Türkiyədə təcili enən Hindistan təyyarəsində bomba tapılmayıb
Hindistanın “Vistara” aviaşirkətinin Mumbaydan Frankfurta uçan və bomba qeydinə görə təcili olaraq Türkiyənin Ərzurum hava limanına eniş etməli olan təyyarənin göyərtəsində partlayış təhlükəsi təsdiqini tapmayıb.
“Report” xəbər verir ki, bu barədə Ərzurum valisi Mustafa Çiftçi bəyan edib.
“Minatəmizləmə mütəxəssisləri təyyarəyə baxış keçiriblər. Partlayış təhlükəsinin təsdiqlənmədiyi müəyyən edilib. Hava limanında uçuşlara qoyulan qadağa aradan qaldırılıb”, - deyə o bildirib.
Qeyd edək ki, Mumbay-Frankfurt reysini yerinə yetirən Hindistanın “Vistara” aviaşirkətinə məxsus təyyarədə sərnişinlərdən biri salfetin üzərinə “Təyyarədə bomba var” yazıb.
Ərzurum hava limanına təcili eniş edən təyyarə ilə əlaqədar Türkiyə dövlət orqanları Ərzurum üzərində hava məkanını bağlayıb. Təyyarədən 234 sərnişin və 13 ekipaj üzvünü təxliyə edib və təcili yardım çağırıb.