Alimlər sosial şəbəkələrdə niyə aktiv deyil? - dos. İlham Əhmədov

Alimlər sosial şəbəkələrdə niyə aktiv deyil? - dos. İlham Əhmədov
 

Xaricdə yaşayan azərbaycanlı alimlərin forumunda çıxışı zamanı ETN naziri E. Əmrullayev alimlərə irad bildirib. Nazir alimlərin sosial şəbəkələrdən uzaq olduğunu deyib: "Hərdən alimlərə sual verirəm ki, niyə sosial şəbəkələrdə aktiv deyilsiniz?”
Nazir bir müddət əvvəl də deyirdi ki, biz alimləri iclaslara dəvət etmirik. Çünki, onların vaxtına dəyər veririk, qoy onlar elmlə məşğul olsunlar. Amma bunun həqiqətən də alimlərin vaxtına qənaət məqsədi ilə edildiyi inandırıcı deyil.
Əslində bu alimin vaxtını dəyərləndirməyin göstəricisi deyil, bu elmə, alim sözünə, alim rəyinə biganəliyin göstəricisidir.
Çünki, alim məclisində söz demək, fikir bildirmək, müzakirə aparmaq çətindir, məsuliyyətlidir.
Alimin vaxtına real dəyər verənlər, gərək alimə elə maaş verələr ki, o dolanmaq üçün vaxtını elmə aid olmayan başqa fəaliyyətlərlə sərf etməsin (repetitorluq, əlavə dərs demək v. s.). Alim gərək qiymətli vaxtını yalnız elmə sərf etsin. Amma bunu görmürük.
Bəs alimlər müxtəlif ölkələrə konfranslara gedirlər, bir neçə gün konfranslarda vaxt itirirlər (əksər hallarda da heç ezamiyyə pulu da verilmir, ya qarşı tərəfin maliyyəsi hesabına, ya da alimin az maaşından ayırdığı şəxsi vəsaiti hesabına). Yəni bu konfransların təşkilatçıları iştirakçı 150-200 alimin vaxtını dəyərləndirmirlər?
İndi də alimləri sosial şəbəkələrə dəvət edilirlər. Bəs alimin sosial şəbəkələrdə itirdiyi vaxt "vaxt" deyil? Burda itiriləcək vaxta niyə dəyər verilmir?
Sosial şəbəkə elmi platforma deyil. Burda yalnız əvvəlcədən yaradılmış kiçik qruplarda (peşəkar forumlarda) maraqlı tərəflər üçün elmi tədqiqatların gedişi və ya nəticələri barədə məlumat paylaşmaq olar. Bunun üçün isə əvvəlcə elmi tədqiqat aparılmalıdır ki, nəticələr olsun, müzakirələr aparılsın. Elmi tədqiqat isə maliyyə tələb edir. Maliyyə olmasa, tədqiqat da olmaz.
Elm zəif maliiələşən ölkələrdə elmin inkişaf vektorlarından biri də elm və təhsilin inkişafına ayrılan qrantlardır. ETN 2 ildir yaradılıb. Bu müddətdə alimlərə neçə qrant verilib? Gəlin bunları müzakirə edək. Deyəcəklər ki, maliyyə azdır, bəs onda özəl biznesə, özəl uşaq bağçalarına niyə 3,5 milyon qrant verirsiniz?
Elm yalnız investisiya əsasında inkişaf edə bilər.
Cənubi Koreyanın illik elm xərci 95 milyard $, bizim illik elm xərcimiz isə 95 milyon $. Fərq 1000 dəfədir. Gəlin bundan danışaq. Onlar ildə 21000, biz isə 30 patent alırıq.
C. Koreyada, Çində elmə ÜDM-nin 2,5 %-3% -i, bizdə isə 0,2 % ayrılır.
Çində elmə ayrılan büdcə ildə 10 % artır.
Dünyanın TOP-500 Elmi Tədqiqat Mərkəzi (ETM) siyahısında bizim 1 Elmi mərkəzimiz yoxdur.
Elmi kadrların kəmiyyət və keyfiyyət baxımından təkmilləşdirilməsinə ehtiyac var. Universitetlərimizdə işləyən müəllimlərimizin cəmi 45 % alimdir, bu rəqəm ilbəil azalır, çünki, gənclərin elmə gəlməyə heç bir stimulu yoxdur, həm də doktoranturaya qəbul proseduru və tələbləri ölkənin zəif təhsil sisteminin səviyyəsindən xeyli yüksəkdir (xüsusən də xarici dil imtahanı bir kabusa çevrilib). Elmə gələnlərin də böyük əksəriyyəti qadınlardır. Bu problemlərin müzakirəsi sosial şəbəkələrdə iştirakdan daha vacibdir.
Əgər elm normal maliyyələşməsə, elmi nəticələr olmayacaq. Bəs maliyyə və elm yoxdursa, onda nə edək?
Onda, alimlər maliyyəsiz apardıqları "tədqiqatları" pulsuz sosial şəbəkələrdə müzakirə etsinlər? Bunun üçünmü alimlərimiz sosial şəbəkələrdə "aktiv" olmalıdırlar?

0.069244861602783