Bütün görüntülər silinib, ailə üzvləri telefonunu dəyişib və...

Bütün görüntülər silinib, ailə üzvləri telefonunu dəyişib və...
 

Avqustun 21-də Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda itən və 19 gün sonra cəsədi dərəyə atılan çuvalda tapılan azyaşlı Narin Güranın qətlində yeni detallar üzə çıxıb.

Paralel.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, araşdırmalar nəticəsində Güran ailəsinin bir çox üzvünün Narinin itdiyi gündən sonra vatsap yazışmalarını sildiyi üzə çıxıb.

Eyni zamanda onlar zəng ziyahılarını da siliblər və telefonlarını yeniləri ilə əvəzləyiblər.

Halk TV-nin xəbərində iddia edilir ki, təhlükəsizlik qüvvələrinin apardığı araşdırmalar nəticəsində Güran ailəsi üzvləri jandarmın ətrafı xüsusi cihazlarla dinlədiyini öyrənib. Bundan sonra Güran ailəsi kişilərinin iştirak etdiyi azı 7 ayrı ailə arası görüşlər keçirilib. Açıq və qapalı məkanlarda baş tutan görüşlər zamanı ailə üzvləri polislər onların danışdıqlarını başa düşməsin deyə yüksək səslə musiqi qoşublar.

Digər bir məlumata görə, Güran ailəsinin üzvləri dəfələrlə əmi Salim Güranın tapşırığı ilə hərəkət edib. 

Narinin qətlə yetirildiyi ata evində bir çox xalça, divan və kreslo üzlükləri, süfrə ilə birgə ana Yüksel Güranın paltarları paltaryuyan maşında yuyulub. 

Evdəki xalçaların azı 2 dəfə yuyulduğu üzə çıxıb.
Yuma işlərini qohum Hediye Güranın təşkil etdiyi deyilir. İddia edilir ki, Narinin cəsədi evdən çıxarıldıqdan sonra Salim Güranın tapşırığı ilə Hediye, Maşallah və Yüksel Güran birlikdə evdəki xalça və süfrələri yuyub.

Narinin anasının evdə olan paltaryuyan maşına normadan çox örtük, süfrə və paltar atdığı üçün maşının xarab olduğu, ona görə də çirklilərin qohum Hediye Güranın evindəki maşınla yuyulduğu müəyyən olunub. Xüsusilə evin girişindəki əsas zalın və Narinin qətlə yetirildiyi otaqdakı bütün örtüklərin yuyulduğu üzə çıxıb.

Evin döşəməsinin də dəfələrlə kimyəvi təmizləyicilərdən istifadə edilərək silindiyi bəlli olub.
Bundan əlavə, bütün ailə üzvləri, xüsusilə Hediye, Maşallah və Yüksel Güranlar 21 avqustda azı 2 dəfə hamamda çimib, əmi Salim Güran uzun müddət yuyunub və maşınını qapının qarşısında yuyaraq təmizləyib.

Narinin 21 avqust saat 15:15-də evə gəldikdən dərhal sonra qətlə yetirildiyi müəyyən edilib. Onun cəsədi evdən çıxarıldıqdan sonra əmi Salim Güran saatlarla ailə üzvləri və yaxın çevrəsi ilə telefon danışıqları aparıb. Danışıqların əksəriyyəti vatsap vasitəsilə baş tutub. Sözügedən müzakirələrdə əmiyə sübutların üzə çıxmaması üçün yardım edildiyi bəlli olub.

Hüquq-mühafizə orqanları hadisədən dərhal sonra əmi Salim Güranın təlaşlı şəkildə hərəkət etdiyini öyrənib. Bu vəziyyətə kənddən olan, lakin qohum olmayan bir nəfər şahidlik edib. Hadisələri uzaqdan izləyən bu şəxsin hüquq-mühafizə orqanları ilə əlaqə yaratdığı və daha sonra gizli şahid olduğu bildirilir.

Jandarmın apardığı araşdırma ilə əmi Salim Güranın evində hadisədən əvvəl təhlükəsizlik kamerasının olduğu, lakin qətldən dərhal sonra qeyri-işlək vəziyyətə gətirildiyi də məlumatlar arasındadır. Bənzər şəkildə digər əmi Hüseyin Güranın evində olan səsli qeydiyyat aparan təhlükəsizlik kamerasının da söndürüldüyü, hər iki evdəki kameraların əvvəlki tarixdəki bütün görüntülərinin xüsusi proqramla silindiyi aşkarlanıb.

Buna baxmayaraq jandarmın hər iki təhlükəsizlik kameralarının hard disklərini ələ keçirərək Türkiyə Elmi və Texnoloji Araşdırmalar qurumuna göndərdiyi öyrənilib.

Araşdırmalar nəticəsində məktəbin açarının əmi Güranda olduğu, onun hadisədən sonra məktəbə gedərək təhlükəsizlik kamerası görüntülərini izlədiyi üzə çıxıb.

Görüntülərin silinməsi və ya montaj olunub-olunmadığının aşkarlanması üçün həmin kameraların hard disklərinin də araşdırılmağa verildiyi qeyd edilib.

Xatırladaq ki, N.Güranın qətlinə görə anası və qardaşı da daxil olmaqla 12 nəfər saxlanılıb. Ekspertiza 8 yaşlı qızın boğularaq öldürüldüyünə rəy verib. İstintaq davam edir.

 

 

0.016540050506592