“Şah İsmayılın atası xətaylı bir türk bəyinin nəslindən törədiyi üçün...”

“Şah İsmayılın atası xətaylı bir türk bəyinin nəslindən törədiyi üçün...”
 

Bu il Səfəvi dövlətinin qurucusu, şair Şah İsmayıl Xətainin vəfatının 500-cü ildönümüdür. Fəaliyyəti, şəxsiyyəti geniş maraq doğuran Xətai haqqında Azərbaycan mühacirləri də bir sıra məqalələr qələmə alıblar. Məhəmmədəmin Rəsulzadə, Əbdülvahab Yurdsevər, Əli Gəncəli kimi siyasət və ədəbiyyat xadimlərinin şahın soykökü, gördüyü işlər barədə yazıları mövcuddur.

Azərbaycan Cümhuriyyətinin Zəngəzurdan olan parlament üzvü Məhəmmədsadıq Aran 1942-ci ildə İstanbulda “Sənan Azər” imzası ilə çap etdiyi “İran türkləri” əsərində Şah İsmayılla bağlı maraqlı bir hissə verib. Həmin hissədə “Xətai” təxəllüsü ilə bağlı irəli sürdüyü iddialar mübahisəli olsa da, düşündürücüdür. Zamanında rəsmi dövlət qərarı ilə Türkiyədə qadağan olan “İran türkləri” kitabındakı Şah İsmayılla bağlı hissəni dilimizə uyğunlaşdıraraq təqdim edirik:

Şah Xətai – Şah İsmayıl Səfəvi

Türkiyədə “Xətay” kəlməsi Xətay vilayətinin Türkiyəyə ilhaqından sonra, yəni üç il əvvələ qədər bilinmədiyi və istifadə edilmədiyi kimi, bu sözün aidiyyəti və mənası dəxi yanlış anlaşılır və “xəta” mənasında təfsir edilirdi. Bu kəlmənin böyük bir türk qəbiləsinin adı olduğunu kimsə bilməzdi. Bu gün də yenə Xətay sözünün yalnız Türkiyədə bir vilayət adı olduğu və xətaylı deyilincə yalnız orada yaşayan türklərin nəzərdə tutulduğu məlumdur, başqa yerlərdə dəxi bu adda bir türk zümrəsinin varlığından xəbəri olanlar azdır. Türkiyə-Fransa arasında dörd-beş il əvvəl Xətay məsələsi alovlandığı əsnalarda bir fransız qəzetinin mühərriri Antakyadakı türklərdən bu sualı soruşmuşdu: “... siz xətaylılar, əski yurdunuz olan İrandakı Azərbaycan ölkəsinə - Təbriz bölgəsinə - dönmək istəyərsinizmi?” Bu sual xətaylılardan böyük bir qisminin Azərbaycanda yerləşmiş olduğunu və avropalıların bunu bizdən daha yaxşı bildiyini göstərən bir dəlildir. Bunun bizim bilməməyimiz nə qədər həzindir... “Xəta” deyil, Xətay, Xitay və yaxud Kıtay şəklində istifadə edilməsi gərəkən bu kəlmə böyük bir saf türk boyunun adıdır ki, bu türk boyunun önəmli bir bölüyü İran Azərbaycanında yaşamaqdadır. Təbriz şəhərinin kamilən türk olan 300 min əhalisinin 40 minə yaxın bir qismi xətaylıdır. Onların məhəllə adı Xətaylı məhəlləsi, küçə, hamam, məscid və hətta əsrlik çinar ağacının adı belə xətaylı çınardır. Xətaylıların bir qolu da Ərdəbil şəhəri və ətraf kəndlərində yerləşmişdir.

Bunun kimi azəri türk şairlərindən böyük Füzulinin də mənsub olduğu Bayat türk qəbiləsinin bir qismi Ərəbistanda – İraqda Kərkük civarında, bir qolu İranda Sultanabad şəhəri və civarında, bir bölüyü də Qafqaz Azərbaycanının Göyçay qəzasının Bərgüşad nahiyəsində yerləşiblər. Bu yayılmanın bəzi yanlış təfsirlərə yol açmasından olacaqdır ki, professor Rza Şefak “İran ədəbiyyatı tarixi” adlı əsərində Füzulini İran şairi olaraq göstərməkdədir.

Başlıqda adını qeyd etdiyimiz Şah Xətai, Şah İsmayıl Səfəvinin atası dəxi bugünkü İranın Ərdəbil şəhəri çevrəsində yerləşən xətaylı bir türk bəyinin nəslindən törədiyi üçün özünə əcdadından yadigar qalan bu türk adını bir şərəf və fəxr ləqəbi olaraq almışdır. Bu şair Çaldıran müharibəsində Yavuz Sultan Səlim tərəfindən məğlub edilən məşhur Şah İsmayıl Səfəvidir ki, Şah Xətai ləqəbi ilə azəri-türk ədəbiyyatında mühüm bir yer tutmaqdadır. Müfəssəl İran ədəbiyyatı tarixini yazan ingilis alimi Eduard Braun Şah İsmayıla dair məzkur əsərində 50 səhifəlik bir yer ayırmasına rəğmən Şah Xətainin ədəbi yazıları haqqında məlumat verməməkdədir. Ona aid yazılarında sırf dini, siyasi, ictimai, fəlsəfi məlumat nəşr etməkdədir. İki türk sultanı olan və döyüşən orduları dəxi əsasən türklərdən ibarət olan Yavuz Sultan Səlimlə Şah İsmayıl arasında baş verən Çaldıran savaşından öncə göndərilən məktub, nota və ultimatumlar təfsilatla izah edildikdən sonra Braun belə deyir: “... 

Yavuz Sultan Səlim məktublarında özünü əfsanəvi İran şahlarına bənzədir, Şah İsmayılı isə “Türk Əfrasiyab” deyə təhqir etmək istəyirdi... Şah Xətainin orduları mosullu, şamlı, rumlu və ilaxır kimi türk qəbilələrindən mürəkkəbdi. Döyüş meydanında onlar daima türkcə “qurban olduğum”, “sədəqə olduğum”, “mürşidim”, “pirim”... kimi cümlələr istifadə edirdilər. Hətta Şah İsmayılın paytaxtını İsfahana nəql etdikdən və vəfatından yüz il keçdikdən sonra da yenə türk dili Səfəvilər sarayında ən mühüm dil sayılırdı”. (“İran ədəbiyyatı tarixi”, professor Eduard Braub, Tehran, 1316 şəmsi).

Şah Xətai 1478 miladi ilində Ərdəbildə doğmuş, 16 yaşlarında Təbrizdə səltənətini elan etmiş, 1523 tarixində də vəfat etmişdir. Böyük Füzulidən sonra özü ilə bir şeir məktəbi təsis edən qüvvətli bir şairdir. Əlyazma divanı Ərdəbildəki məqbərəsindədir. Heca və əruz vəznində təsəvvüfi şeirləri çox qüvvətlidir. Aşağıdakı nümunələr onundur: 

Gəl, a könül, xoş görəlim bu dəmi,
Bu da böylə qalmaya bir gün ola.
Kişi çəkmək gərək qüssəyi, qəmi,
Haqdan gəlir, hər nə gəlsə bir qula.
Biz də bilirik ki, dostu, qardaşı,
Bulamadım bir qara gün yoldaşı.
Dost keçinib yüzə gülən qəllaşı,
Bahasıdır, satmaq gərək bir pula.
Xətayi, dünyanın ötəsi fani,
Bizdən əvvəl bunda gələnlər qani?
Sanma daim şad yürüyə düşməni,
Bir gün olur növbət ona da gələ.

Qəzəl

... Görüb kuyində dildarın rəqibi çəkmə ğəm hərgiz,
Məsəldir güldərənlər ağlamaz gülşəndə xarindən.

Köçüb hər masəvadən talibi-didar оlan aşiq
Əlin çəkmək gərək, ey dil, cəhanın cümlə varindən.

Xəyali-yar ilə qane оlub meyli-vüsal etmə,
Şikayət eyləməz sadiq оlanlar ruzigarindən.

Xətayi ölməgə can verməyüb meydani-eşq içrə
Yezid olsun, dönərsə Mürtəzanın Zülfiqarından”.

Müəllif: Dilqəm Əhməd, Paralel.az 

 

 
0.010844945907593