Təhsilin inkişafı iqtisadi tərəqqiyə xidmət etməlidir
"DÜZGÜN SUALLAR QOYMAQLA, MÜZAKİRƏ VƏ TƏDQİQATLAR APARMAQLA TƏHSİLİ İNKİŞAF ETDİRMƏK OLAR"
(ETN. E. ƏMRULLAYEV)
Ali təhsil tariximizdə ən çox qəbul planı bu il olub. Növbəti illərdə qəbul planı daha da artacaq.
Eyni zamanda imtahan sualları asanlaşır, keçid balı ilbəil aşağı düşür.
Son illər ilbəil universitetlər daha çox tələbə qəbul edir. Bu vəziyyət nə məktəb təhsilinin inkişafı ilə, nə də konkret universitetin imici ilə əlaqəli deyil.
Bu sadəcə son 30 ildə ali təhsildə düzgün inkişaf strategiyası və planlaşmanın olmaması, son 2 ildə qəbul planlarının qeyri mütənasib artması ilə əlaqədardır.
Əmək bazarı və məşğulluq sahəsində 7-8 il əvvəldən müvafiq addımlar atılmalı idi.
2 ildən sonra, ölkədə ali təhsilli işsizlərin sayı daha da artacaqdır. Yəni, dövlətin və vətəndaşın ödədiyi təhsil haqqı, tələbələrin aldığı təhsil krediti səmərəsiz olacaq.
Bütün bunlar normal ali təhsil siyasətinin olmaması, ali təhsilli kadr hazırlığının əmək bazarı tələblərinə uyğunlaşmadığının təzahüridir.
Bu səbəbdən ali təhsil siyasəti, ali təhsil strategiyası ölkənin sosial iqtisadi inkişaf proqramları ilə koordinasiya edilməlidir.
Keyfiyyətsiz və arxaik ali təhsil sistemi, gənclərin illərini və pullarını alacaq, real inkişaf isə olmayacaq, bu gənclərin çoxusu biliksiz qalacaqlar.
Bu kimi problemlər gec də olsa həll edilməlidir, əks halda ölkə inkişafdan geri qala bilər.
Avropanı demirəm, Türkiyə, İran, Rusiya, Qazaxstan, Gürcüstan niyə belə təhsil siyasəti yürütmür?
Təhsil məmurları hesab edirlər ki, ali məktəblərə qəbul planının kəskin artması təhsil haqqı olaraq pulların ölkədən xarici universitetlərə axmasının qarşısını ala bilər.
Bu növbəti səhv fikirdir. Necə olur ki, əksər istehlak malları xaricdən idxal ediləndə (milyardlarla dollar həcmində), bu bizdə narahatlıq yaratmır, amma bu məbləğın cəmi 1% həcmində pul təhsil haqqı kimi xarici universitetə yönələndə bizdə narahatlıq yaradır? Və ya, bu məbləğdən on dəfələrlə artıq məbləğ xaricdə təhsil dövlət proqramı vasitəsi ilə Avropa universitetlərinə yönəldilir, bu problem olmur, amma vətəndaş öz vəsaiti ilə gedib xaricdə təhsil alanda bu problem olur? Bu halda hətta diplomların tanınmasına süni problemlər də yaradılır. Bu səhv qərarlar ölkədə normal təhsil siyasətinin olmaması ilə əlaqəlidir.
Xaricə axan təhsil pullarının qarşısını almağın ən yaxşı yolu ölkədə təhsilin keyfiyyətini yüksəltmək, ali təhsilin əlyetərliyinə nail olmaqdır. Bunun ən səmərəli yolu, ölkədə distant təhsilə, MOOK, COURSERA kimi açıq, kütləvi onlayn kurslara milli təhsilimizdə geniş meydan verməkdir.
4SİM bu istiqamətdə təqdirə layiq işlər görür. Bu il 4SİM və TİF birgə 10 min gəncimizə COURSERA vasitəsi ilə pulsuz olaraq qısamüddətli, əlavə təhsil almaq imkanı yaratdı. Bu addım hesab edirik ki, ETN -nin son 30 ildə etdiyi azsaylı yaxşı layihələrdən biri oldu. Yəni, ETN yaxşı ki, bu kurslara həmişəki kimi maneçilik yaratmadı.
4SİM-nin əhali tərəfindən bəyənilən bu layihəsi, gələn il də davam edəcək. Artıq süni intellektin köməyi ilə xeyli onlayn kurslar azərbaycan dilinə tərcümə edilib, 2025-ci ildə artıq 200 min gənc pulsuz olaraq bu yolla faydalı biliklər alacaqlar. Belə kurslar həm gənclərin biliklərində olan boşluqları doldura bilər, həm də onları əmək bazarına daha yaxşı hazırlaşdırar.
Bütün bu məsələlər vaxtında və düzgün həll edilməsə, gələcəkdə ali təhsil sahəsində xaos yarana bilər.
Ali təhsilin proqnozlaşdırılması, layihələndirilməsi, təşkili və idarəedilməsi ənənəvi olaraq səthi yanaşmalarla həyata keçirilərsə, ölkə universitetlərini inkişaf etdirmək, rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaq mümkün olmayacaq.
Dosent İlham Əhmədov
Paralel.az