını və onun atributa münasibətini bildirir. Mübtəda və xəbərin bir-biri ilə münasibətini asanlıqla ayırd etmək üçün bir çox dillərdə feil cins və kəmiyyət dəyişikliklərini qəbul edir. Bu hal nitqin qavranılmasını asanlaşdırır, cümlə daxilində konstruksiyaya daha çox sərbəstlik verir, ahəngdarlıq resurslarını stimullaşdırır.
Silvestr dö Sasinin müqayisəli dilçiliyə verdiyi töhfələrin inkarı mümkünsüzdür. İ.Abbasov müqayisəli filologiyanın, xüsusilə müqayisəli dilçiliyin təşəkkülündə Dö Sasinin rolunu müsbət qiymətləndirir. O, çox haqlı olaraq müqayisəli qrammatikanı dil öyrənmənin başlanğıcı hesab edir və Silvestr dö Sasi kimi elm xadimlərinin əsərlərinin müqayisəli dilçiliyin yerinin müəyyənləşdirilməsində mühüm rol oynadığını söyləyir.
İ.Abbasov, XVI əsrdə Fransada ilk dəfə olaraq ərəb dilinin qrammatikasını yazmış, Əhdi-Ətiqi ərəb dilinə, Quranı isə latın dilinə çevirmiş, İslam və Şərq ədəbiyyatının pərəstişkarı Qiyom Postelə ayrıca bir fəsil həsr etmişdir.
Oxucu kitabda İ.Abbasovun təqdim etdiyi Patrik Vayzmənin dilçiliyə dair maraqlı mülahizə və müddəaları ilə tanış olacaq. P. Vayzmən bildirirdi ki, dillər necə var idisə, eləcə də qalmışdır. O qeyd edirdi ki, müqəddəs yazılarda və Yaradılış kitabına daxil edilmiş erkən fraqmentlərdə dilin əsas strukturu tamdır və s. Əski abidələr üzərində heroqliflərlə yazılmış qədim misir dilinin və Liturgiyanın yazıldığı qibti dilinin üç min illik bir fasilədən sonra identik olduğu təsbit edilmişdir.
Bunu ən qədim yunan və latın yazıçılarının ən yeniləri ilə müqayisəsində də görmək olar. Yunanıstanın romalılar tərəfindən fəthi Lasiyə (Qədim İtaliyada yer adı – N.C.) mədəniyyət heykəltaraşlıq, rəssamlıq, şeir, tarix, mədəniyyət və elm gətirsə də, latın dilinə yeni çalarlar, çeviklik və enerji bəxş etsə də, onun qrammatik strukturuna təsir etməmişdir, yəni qrammatikada zaman və təsriflənməyə heç bir əlavələr olunmamışdır.
Kitabın ana xəttini “Amede Joberin Türk dili qrammatikasının əsaslarının tərcümə, tədqiqat və şərh”i təşkil edir. A.Joberin tədqiqata cəlb edilən kitabı üç hissə, iyirmi bir fəsildən, mövzular üzrə dialoqdan, lüğətdən və atalar sözlərindən ibarətdir. Birinci hissədə fonetikadan – əlifba, hərflərin tələffüzü, tələffüzü şərtləndirən saitlər və digər işarələrdən, eyni zamanda morfologiyadan – isimlər, sifətlər, sifətin müqayisə, azaltma və üstünlük dərəcəsi, isimlərin müxtəlif növləri, feildən düzələn isimlər, kiçiltmə bildirən isimlər, sifətin mənasını qüvvətləndirən ədatlar və sairədən, say və sayların növləri, əvəzlik və onların növləri və digər məsələlərdən; ikinci hissədə, əsasən, feillərdən, onların müxtəlif məna, qrammatik növlərindən, şəkillərindən, təsrifindən, ikincidərəcəli sadə feillərdən, düzgün və düzgün olmayan feillərdən, feilin qeyri-müəyyən formasından, cerund və feili sifətdən, qoşmalardan, zərflərdən, adyektiv zərflərdən, bağlayıcılardan, nidalardan və s. bəhs olunur. Nəhayət, üçüncü hissə cümlə konstruksiyasına, yəni sintaksisə həsr olunmuşdur. Burada sözlər arasındakı əlaqələri bildirmək üçün seçilmiş ad qruplu sözlərin və işarələrin uyğunluğundan, feillər haqqında ümumi mülahizələrdən və s. bəhs olunur.
Beləliklə, təqdim olunan geniş həcmli və dərin məzmunlu monoqrafiya elmi sanbalı, linqvistik məziyyətləri və filoloji siqləti ilə nadir örnəklərdən biridir. Zəngin linqvistik-filoloji faktlar təqdim edən bu möhtəşəm iş dəyərli tədqiqatlar üçün əvəzsiz mənbədir. Ondan ümumi dilçilik və Türk-Azərbaycan dili mütəxəssisləri, şərqşünaslar, dil nəzəriyyəçiləri, komparativistlər, romanşünaslar, bir sözlə, ən müxtəlif profilli dilçi-filoloqlar, tədqiqatçılar, müəllim-pedaqoqlar faydalana bilərlər.
Sonda onu da vurğulamaq istəyirəm ki, bir dilçi, filoloq və şərqşünas kimi İdris Abbasov öz fədakar əməyi sayəsində əsərlərinə yeni ruh verdiyi Mirzə Kazım bəy, Antuan Silvestr dö Sasi, Pyer Amede Jober və digər korifeylərlə bir sırada dayanmağa layiqdir.
N İ Z A M İ C Ə F Ə R O V
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,
əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor
Paralel.az