MOSSAD peycerlərə partlayıcını necə yerləşdirib? - TƏFƏRRÜAT
İsrail kəşfiyyat xidməti MOSSAD Livanın Hizbullah qruplaşmasının Tayvandan gətirdiyi 5 min peycerə partlayıcı yerləşdirib.
Paralel.az xəbər verir ki, "Reuters" bu barədə öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edək ki, bir gün əvvəl Livanda peycerlərin partlaması nəticəsində 4 min adam yaralanıb, 11 nəfər həlak olub.
Livan təhlükəsizlik xidmətinin məlumatına görə, peycerlər Tayvanın "Gold Apollo" şirkəti tərəfindən istehsal edilib. Lakin şirkət bunu təkzib edərək istehsalın Tayvan brendindən istifadə etmək üçün lisenziyası olan BAC tərəfindən həyata keçirildiyini bildirib. Bu şirkət Avropada yerləşir, lakin konkret hansı ölkədə rəsmi olaraq göstərilməyib.
“Reuters”in yazdığına görə, MOSSAD bombardman planını bir neçə ay ərzində hazırlayıb. Belə ki, sifariş edilən 5 min peycer ilin əvvəlində Livana gətirilib. Ehtimal olunur ki, İsrail onlara partlayıcı yükləyib.
MOSSAD kodu alan cihazın içərisinə partlayıcı olan lövhə yerləşdirib. Onu hər hansı bir vasitə ilə aşkar etmək çox çətindir.
Nəşrin yazdığına görə, 3000 peycerə kodlu mesaj göndərildikdən sonra partlayışlar eyni vaxtda baş verib.
İddialara görə, peycerlərə 3 qrama qədər partlayıcı yerləşdirilib və "Hizbullah" bir neçə ay ərzində onları aşkar edə bilməyib. Qətərin “Əl-Cəzirə” telekanalının mənbəsi isə bildirib ki, partlamış peycerlərdə 20 qram partlayıcı olub.
ABŞ-də yerləşən "Əl-Monitor"un məlumatına görə, hadisə iki "Hizbullah" üzvünün cihazlara partlayıcı maddələrin yerləşdirildiyini aşkar etməsindən dərhal sonra baş verib.
Kəşfiyyat mənbələrinin verdiyi məlumata görə, "Hizbullah" üzvləri peycerlərinə bomba qoyulduğunu görməsəydilər, hücum həyata keçirilməyəcəkdi. Bildirilib ki, İsrail əvvəlcə Hizbullahla genişmiqyaslı müharibə vəziyyətində təşkilata strateji üstünlük əldə etmək üçün peycerləri partlatmağı planlaşdırıb, lakin çərşənbə axşamı bunu etmək məcburiyyəti qarşısında qalıb.
ABŞ rəsmisi hücumla bağlı belə bir ifadə işlədib: “Ya istifadə etmə, ya da itirmə anı idi”.
Mürtəza
Paralel.az