Ölkələrin suverenliyi onların texnoloji suverenliyindən asılıdır
Bu gün bir çox ölkələr elmin iqtisadi inkişafda və milli təhlükəsizliyin təmin edilməsində aparıcı rolunu nəzərə alaraq bu sahəyə daha çox investisiya edirlər. Region ölkələrindən xüsusən RF, İran, Türkiyə, Qazaxstan elmi və elmi-texnoloji inkişafa daha çox diqqət edirlər.
RF nümunəsində bu məsələlərin vəziyyətinə diqqət edək. RF-da hərbi, iqtisadi və sosial problemlər olmasına rəğmən keçən il elmin maliyyələşməsi sahəsində mühüm qərarlar qəbul edidi: elmin yeni strateji hədəfləri müəyyən edildi, elmi və elmi-texnoloji inkişaf üçün yenilənmiş strategiya təsdiq edildi.
Müasir Rusiyanın tarixində ilk dəfə olaraq texnoloji liderlik milli inkişaf məqsədinə çevrildi. Buna nail olmağa yönəli strateji məqsədlərdən biri də (bu son dərəcə iddialı səslənir) elmi xərclərin 2030-cu ilə qədər ÜDM-in 2%-ə çatdırılmasıdır (bizdə 30 ildir ki, elmə ÜDM 0,1 % ayrılır).
Proqnozlara görə 2030-cu ilə qədər RF ÜDM təxminən 3 trilyon $ yaxın olacaq. Bunun 2% olaraq, elm üçün hər il 60 milyard $ ayrılması nəzərdə tutulur.
Eyni zamanda mühüm strateji vəzifə, RF-nın 2030-cu ilə qədər elmi tədqiqat və inkişaf baxımından dünyanın ilk on ölkəsi sırasında olmasını təmin etməkdir.
Bu vəzifə indiki reallıqda RF üçün çox çətin işdir. Çünki, bu günkü inkişaf tempi qarşısında, hətta yerində qalmaq üçün çox sürətlə irələ qaçmaq lazımdır, o ki, ola inkişaf etmək üçün.
RF bu reytinqlərdə indi 9-cu yerdədir.
Elmi-texniki inkişaf, xalqın intellektual potensialının artırılması ilə bağlı hökumət qarşısında böyük vəzifələr qoyulub. Onların həlli isə aydın şəkildə qurulmuş prioritetlər sistemini tələb edir. Bu prioritetlər 7 istiqamət üzrə təyin edilib.
Maraqlıdır, bizim ETN ölkəmizdə elmi və elmi-texnoloji inkişaf haqqında nə düşünür?
Bu sahənin inkişafı üçün hansı strategiyalar təklif edəcək? Edəcəkmi ? Nə vaxt?
Artıq 2 ildir bu qurum təhsillə yanaşı, həm də elmə məsuldur.
Hələlik isə elm, təhsil və innovasiyalar üzrə bütün qlobal reytinqlərdə təəssüf ki, aşağı pillələrdəyik.
Məlumdur ki, hər bir ölkə üçün elm və təhsil sahəsi milli təhlükəsizliyin mühüm istiqamətləridir.
ETN bu prioritet məsələləri necə və nə vaxt həll edəcək? Hansı potensialla?
Axı indi dünyanın hərbi, siyasi, iqtisadi və texniki inkişafı çox yüksək templə inkişaf edir. Qonşu ölkələr də inkişafdadırlar, yerində saymırlar.
Bu gün hər bir ölkənin suverenliyi, ilk növbədə onun texnoloji suverenliyindən daha çox asılıdır.
Bizim də suverenliyimiz bu gün daha çox ETN-nin keyfiyyətli fəaliyyəti və peşəkarlığından asılıdır. ETN bunu təmin edə biləcəkmi?
Dos. İlham Əhmədov
Paralel.az