Qazaxıstanlı politoloq Zamir Karajanovun AZƏRTAC-a müsahibəsi

 Qazaxıstanlı politoloq Zamir Karajanovun AZƏRTAC-a müsahibəsi
 

Qazaxıstanlı politoloq Zamir Karajanov AZƏRTAC-a müsahibəsində yuxarıda qeyd olunan format çərçivəsində nəqliyyat dəhlizlərinin inkişafı, iqtisadi inteqrasiya və enerji tərəfdaşlığı sahəsində əldə olunan əsas nailiyyətləri xüsusi qeyd edib.

- Orta Dəhlizin beynəlxalq ticarətdə daha cəlbedici olmasının səbəbi nədir?

- Azərbaycanın strateji mövqeyi son iki ildə yükdaşıma həcmlərinin əhəmiyyətli dərəcədə artması ilə təsdiqlənir. Lakin onun əhəmiyyəti təkcə tranzit dəhlizləri ilə məhdudlaşmır. Azərbaycanın inkişaf etmiş iqtisadiyyatı region ölkələrini müxtəlif sahələrdə ticarət və əməkdaşlıq əlaqələrini fəal şəkildə genişləndirməyə sövq edir.

Azərbaycanın tranzit yükdaşımalarının inkişafına töhfə verən Orta Dəhliz layihəsində iştirakı xüsusi əhəmiyyət kəsb edir. Geosiyasi gərginlik nəqliyyat marşrutlarının şaxələndirilməsinin zəruriliyini vurğulayır. Müəyyən dövrlərdə dəniz yollarından daha cəlbedici olduğu ortaya çıxan Orta Dəhliz, həmçinin konteyner daşımalarının sabitliyi və tarif siyasəti sayəsində beynəlxalq ticarət iştirakçıları üçün getdikcə daha cəlbedici bir seçimə çevrilir. Fars körfəzindəki vəziyyət və Süveyş kanalındakı problemlər bu marşruta tələbatı daha da artırır.

-Dayanıqlı iqtisadi inkişafın və dünya bazarlarına çıxışın təmin edilməsində Qazaxıstanın dəmir yolu layihələrinin əhəmiyyəti və Azərbaycanın nəqliyyat təhlükəsizliyində rolu nədən ibarətdir?

- Qazaxıstanda Çini Xəzər regionu ilə birləşdirən əlavə dəmir yolu xətləri tikilir. Söhbət təkcə yükdaşımalardan deyil, həm də onların həcmlərinin daha da artırılmasından gedir ki, bu da bizim maraqlarımıza uyğundur. Açıq okeana və dənizə birbaşa çıxışı olmayan bir dövlət olaraq, biz inkişafımızda əsas rol oynayan nəqliyyat əlçatanlığına xüsusi önəm veririk.

Azərbaycan nəqliyyat təhlükəsizliyinin təmin edilməsində və digər ölkələrin, o cümlədən qeyri-MDB ölkələrinin bazarlarına sabit çıxışın təmin edilməsində mühüm rol oynayır. Bu, ölkələrimizin rifahına və iqtisadi artımı saxlamaq imkanlarına birbaşa təsir göstərir və indiki şəraitdə xüsusi əhəmiyyət kəsb edir.

- Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması məqsədinə nail olmaq ehtimalı nə qədərdir?

- Bu gün fəal əməkdaşlıq mövcuddur ki, bu da yəqin ki, Azərbaycanın öz iqtisadiyyatının potensialından istifadə edərək Mərkəzi Asiyada gedən proseslərə inteqrasiya etmək istəyindən xəbər verir. Xüsusən, 2023-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin 500 milyon dolları ötdüyünü nəzərə alsaq, gələcək inkişaf üçün yaxşı perspektivlər yaranıb. Hazırkı məqsəd 1 milyard dollarlıq dövriyyəyə nail olmaqdır. Bu hədəf regional əlaqələrin və əməkdaşlığın gücləndirilməsi kontekstində kifayət qədər real görünür.

- Qlobal geosiyasi qeyri-sabitlik şəraitində regional əməkdaşlığın gücləndirilməsi Mərkəzi Asiya ölkələri və Azərbaycan üçün hansı üstünlükləri və imkanları təmin edir?

- Dünya qlobal geosiyasi turbulentlik fonunda Mərkəzi Asiya ölkələri və Azərbaycan üçün daha az proqnozlaşdırılan xarakter alır. Bu vəziyyətdə regionumuz üçün ən böyük sabitlik və etibarlılıq ən yaxın qonşularımızla sıx əməkdaşlıq şəraitində təmin edilir. Son illərdə regional əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilir ki, bu da ölkələrimiz arasında iqtisadi artımın təmin edilməsinə töhfə verməklə yanaşı, davamlı inkişafa, iqtisadi təhlükəsizliyin gücləndirilməsinə şərait yaradır. Biz bilirik ki, Qazaxıstan xaricdən məhsul idxal edir, amma, eyni zamanda, onları region daxilində istehsal və emal edə, regional bazarlarını doldura, habelə özümüzü geosiyasi şoklardan qoruya bilərik.

Pandemiya zamanı sərhədlərin bağlandığı və karantinlərin bütün dünyada ərzaq tədarükünü məhdudlaşdırdığı bir şəraitdə qiymətlərin artması müşahidə olundu. Gələcəkdə analoji halların baş verməməsi üçün regional əməkdaşlığın və kooperasiyanın gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ticarət dövriyyəsinin artırılması və yerli istehsalçıların dəstəklənməsi zəruridir. Eyni zamanda, biz regionda rəqabət mühiti yaradırıq ki, bu da məhsulların keyfiyyətinin yüksəldilməsi və maya dəyərinin aşağı salınması üçün mühüm amildir.

- Azərbaycan ilə Qazaxıstan arasında mövqelərin və ümumi maraqların üst-üstə düşməsi, eləcə də Azərbaycanın Qoşulmama Hərəkatındakı rolu regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə necə töhfə verir?

- Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Astanada Mərkəzi Asiya ölkələrinin ardıcıl altıncı və ikinci məşvərət toplantısı keçirildi. Azərbaycanın belə tədbirlərdə iştirakı onun regiondakı mühüm rolunu vurğulayır. Ölkənizlə əməkdaşlığımız təkcə məşvərət görüşləri çərçivəsində deyil, həm də müxtəlif regional platformalar üzrə inkişaf edir ki, bu da qarşılıqlı fəaliyyətimizdə olan sabitlikdən və ardıcıllıqdan xəbər verir.

Azərbaycan Qoşulmama Hərəkatının üzvü kimi hazırkı şəraitdə həm qlobal, həm də regional vəziyyətə uyğun gələn mövqedən çıxış edir.

Son məşvərət görüşləri açıq şəkildə göstərir ki, Mərkəzi Asiya ölkələri regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə böyük əhəmiyyət verir. Bu kontekstdə Azərbaycan bizim üçün əlverişli tərəfdaşdır. Bir çox beynəlxalq platformalarda Azərbaycan və Qazaxıstanın ümumi maraqlarını əks etdirən mövqelərimizin üst-üstə düşdüyünü qeyd edirik. 

Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən Avropaya yaşıl enerji ixracı barədə nə deyə bilərsiniz?                             

- Enerji sahəsində əməkdaşlıq geniş spektrə malikdir. Ənənəvi neft tədarükü ilə yanaşı, biz yaşıl enerjinin Azərbaycan vasitəsilə Avropaya ixracı imkanlarını nəzərdən keçiririk. Qazaxıstan bərpaolunan enerji mənbələri sahəsində əhəmiyyətli potensiala malikdir ki, bu da regionun enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ixracı da şaxələndirəcək.  Dünyada mütəmadi olaraq münaqişələr yaranır ki, bu da qlobal iqtisadiyyatı qeyri-sabit və gözlənilməz edir, habelə yüksək artım templərini qoruyub saxlamağı çətinləşdirir. Belə bir şəraitdə biz yalnız bir-birimizlə əməkdaşlığa və öz gücümüzə arxalana bilərik.                       

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

0.016581058502197