"Ortada İranın İsrail və ABŞ ilə düşmənçiliyi görüntüsü var, AMMA...” – "Müsəlman dünyasını çox incə yerdən vururlar”

 

Xaləddin İbrahimli: “İsrail dövləti də, İranın fars rejimi də ABŞ tərəfindən formalaşdırılıb, ikisinin də patronu ABŞ-dir”

“Rəisi bu layihəyə qarşı olduğuna görə aradan götürüldü”

“Bütün bu yaradılan xaos Orta Doğudakı dövlətləri bölərək daha kiçik hala gətirmək, İsrailin torpaqlarını genişləndirmək üçündür”

Tarixçi professor Xaləddin İbrahimli “AzPolitika”-ya müsahibəsində Yaxın Şərqdə baş verən hadisələri təhlil edib, pərdəarxası mqəamlara aydınlıq gətirib. Qeyd edək ki, müsahibə İranın İsrail ərazinə raket zərbələri endirməsindən əvvəl götürülüb.

Müsahibəni oxuculara təqdim edirik:

-“Həmas” liderinin ardınca “Hizbullah”ın rəhbərliyi də İsrail tərəfindən qətlə yetirildi. İranın reaksiyası təmkinlidir, amma, nə olacağı bəlli deyil. Siz nə gözləyirsiz?

-Öncə liderlərin qətli məsələsinə toxunaq. Dünya mediasinda çox ciddi ictimai-siyasi xadimlərin rəyinə görə “Həmas” və “Hizbullah” liderlərinin qətlində İranın əli var. Bu bir daha onu göstərir ki, İsrail, ABŞ və İran xüsusi xidmət orqanları bir sıra məsələlərdə işbirliyi içərisindədir. Digər tərəfdən, Pezeşkianın da etiraf etdiyi kimi, İranın dövlət strukturlarında İsrailin yetərincə casusu fəaliyyət göstərir. Yəni İran iki istiqamətdən Tel-Əvivin nəzrətindədir və istəsə də, istəməsə də sui-qəsdlərin iştirakçısı olur. Mən əminəm ki, Rəisinin helikopterinin vurulması da bu üçlü fəaliyyət nəticəsində mümkün olub. Ona görə də ən mənasız versiyanın üstündə durmağa məcbur oldular, başqa sözlə, günahı dumanın, dağın üstünə yüklədilər.

-Hadisələrin İranın daxilinə keçməsi mümkündürmü? İsrailin baş naziri İran xalqına müraciətində hədəflərinin dini rejimi çökdürmək olduğunu bildirib. Bu günlərdə xəbər yayıldı ki, dini lider Xamenei təhlükəsiz əraziyə köçürülüb. İsrail İrana qarşı hərbi əməliyyatlar keçirə bilərmi?

-Nə İran İsrailə, nə də İsrail İrana ciddi şəkildə hücum edən deyil. İsrail dövləti də, İranın fars rejimi də ABŞ tərəfindən formalaşdırılıb. İkisinin də patronu ABŞ-dir, hər ikisi bölgəyə yönəlik siyasətini onunla razılaşdırır. 1970-lərdə ABŞ gördü ki, şahlıq onun siyasətinə adekvat hərəkət edə bilmir, gözləntilərini dogrultmur. Qarşıda isə Orta Doğunun yenidən şəkilləndirilməsi planı var idi. Bu planın gerçəkləşdirilməsi üçün İsrailin gücü yetərli deyildi. Ən əlverişlisi müsəlman ölkələrdən birini oyuna qoşmaq idi. Ona görə də anqlosakson və yəhudi ağlı bir arada İrana dini libas biçdilər (bu Səfəvi modelinin yeni versiyası idi) və ölkənin bütövlüyünə qarant olmaq qarşılığında onu oyuna qoşdular.

Xomeyni Fransada hazırlansa da onun rəhbərlik edəcəyi siyasi ideoloji rejimin dizaynı ABŞ-də edildi. Xatılayırsınızsa o, Tehran hava limanına enəndə agzından çıxan ilk kəlmə “sionizmə ölüm” oldu. Amma aradan heç bir il keçməmiş İsrailin ən çox qorxduğu Səddam Hüseyinin yönətdiyi İraqa hücum etdi. 8 il savaşdı bir nəticə olmadı. Bu dəfə ABŞ məcbur oldu özü dövrəyə girdi, İraqın siyasi yapısını dağıtdı, Səddamı öldürdü və İranın bölgəyə yolunu açdı. Az zaman içərisində İran İraqda şiə hökuməti qurdu və bölgə get-gedə böyüyən xaos girdabına düşdü. Sonrakı proses bəllidir. İran İraqı üç yerə böldükdən sonra Yəməni böldü. Ardından xaos Suriyaya sıçradı və İran Şam rejimini nəzarəti altına aldı. 

Fürsətdən istifadə edərək sahədə əsas oyunçu olan Süleymanini Putinin yanına göndərdi. O da Putini Suriyaya gəlməyə inandıra bildi. Bu plan ABŞ-nin də işinə yarayırdı. Ona görə Barak Obama da Putinin Suriyaya gəlməsinə razı oldu. Çünki məlum üçlüyün amacı Rusiya və Türkiyəni savaşdırmaq idi. Xatırlayırsınızsa, Türkiyə və Rusiya arasında yaranan təyyarə böhranından həmən sonra NATO “bu iki dövlətin daxili işidir” deyərək yaxasını kənara çəkdi və Rusiyaya “savaşa bilərsən, 5-ci maddə işləməyəcək” mesajı verdi. Ukrayna böhranı və onun məchul perspektivi Putini narahat etməsəydi, bəlkə də bir savaş ortaya çıxa bilərdi.

Təsadüfü deyil ki, ABŞ, Rusiya, İsrail və İran bu gün də bir arada Bəşər Əsədi qoruyur və PKK ilə PYD-yə hər cür dəstək verir. Süleymaninin ümumi rəhbərliyi altında Suriyada 2 milyondan artıq insan qətlə yetirildi, 8 milyondan çox insan ölkədən qaçmağa məcbur oldu ki, bunların mütləq əksəriyyəti sünni idi. Bu məzhəb düşmənçiliyi toxumunu bölgəyə səpən İran, icraçıları isə “Hizbullah”, “Həşdi Şabi”, PKK və PYD-dir. İran, “Hizbullah” və “Həmas”-la bir arada Livan, Fələstin, İraq və Suriyadakı siyasi yönətimləri də iflic edib.

Bütün bu mənzərə, yaradılan xaos Orta Doğudakı dövlətləri bölərək daha kiçik hala gətirmək, İsrailin torpaqlarını genişləndirməsi, ABŞ-nin bölgəyə daha çox silah sursat, əsgər daşımasına şərait yaratmaq üçündür və nəticə göz qabağındadır.

- O zaman haqlı sual ortaya çıxır, Süleymani və Hasan Nəsrullah niyə öldürüldü?

-Əlbəttə haqlı sualdır. Süleymani o qədər böyümüşdü ki, artıq Suriya, İraq, Livan, Fələstin siyasi liderlərinə hökm edirdi, onların üzərində hakimiyət qurmuşdu. Nəzarətində “Həmas”, “Hizbullah”, “Haşdi Şabi” kimi böyük silahlı qruplaşmalar var idi, PKK və PYD ilə işbirliyi yaratdılmışdı. Hətta İraq və Livan hökumətlərinin başçıları Süleymanini ABŞ yetkililərinə şikayət etməyə başlamışdılar. O İranda istənilən vaxt hərbi çevriliş edə və hakimiyətə gələ bilərdi. Bu isə İranın teokratik yapısının zədələnməsi, hətta birdəfəlik ortadan qaldırılması demək olardı. Bir sözlə, onun ortadan qaldırılmasının zamanı gəlmişdi. Nəsrullah da həmçinin. Bu adamlar oyunçu idilər. Oyunçular tez tez dəyişir və dəyişməlidir. Əsas olan rollardır. Netanyahu da bir oyunçudur, savaş bitən kimi ortalıqdan çəkiləcək. Meydana bir-biriləri ilə dil tapan və anlaşan yeni oyunçular çıxarılacaq. Amma oyunların izləri qalacaq: Orta Doğudakı dövlətlər daha da kiçiləcək və daha sözəbaxan olacaq, Türkiyəyə basqı imkanları artacaq, İsrailin torpaqları bir az da böyüyəcək, İran bölünmə təhlükəsindən canını qurtarıb mənfur əməllərinə davam edəcək.

- Belə məlum olur ki, İran bütövlüyünü qorumaq müqabilində ABŞ və İsrailin istəklərini yerinə yetirir...

- Əlbəttə, bu məsələ İranın varlıq məsələsidir. Güney Azərbaycan bağımsız olarsa, İran dövləti yox olar. Bunu Pezeşkian da ABŞ-də dilə gətirdi. Diqqət edin, ortada İran-İsrail-ABŞ düşmənçiliyi görüntüsü var. Dünyadakı insanların çoxu buna inanır. Amma heç kəs fikirləşmir ki, əgər bu düşmənçilik gerçəkdirsə ABŞ və İsrail İran problemini niyə birdəfəlik həll etmir, yəni nədən onu parçalamır, Azərbaycanın müstəqilliyinə dəstək vermir? Axı bu yol embarqolardan, savaşlardan daha az məsrəfli, az əziyyətli yoldur. Cavab çox bəsittir: ABŞ İranın bütövlüyünü istəyir, Orta Doğuda onun işinə yaraya biləcək gücə sahib olmasını istəyir. Ona görə də İranın bütövlüyünü qoruyur. Teokratik rejim, məzhəbçilik isə bu bütövlüyün qarantıdır. Ortada İranın İsrail və ABŞ ilə düşmənçiliyi görüntüsü var, amma həqiqət başqadır. Son 4 ildə İran nə qədər açıq verib, nə qədər özünü ifşa edən addımlar atıb. Ancaq yenə də insanların çoxu onun səmimi bir müsəlman dövləti olduğuna, müsəlman dünyası üçün fədəkarlıq etdiyinə inanırlar. Din və məzhəb şox həssas məsələdir. Müsəlman dünyasını çox incə yerdən vururlar.

- Türkiyə hadisələrə təmkinli reaksiya verdi, Ankaranın regionla bağlı xarici siyasətini necə izah edərdiniz?

- Ankara müsəlman dünyasının liderliyinə oynamağa məcburdur. Meydanı boş buraxsa, problem onun da içinə gələcək. Suriya və İraqla münasibətlərini nizama salmalıdır. Buralar Orta Doğunu itirmək və ya qazanmaq üçün həyati bölgələrdir.Nəhayət, Türk Dövlətləri Təşkilatını bir az öncə gerçəkdən işləyən və fayda verən bir duruma gətirmək lazımdır.

Orta Doğuda baş verənlərdən Türkiyənin ciddi nəticələr çıxardığına da əminəm. Əks təqdirdə, telefon partlayışlarından sonra kiber saldırılardan qorunmaq üçün dövlət nəzdində xüsusi qurumun yaradılması qərarı alınmazdı.

- İran Azərbaycanın qonşusudur, yeni prezident Pezeşkian hələ ki, Bakı ilə təmasa keçməyib, hadisələrin bundan sonrakı inkişafından nə gözləyirsiz?

- İrandan hər zaman Azərbaycana təhlükə var. Əlində imkan olsa həmən Azərbaycanın varlığını ortadan qaldırar. Çünki İran Azərbaycanın varlığını özü üçün əsas təhdid görür. Bunu hər bir Azərbaycan vətəndaşı bir an belə unutmamalıdır.

Pezeşkian amili isə bizi heç aldatmamalıdır. Əminəm ki, o da Tel-Əviv və Ağ Ev layihəsidir. ABŞ-dəki görüşlərdə irançılğını, Azərbaycanın bağımsızlığına qarşı olduğunu açıqca ortaya qoydu. Onun seçilməsinə gəldikdə isə, İrandakı Mehsanın ölümü ilə başlayan iğtişaşlardan sonra ABŞ və İsraildə azərbaycanlıların Tehran rejiminin arxasından çəkildiyini və təkcə Xameneinin bu işi təmin edə bilmədiyini gördülər və ikinci türkü dövrəyə soxdular. Görünən budur ki, Rəisi bu layihəyə qarşı olduğuna görə ortadan qaldırıldı.

E.Rüstəmli

0.020983934402466