Rusiya XİN: “Şimal-Cənub” dəhlizi nəqliyyat və logistika sektorunda fokus fenomenə çevrilib
“Şimal-Cənub” dəhlizi nəqliyyat və logistika sektorunda fokus fenomenə çevrilib. İndi orada aktivlik nəzərəçarpacaq dərəcədə artıb”.
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski “İzvestiya” nəşrinə müsahibəsində deyib.
“Bu, təkcə şimaldan cənuba hansısa dəhliz deyil, bu, bütöv bir marşrut şəbəkəsidir: İndi Azərbaycan və İranla birlikdə inkişaf etdirdiyimiz qərb marşrutu həm də Qazaxıstan, Türkmənistan, İranla bağlı olan şərq qoludur.
Bütün bunlar Rusiyadan Cənub ölkələrinə malların çatdırılması üçün etibarlı marşrutların olması üçün edilir.
İlk növbədə İranın cənubuna, oradan Hind okeanına çıxışı olan Fars körfəzinə qədər, dünyanın qalan hissəsi ilə Avropadan olan keçmiş tərəfdaşlarımızın və ya ABŞ-dan olan opponentlərimizin verə biləcəyi siyasi qərarlardan asılı olmayaraq ticarət edə bilək. Şimal-Cənub nəqliyyat işimizdə ən böyük prioritetdir”, - deyə o qeyd edib.
Xatırladaq ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında hökumətlərarası saziş 2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanıb.
Hazırda 12 ölkə, o cümlədən Tacikistan, Qazaxıstan, Azərbaycan, Belarus və Oman sazişin iştirakçılarıdır.
Uzunluğu 7,2 min km olan marşrut Sankt-Peterburqdan (Rusiya Federasiyası) Mumbay limanına (Hindistan) qədər uzanır.
“Şimal-Cənub” dəhlizi 3 marşrutdan: Transxəzər (dəmir yolları və limanlardan istifadə edilməklə), qərb və şərq (quru) marşrutlarından ibarətdir.