İnternet tarifləri niyə artırıldı?

İnternet tarifləri niyə artırıldı?
 

Bu gündən (15.08.2024) etibarən ölkəmizdə internet provayderlərinin tarifləri artırılır. Yəni internet provayderləri tərəfindən nəzərdə tutulan dəyişikliklərdən sonra sürəti 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifli fiber optik internet xidmətlərinin 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzlənəcək. Çox bəsir formada izah etsək, Aztelekom və Baktelekom deyir ki, mən 40 Mbit/s olan sürəti ləğv edirəm, minimum 100 mbit/s olan sürətli internet satıram. Mənim aşağı sürətli internet paketim yoxdur. Bununla həm sürət artırılır, həm də qiymət.

İlk baxışda belə görünə bilər ki, burada qeyri-adi bir şey yoxdur. Aztelekom və Baktelekom kimi şirkətlər 2,5 dəfə yüksək sürət internet paketi müqabilində guya müştərilərinə cəmi 7 manat artırmaqla onlara yaxşılıq etmiş olur. Lakin bunun arxasında mühüm iqtisadi maraqlar və digər amillər durur. Həmin maraqları aşağıdakı istiqamətlər üzrə təsnifatlaşdırmaq olar:

ƏVVƏLA qeyd edək ki, standart istehlakçılar üçün 100 mbit/s həddindən artıq sürətdir. Sadə vətəndaş sadəcə aşağı və ya orta sürətli internet sürəti almaqda daha çox maraqlıdır, nəinki sürətli internet paketi almaqda. Araşdırmalara görə ölkə əhalisinin 99%-i 40 mbit/s sürət istifadə edir. İnternet istifadəçiləri indi demək olar ki, 60 mbit/s, 80 mbit/s və 100 mbit/s tariflərin olmasına baxmayaraq onları almaqdan imtina edir. Bununla müştərilərin alternativ xidmətlərdən istifadə hüququ məhdudlaşdırılır. Əgər ən aşağı sürətli (40 mbits) internet paketi üzərində yoğunlaşma (konsentrasiya) varsa, bu əhalinin həm aşağı gəlirlilik, həm də tələbatının bu nöqtəyə yaxın olduğunu göstərir. Əhalinin bu nöqtədən süni sürətdə çıxarmağın adı nədir, onu anlamaq çox da çətin deyil: provayderlərin yüksək marja istəyi!

İKİNCİ: Aztelekom, Baktelekom və Azevrotel təbii inhisarçı şirkətlərdir. Bunlardan 3-ü (Aztelekom, Baktelekom, Azevrotel) Rəqəmsal İnkişaf nə Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindədir. DSK-nın məlumatlarına görə ölkədə 1.6 milyon internet abunəçisi var. Onun da 60%-dən çoxu saydığınız təbii inhisarlara aiddir. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi 163 provayder şirkəti qeydə aldığı digərlərinin bazar payı isə cəmi 1% civarındadır. Bunların müştəriləri daha sürətli internet paketi (100bits) almağa təhrik etməklə əslində bazarda oliqopolist güclərini artırmaqla monopolist mövqelərə yaxınlaşırlar. RİNN də həmin təbii inhisarçı şirkətlərin bu cür tarif artımlarına susqunluq nümayiş etdirməklə əslində müştərilərin hüquqlarının pozulmasına rəvac vermiş olur.

ÜÇÜNCÜ: Son 3 il üzrə əksər müştərilərin istifadə etdikləri internet qarşılığında ödədiyi tariflərə diqqət edək. 2022-ci ilə qədər 10 Mb/s – 12.5 manat idisə, 2022-ci ildə 30 Mbit/s – 18 manat oldu. İndi də 100 Mb\s üçün 25 manat olur. İnternet sürətində fərqlər nəzərə alınmaqla internet müştəriləri indi 2022-ci ilə qədər dövrlə müqayisədə düz 2 dəfə daha çox ödəniş edəcək. Deyək ki, bu 3 ildə ölkədə hansı məhsul və xidmətlər 2 dəfədən çox artıb ki, internet ödənişləri bunun müqabilində də 100% artıb? Demək burada təbii inhisarçı internet provayderləri inhisarçı mövqelərindən istifadə edib daha böyük pullar qazanırlar. Bunun adı inhisar qiymətləri hesabına yüksək gəlir əldə etmək fürsətidir.

DÖRDÜNCÜ: Uzun illər tənzimləmə strukturu (Tarif Şurası) bir qayda olaraq tariflərin yüksəldilməsinə rəvac verməklə yanaşı az qala həmin dövlətin təbii inhisarçı şirkətlərinin uğurlu vəkilliyini həyata keçiriblər. İstehlakçıların maraq və mənafelərini qorumaq yerinə, istehsalçıları və ya xidmət göstərən biznes subyektləri müdafiə ediblər. Onların qiymət artımlarına haqq qazandırıblar. Lakin ədalət naminə qeyd etmək lazımdır ki, bu dəfə dövlət qurumlarından olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti internet qiymətlərinin artıran provayderlərin bu addımını pisləyiblər. Açığı bu yeni reallıq və paradoksal haldır.

Onlar öz rəsmi saytlarında internet provayderlərinin bu addımına belə mövqe bildiirblər: “Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb. Bununla da bahalaşma ilə daha aşağı internet sürəti seçmək istəyən müştərilərin seçim imkanı məhdudlaşıb”.

BEŞİNCİ: Ölkədə internet tarfiflərinin 30 faizə yaxın bir həddə artırılmasının doğra bildiyi risklər də istisna olunmur. Bu qərardan sonra aztəminatlı insanlar, bölgələrimizdə yaşayanlar, həssas sosial qrupların internetdən imtina halı da arta bilər. Çünki Maslonun “Ehtiyaclar Piramidası”na görə insan ilk növbədə zəruri istehlak məhsulları əldə edir, sonra mənəvi ehtiyacların ödəmək, sosial ehtiyaclara zərurət duyur. Əgər onun xərclərində ərzaq məhsulları ağırlıq təşkil edirsə, bu zaman onun digər sosial və ya mənəvi ehtiyaclarına marağı demotivasiya olunacaq. XXI əsri internet əsri adlandırıldığı bir dövrdə ölkə vətəndaşlarının bahalı internetə çıxış imkanları onu həmin əsrdən daha çox orta əsrdə yaşamaq mənasına gəlir.

Məsələyə eyni zamanda insan hüquq və azadlıqları kontekstində da baxmaq lazımdır. Bildiyimiz kimi artıq bir neçə ildir ki, BMT özünün rəsmi sənədlərində dünyada internetə çıxış imkanları iqtisadi resurslara çıxış sahəsi kimi deyil, daha insan hüquq və azadlıqları məsələsi kimi baxır. Bu baxımdan internet tariflərinin yüksəldilməsi hesabına ölkə vətəndaşlarının internetə daxil olmaq imkanları əngəllənərsə, buna təkcə iqtisadi amil kimi deyil, insanların hüquq və azadlıqlarının məhdudlaşdıırlması cəhdi kimi qiymətləndirilməlidir.

Məmməd Talıblı, İqtisadi Təhlil İnsitutunun rəhbəri

Paralel.az 

0.017723798751831