İranın atdığı hər yeni addım özünə qarşı işləyir

İranın atdığı hər yeni addım özünə qarşı işləyir
 

Zəngəzur dəhlizini özünün qondarma “qırmızı cizgisi” adlandıran, Azərbaycan başda olmaqla sağa-sola təhdidlər yağdıran İran rejiminin Yaxın Şərqdəki bütün gerçək qırmızı və digər bütün “ala-bula” cizgiləri böyük təhlükə altındadır. Uzun illər boyu yüz milyonlar, milyardlar xərclədiyi, enerji sərf etdiyi proksi qüvvələr layihəsi sarsıdıcı zərbələrə məruz qalıb...

HƏMAS-ın İsrailə qarşı ciddi itkilərə səbəb olan məlum hücumundan sonra İsrail tərəfindən Qəzzada törədilən qətliamların, ardınca “HƏMAS” liderinin İranda, “Hizbullah” liderinin Livanda öldürülməsinin, bununla da paralel olaraq, İranın yüksək vəzifəli hərbçilərinin, generallarının nümayişkaranə şəkildə məhv edilməsinin, eləcə də “Hizbullah”a və Livana qarşı başlanan hərbi əməliyyatların İsrail və ABŞ tərəfindən İranı birbaşa münaqişəyə cəlb etmək və onun zəifliyini üzə çıxarmaq üçün tələ olduğunu anlamaq o qədər də çətin deyildi. İran rejimi də bunu gözəl anlayırdı və həmin tələdən qaçmaq üçün xeyli səbr göstərmək məcburiyyətində qaldı. Lakin göz görə-görə Yaxın Şərqdəki “Hizbullah” başda olmaqla bütün proksi qüvvələrinin tar-mar edilməsinə, son zamanlar zatən zədələnmiş nüfuzunun, “xarizması”nın yerlə bir edilməsinə də səssiz qala bilməzdi. İsrailə dünən endirilən və belə görünür ki, aprel ayında olduğu kimi, heç bir ciddi nəticə verməyən raket zərbəsi də bu səbəbdən həyata keçirildi.

O da açıq görünür ki, hakim rejimin İranı gətirdiyi indiki vəziyyət bir tərəfədən onun üçün sakitcə yerində durmağı dözülməz edirsə, digər tərəfdən də atdığı hər bir addım onun əleyhinə işləyir. İsrail artıq bu “sınıq-salxaq” raket zərbəsinə qətiyyətli cavab verəcəyini bəyan edib və bunun üçün də kifayət qədər imkanları, yüksək texnologiyalı silahları var. Əksər müşahidəçilər və hərbi ekspertlər İsrailin İranın nüvə, energetika və hərbi infrastrukturuna zərbələr endirəcyini proqnozlaşdırırlar. Lakin cəzasızlıq mühitinin “dadını çıxaran” İsraildən daha aqressiv və təhlükəli addımlar, zərbələr də gözləmək olar...

Qeyd edək ki, bu dəfə də İran raket hücumundan əvvəl ABŞ-ni və digər iri dövlətləri məlumatlandırdığını bəyan etsə də, rəsmi Vaşinqton bunu təkzib edib və heç bir xəbərdarlıq almadığını bildirib. İndi bunu da İrana qarşı arqument kimi istifadə edirlər. Hansı ki, nə ABŞ-nin, nə də İsrailin İranın xəbərdarlığına ehtiyacı yoxdur. Zatən onlar öz peykləri və kəşfiyyat şəbəkəsi vasitəsilə bütün İranı ovcunun içi kimi görür. Odur ki, heç bir xəbərdarlıq olmadan da raket hücumu hazırlıqlarını görə bilir...

Əslində, İranın düşdüyü tələ təkcə İsrailin və Qərbin tələsi deyil. İran həm də özünün uzun illərdən bəri yerləşdiyi regionda, Yaxın Şərqdə apardığı və öz gerçək imkanlarını, boyunu aşan siyasətinin tələsinə düşüb. Dini dəyərlər adı altında məzhəbçiliklə, təfriqəçiliklə, qonşu ölkələrə qarşı müxtəlif təxribatlarla məşğul olan, onlara qarşı riyakar, ikiüzlü siyasət yürüdən, işğalçı Ermənistanı bağrına basan, eləcə də daha müasir, inkişaf etmiş və güclü Türkiyəni regionda gözdən salmaq üçün əlindən gələn hər cür iyrənclikləri edən, gerçəkdə isə özünü belə düz-əməlli qoruya bilməyən bir dövlətdən nə illərdir İsrailin soyqrımına məruz qalan fələstinlilərə, nə də digərlərinə etibarlı arxa-dayaq ola bilməzdi. İran onlara silahdan, mövhumatdan, məzhəbçilik nağıllarından başqa heç nə verə bilməzdi. Odur ki, İrana inananlar onun bu eybəcər, primitiv, nifrət və düşmənçilik üzərində qurulan siyasətinin alətinə və qurbanına çevrilməkdən başqa heç nəyə nail ola bilmədilər və yaxın gələcəkdə nail olacaqları da gözlənilmir...

Təkcə onu görmək kifayətdir ki, bu gün də İranın işğalçı və İslam düşməni olduğunu Qarabağda gen-bol nümayiş etdirmiş Ermənistandan başqa demək olar, heç bir qonşusu ilə normal münasibəti yoxdur.

Bir neçə gün əvvəl İranın yeni Prezidenti Məsud Pezişkian ABŞ-də iranlılarla keçirdiyi görüşdə İranda hər hansı hadisənin baş verəcəyi təqdirdə Kürdüstan, Azərbaycan, Sistan, Bəlucistan və Xuzistanın özlərinin hökumətlərini quracaqlarını deyib. O, ölkə daxilində böhranların davam edəcəyi təqdirdə artıq İran adında ölkənin mövcud olmyacağını qeyd edib. Təbii ki, bu, təkcə Pezişkianın yox, həm də onun seçilməsinə imkan verən Xameneyi başda olmaqla, fars rejiminin düşüncəsi, sözü, həyəcan təbilidir. Görünür, ürəklərinə nəsə damıb...

Hazırda İranın ətrafında baş verənlər bir daha sübut edir ki, elmi, texnoloji, iqtisadi, siyasi və digər sahələrdə inkişafdan geri qalan, köhnəlmiş stereotiplərlə idarə edilən, gerçək dəyişiklik, islahat aparmayan dövlətlər gec-tez zəifləməyə, hətta parçalanmağa, onların başında duran siyasi rejimlər isə məhvə məhkumdur. Amma təəssüf ki, bu proses İranın öz daxilindəki azadlıq, dünyəvilik və digər siyasi hərəkatlar yox, kənardan, özü də əlləri günahsız insanların qanına batmış, hərbi cinayətlər törətməkdə davam edən qüvvələr tərəfindən tətiklənir...

Cəlal Məmmədov

 
0.020972967147827