Ermənistan havadarlarının oyunlarına uyaraq regionu yeni təhlükələrə sürükləyir
Ermənistan havadarlarının oyunlarına uyaraq regionu yeni təhlükələrə sürükləyir.
Bunu "Report"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib
O qeyd edib ki, ABŞ və Avropa İttifaqı (Aİ) Ermənistanı silahlandırıb orada möhkəm dayaq quraraq regional təhlükəsizlik sisteminin qarşısını almaq, öz layihələrini həyata keçirmək istəyirlər.
"Son illərin təcrübəsi göstərir ki, regionda yeni təhlükəsizlik arxitekturası qurulur və bu arxitekturanın qurulmasında əsas aparıcı oyunçular region ölkələridir. "3+3" formatı da buna hesablanıb. Burada məqsəd odur ki, Cənubi Qafqaz və qonşu ölkələr həmin formatda iştirak etsinlər, onların maraqları uzlaşsın və beləliklə regional təhlükəsizlik təmin edilsin. Lakin qeyri-regional oyunçular bunu istəmirlər. Onlar regional təhlükəsizlik sistemini istədikləri kimi görmək üçün bizim regionumuza müdaxilə edirlər", - deyə İ.Vəlizadə qeyd edib.
Ekspert bildirib ki, regiondan kənarda olan oyunçular regionda gedən proseslərin onların maraqları ilə uzlaşması üçün burada öz hərbi-siyasi mövcudluqlarını təmin etmək istəyirlər:
"Ermənistan isə təəssüf ki, həmişə olduğu kimi kənar qüvvələrin əlində alətə çevrilir. Ermənistanın hakim dairələri elə hesab edirlər ki, bu yolla onların maraqları təmin olunacaq, ancaq yanlış fikirdir. Təcrübə göstərir ki, həmişə sifarişçinin maraqları öndə olur, digər tərəflərin marağı önəm kəsb etmir, sadəcə Ermənistanda bunu başa düşmürlər. Beləliklə, regionda yeni çəpərlər, ziddiyyətlər ortaya çıxır. Bu proseslər isə çox gərgin geosiyasi fonda baş verir. İran-İsrail münasibətləri gərginləşib, regionda yeni müharibə gözlənilir. Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Azərbaycan və İrana səfər edir. Çünki regional təhlükəsizlik sistemi təhdidlərlə üzləşə bilər. Amma Ermənistan yeni havadarlarının oyunlarına uyaraq regionu yeni təhlükələrə sürükləyir".