Müasir dövrdə müəllimlərin ən böyük problemi... - Bunun qarşısını necə almaq olar?
"Müasir texnologiyaların geniş yayılması ilə müəllimlərin üzləşdiyi yeni problemlərdən biri onların fəaliyyətinin şagirdlər və valideynlər tərəfindən tez-tez müzakirə və tənqid edilməsidir".
Paralel.az xəbər verir ki, bunu Qaynarinfo-ya təhsil eksperti Kamran Əsədov Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun "müəllim şagirdə söz deyəndə valideynin onun üstünə hücum çəkməsi, müəllimin cəzalandırılması halları olmamalıdır" fikirlərinə münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, şagirdlərin müəllimləri telefona çəkməsi, onları sosial şəbəkələrdə paylaşması və bəzi hallarda valideynlərin bu görüntülər əsasında müəllimləri cəzalandırmaq üçün addım atmaları böyük problemlərə səbəb ola bilər:
"Hətta bəzi hallarda müəllimlər şagirdləri tənbeh edərkən və ya dərs zamanı qeyri-etik davranışa qarşı çıxarkən, valideynlərin təzyiqi altında hüquqlarının pozulduğunu müşahidə edirik. Müəllimin işinə müdaxilə etmək, onun peşəkar nüfuzuna xələl gətirmək təhsil prosesinə zərər verir və cəmiyyətdə müəllimin rolunu zəiflədir. Müəllimlərin hüquqlarının müdafiəsi ilk növbədə onların iş mühitində təhlükəsiz və hörmətli bir şəraitdə çalışmasını təmin etməkdən ibarətdir. Müəllimlərin peşəkar müstəqilliyi və nüfuzunun qorunması onların işə olan marağını və motivasiyasını artırır. Valideynlər və şagirdlər müəllimin işinə hörmətlə yanaşmalı, onların təlim və tərbiyə metodlarına etimad göstərməlidirlər. Müəllimlər, cəmiyyətin mənəvi rəhbərləri kimi, dəstək və hörmət görməli, sosial hüquqları qorunmalıdır".
Ekspertin sözlərinə görə, hüquqi müdafiə mexanizmləri vasitəsilə müəllimlər hər hansı bir qərəzli hücumdan qorunmalıdırlar:
"Çünki onların fəaliyyəti təkcə akademik tədris deyil, həm də nəsillərin mənəvi tərbiyəsidir. Müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması isə onların işə olan bağlılığını və peşəkar fəaliyyətə marağını artıran ən mühüm faktorlardan biridir. Maddi və sosial təminatın gücləndirilməsi müəllimlərin həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, onların işində daha peşəkar olmalarına da kömək edir. Bütün dünya üzrə aparılan tədqiqatlar göstərir ki, müəllimlərin maaşları və sosial təminatları yüksək olan ölkələrdə təhsil keyfiyyəti də daha yüksək olur".
Ekspertin fikirincə, müəllimlərin hüquqlarını qorumaq üçün güclü hüquqi mexanizmlərin tətbiq edilməsi vacibdir:
"Onların iş yerində hüquqlarının pozulması və ya sosial mediada lüzumsuz tənqidlərə məruz qalması hallarının qarşısını almaq üçün qanunvericilik səviyyəsində dəstək təmin edilməlidir. Müəllimlərin peşəkar hüquqlarını qoruyan qanunların qəbul edilməsi və onların cəmiyyətdə daha yüksək nüfuza sahib olması üçün təşviq proqramları həyata keçirilməlidir".
Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə çıxışı zamanı müəllimlərin hüquqlarının müdafiə olunmasının vacibliyini qeyd edib:
"Hərə bir telefon götürüb müəllimi çəkir. Ola bilsin ki, müəllimlərin də arasında pisləri olsun. Amma müəllim şagirdə söz deyəndə valideynin onun üstünə hücum çəkməsi, müəllimin cəzalandırılması halları olmamalıdır. Onlar xalqın övladlarına dərs verir, öyrədir. Ola bilər ki, müəllim hansısa ifadəni düz demir, amma onun hüquqları müdafiə olunmalıdır".