Yazıçı Anar gileylənib ki...
Yazıçı Anar gileylənib ki, əsərlərini Azərbaycanda oxuyan yoxdur: "Elə bil həvəsləri qaçıb oxumaqdan... İyirmi cildlik əsərlərim var. Təəssüf ki, oxumurlar. Türkiyədə oxuyurlar, Rusiyada oxuyurlar, Orta Asiya respublikalarında oxuyurlar, amma Azərbaycanda, bilmirəm, nədənsə oxumurlar".
Fikrimcə, bədii ədəbiyyat oxumaq, kinoya baxmaq ruha qida olmaqla yanaşı həm də mədəniyyətdir. Bədii ədəbiyyat oxumağın oğrunu doğru, nadürüstü dürüst etməyə qabil olmadığını da təəssüflə qeyd etməliyəm. Möhtərəm Anar müəllim, məgər siz bilmirsiniz ki, "əvvəl gödəniyyətdir, sonra mədəniyyət"?! Gündəlik problemlə uğraşan, möhtac xalqın dərdi tökülüb ki, Anarın yazdığı bədii əsərləri oxusun?! Vallah, onların ehtiyacdan beyinlərində yaratdıqları obrazlar sizin yaratdıqlarınızdan heç kəm deyil. Kağıza köçürülsə, ürəklər parçalanar, yer, göy qan ağlar. İnanın ki, neçə-neçə şedevrlər kasıb beyinlərdə məhv olub gedir. Sizin, cəmiyyəti mənəvi-iqtisadi böhrandan çıxarmağa aidiyyəti olmayacaq kitablarınızı oxumağın nə mənası var?! Mənası olsaydı, vallah, onların ilk oxucusu mən olardım. Boş vaxtları çox olub əylənmək istəyənlərin sizin 20 cildliyinizi oxuması, təbii ki, günah deyil. Nəhayət, özünüz də anlamalısınız ki, xalq sizin kitablarınızı niyə oxumur. Bir də ki, dövrün tələblərinə uyğun olaraq sosial şəbəkələrdə gedən 2-3 abzaslıq taleyüklü yazıları xalq o romanlardan qat-qat üstün tutur.
PS. Yaxşı deyiblər: "Keçi canının hayındadır, qəssab piy axtarır"
Professor İdris Abbasov
Paralel.az